Rusiya Ukraynada keçirilən seçkilərdən sonra Kiyevlə danışıqları bərpa etməyə hazır idi, lakin Ukrayna Moskvanı hədəfə almağa və seçki məntəqələrinə hücum etməyə cəhd göstərib.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
Putinin sözlərinə görə, Kiyev Rusiyanın infrastruktur obyektlərinə hücumlarına verilən cavabın nəticələrini hiss etməli və “təxribatların, vəziyyətin gərginləşdirilməsinin nəticə verməyəcəyini” anlamalıdır.
Rusiya Prezidenti bildirib ki, Ukraynanın hücumları nəticəsində dəymiş zərər aradan qaldırılıb.
O, həmçinin iddia edib ki, Ukraynanın Rusiyanın istifadə etdiyi “Geran” pilotsuz uçuş aparatlarına qarşı effektiv mübarizə vasitəsi yoxdur.
Putinin sözlərinə görə, Rusiyanın cavab zərbələri Kiyev üçün “o qədər həssas olub ki”, Ukrayna tərəfi atəşkəs istəyib.
Rusiya lideri bildirib ki, münaqişənin sülh yolu ilə həllinə dair bütün təkliflər hazırda müzakirə masasındadır:
“Lakin bizim üçün nəyin daha məqbul olduğunu hələ düşünməliyik”.
Putin Rusiyanın Avropa üçün təhlükə yaratması və onunla mümkün müharibəyə hazırlaşmağın zəruriliyi barədə bəyanatları “vəziyyətin məqsədli şəkildə gərginləşdirilməsi və təxribat” adlandırıb.
Onun sözlərinə görə, Rusiya Avropa ilə müharibəyə hazırlaşmır və bunun üçün “heç bir motiv və əsas yoxdur”.
Putin, eyni zamanda, Avropadakı bəzi qüvvələrin Ukraynadan Rusiyanın inkişafını məhdudlaşdırmaq üçün istifadə etmək istədiyini iddia edib.