Modern.az

Netanyahu Trampa söz verdi: ABŞ istəməsə, İrana zərbə endirməyəcək

Netanyahu Trampa söz verdi: ABŞ istəməsə, İrana zərbə endirməyəcək

Dünya

Bu gün, 13:08

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Vaşinqtonun tələbi olmadan İsrailin İrana qarşı öz təşəbbüsü ilə hərbi əməliyyat keçirməyəcəyini bildirib.

Modern.az xəbər verir ki, bu barədə Associated Press agentliyi İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu Trampla danışıqlar zamanı vurğulayıb ki, əgər İran İsrailə hücum edərsə, Təl-Əviv cavab zərbələri endirmək hüququnu özündə saxlayır.

Baş nazir həmçinin bildirib ki, İsrail İranla bağlı əldə etdiyi yeni kəşfiyyat məlumatlarını ABŞ-a ötürməyə davam edəcək. O, Vaşinqtonun İran məsələsində Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini nəzərə almağa məcbur olduğunu anladığını qeyd edib.

Netanyahu Trampa İsrailin İran məsələsində ABŞ-a tam etibar etdiyini və Amerika liderinin verəcəyi istənilən qərarı dəstəkləyəcəyini də bildirib.

Qeyd olunur ki, Netanyahu ilə Trampın görüşündən əvvəl Al-Monitor portalı mənbələrə istinadən İsrail baş nazirinin ABŞ prezidentinə İrana qarşı yeni zərbə planlarını təqdim etməyi planlaşdırdığını yazmışdı. Məlumata görə, potensial hədəflər sırasında İranın sənaye obyektləri, körpüləri və dəmir yolu infrastrukturu yer alırdı.

Xatırladaq ki, ABŞ və İran arasında növbəti gərginlik iyulun 8-də başlayıb. ABŞ ordusu Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olaraq İran ərazisinə bir neçə zərbə endirib. Həmin gün Donald Tramp İranla əldə olunmuş atəşkəsin başa çatdığını bəyan edib.

Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ obyektlərinə hücumlar təşkil edib. İyulun 24-də isə tərəflər qarşılıqlı zərbələri dayandırıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Avqustun 1-nə qədər 1 milyon adam orduya çağırılsın! - Putindən ƏMR