İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtonda olduğu müddətdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməkdən imtina edib.
Modern.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, əvvəlcə Zelenskinin ofisi Netanyahu ilə görüş təşkil etmək üçün İsrail baş nazirinin dəftərxanası ilə əlaqə saxlayıb. Lakin İsrail tərəfi bu müraciətə cavab verməyib.
Ukraynalı mənbənin iddiasına görə isə əksinə, görüş təşəbbüsü əvvəlcə Netanyahu administrasiyasından gəlib. Zelenski tərəfi razılıq verdikdən sonra isə iyulun 28-dək İsrail tərəfindən heç bir cavab verilməyib. Daha sonra İsrail rəsmiləri vaxt azlığını əsas gətirərək görüşün baş tutmayacağını bildiriblər.
Çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp Ağ evdə Netanyahu və Zelenski ilə ayrı-ayrılıqda görüşlər keçirib.
Həmin gün onlar senator Lindsi Qremin dəfn mərasimində də iştirak ediblər. "Haaretz" yazır ki, mərasim zamanı Zelenski Netanyahuya yaxınlaşıb və tərəflər qısa fikir mübadiləsi aparıblar.
Qəzet bildirir ki, Netanyahu administrasiyası məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Nəşr xatırladır ki, Netanyahu ilə Zelenski sonuncu dəfə 2023-cü ilin sentyabrında BMT Baş Assambleyası çərçivəsində görüşüblər. Həmçinin qeyd olunur ki, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumundan sonra Zelenski həmrəylik nümayiş etdirmək məqsədilə İsrailə səfər etmək istəsə də, bu müraciət rədd edilmişdi.