Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin yekun nəticələri açıqlanıb. Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.
Onun sözlərinə görə, hakim “Yedinaya Rossiya” partiyası yeni çağırış Dövlət Dumasında 349 mandat əldə edib.
"“Yedinaya Rossiya” 349 mandat qazanıb: onlardan 140-ı federal seçki dairəsi, 209-u isə birmandatlı seçki dairələri üzrədir”, - deyə Pamfilova Rusiya MSK-nın Dövlət Dumasına seçkilərin nəticələrinə həsr olunmuş iclasında bildirib.
Rusiya Kommunist Partiyası 37, Liberal Demokrat Partiyası (LDPR) 23, “Yeni insanlar” 19, “Ədalətli Rusiya” isə 17 mandat əldə edib. “Rodina” partiyası 1 mandat qazanıb. Bundan əlavə, 4 müstəqil namizəd də Dövlət Dumasına seçilib.
Pamfilova bildirib ki, IX çağırış Dövlət Dumasına Rusiyanın Ukraynada apardığı müharibədə iştirak etmiş və ya veteran statusu daşıyan 46 nəfər seçilib. Onlardan 41-i “Yedinaya Rossiya” partiyasının nümayəndəsidir.
E.Pamfilovanın sözlərinə görə, seçkilərdə iştirak səviyyəsi son üç parlament seçkisi ilə müqayisədə rekord həddə çatıb.
“Seçkilərdə seçicilərin 59,8 faizindən çoxu, demək olar ki, 60 faizi iştirak edib. Dəqiq desək, 67 milyon 448 min 94 nəfər səsverməyə qatılıb. Bu, son üç parlament seçkisi üzrə rekord göstəricidir”, - deyə o bildirib.
Moskva da daxil olmaqla, distant elektron səsvermədə iştirak edən seçicilərin ümumi sayı 7 milyonu ötüb.
IX çağırış Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək üç gün ərzində keçirilib. Rusiya Prezidenti Vladimir Putin seçkiləri ölkənin daxili siyasi həyatında ən mühüm hadisə adlandırıb.
Dövlət Dumasına seçkilərlə yanaşı, Rusiyanın müxtəlif regionlarında digər seçki kampaniyaları da keçirilib.