Son vaxtlar Rusiya Silahlı Qüvvələrində yüksək vəzifələr tutan generalların ard-arda sui-qəsdə məruz qalması fonunda Prezident Vladimir Putinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müvafiq addınlar atılıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın bəzi Teleqram kanallarında dərc olunmuş məlumatlarda bildirilib.
İddia olunur ki, Vladimir Putin şəxsi mühafizəsinin gücləndirilməsi ilə bağlı qərar verib.
Rusiya mediasının məlumatına görə, Putin genişmiqyaslı müharibənin başlanmasından sonra dördüncü dəfə şəxsi mühafizə xidmətinin ştatını artırıb.
Vladimir Putinin şəxsi mühafizəçiləri təsadüfi insanlar deyil. Onlar Federal Mühafizə Xidməti daxilində fəaliyyət göstərən "Prezidentin Təhlükəsizlik Xidməti" adlı xüsusi bölmədən seçilirlər.
Federal Mühafizə Xidməti Rusiyanın ən qapalı təşkilatlarından biridir. 1996-cı ildə yaradılan bu xidmətin əsas vəzifəsi prezidentin, yüksək vəzifəli dövlət rəsmilərinin, strateji obyektlərin və rəsmi tədbirlərin təhlükəsizliyini təmin etməkdir. Xidmət keçmiş SSRİ dövründən miras qalan və “KQB”nin elit strukturuna əsaslanan ciddi seleksiya prosesi ilə formalaşır.

Araşdırmalara görə, Vladimir Putinin yanında görünən cangüdənlər sadəcə “vitrin”dir. Görünməyən təhlükəsizlik əməkdaşları, snayperlər, müşahidəçilər, kəşfiyyat dronları və xüsusi rabitə ilə təmin olunanlar da var. Hər rəsmi səfərdən əvvəl prezidentin gedəcəyi məkan günlərlə yoxlanılır.
Putinin mühafizəçiləri əsasən, müxtəlif döyüş sənətlərində atletik dərəcələri və ya titulları olan şəxslərdir.
Qərb mətbuatındakı araşdırmalarda etiraf olunur ki, Vladimir Putinin təhlükəsizliyi hərbi və texnoloji cəhətdən yüksək səviyyədə qorunur. Onun cangüdənləri təkcə fiziki deyil, həm də siyasi və informasiya təhlükəsizliyini təmin edən elit kadrlardır. Onlar prezidentin etibarlı şəxsləri hesab olunurlar.
Putinin mühafizəçiləri onu bütün daxili və xarici səfərlərində müşayiət edir və təyyarədə prezidentlə birlikdə uçurlar. Mühafizəçilər Putinin bütün iqamətgahlarına, mənzillərinə nəzarət edirlər.
Rusiya prezidentinin səfərləri zamanı müşayiət heyəti iki hissəyə bölünür: bəziləri birbaşa Putinlə gedir, digərləri isə təyinat yerinə əvvəlcədən çatırlar.
Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksey Rubejnoydur. O, 2016-cı ilin 28 iyununda Rusiya Prezidentinin Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilib. Rubejnoy Putini hər yerdə müşayiət edir və onun iki metrlik məsafəsində dayanır.
A.Qorxmaz