Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının iclası keçiriləcək. Sammitin əsas müzakirə mövzularından biri Ermənistanın təşkilatdakı gələcək statusu olacaq. İrəvan iki ildən artıqdır ki, üzvlük haqqını ödəmir və iclasda ölkənin səsvermə hüququndan məhrum edilməsi məsələsinə baxıla bilər.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın KTM sammitdə iştirak etmir. O, COP31 sammitində iştirak etmək üçün Türkiyəyə gedib.
Paşinyan daha əvvəl parlamentdə çıxışı zamanı Ermənistanın KTMT-dən çıxmasının tərəfdarı olduğunu və bu baş verərsə, bundan məmnun qalacağını bildirib. Onun sözlərinə görə, İrəvan qarşıdakı beş il ərzində təşkilat çərçivəsində fəaliyyətini fəallaşdırmaq niyyətində deyil və ölkənin KTMT-yə marağı tükənib.
Bununla belə, baş nazir Ermənistanın KTMT üzvlüyünü hansı alternativlə əvəzləyəcəyinə dair suala konkret cavab verməyib. O, yalnız Türkiyə və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsini qeyd edib. Ermənistanın NATO-ya üzv olmaq ehtimalı da hələlik açıq məsələ olaraq qalır.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin daha əvvəl TASS-a açıqlamasında Ermənistanın iki ildən artıqdır KTMT-yə üzvlük haqqı ödəmədiyini bildirib.
Onun sözlərinə görə, noyabrın 11-də keçiriləcək sessiyada borc ödənilənədək Ermənistanın təşkilatda səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul oluna bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu gün həmin məlumatı təsdiqləyib.
Bununla yanaşı, Lavrov Moskvanın İrəvanın təşkilatda tamhüquqlu iştiraka qayıtmaq imkanını bağlamaq niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistan üçün KTMT-nin qapısı “bağlanmır” və heç kim ölkəni təşkilatdan qovmaq niyyətində deyil.
Nazir həmçinin Ermənistanın KTMT-dən çıxmaqla bağlı rəsmi müraciətinin daxil olmadığını qeyd edib.
Moskva sammitində iştirakçılar Rusiyanın təşkilata sədrliyi dövründə görülən birgə işlərin yekunlarını müzakirə edəcək, regional və beynəlxalq gündəlikdəki məsələləri nəzərdən keçirəcək, həmçinin təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcəklər.
Liderlərin 2030-cu ilədək Antiterror Strategiyasını və yekun Bəyannaməni qəbul etməsi gözlənilir.
Bundan başqa, hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi və KTMT-nin Kollektiv Aviasiya Qüvvələrinin inkişafı ilə bağlı qərarların müzakirəsi nəzərdə tutulur.
Sammitdə, həmçinin 2027-ci ildə təşkilata sədrlik səlahiyyətlərinin Tacikistana verilməsinin təsdiqlənəcəyi gözlənilir. Tacikistan Prezidenti Emoməli Rəhmon qarşıdakı dövr üçün Düşənbənin prioritetlərini təqdim etməlidir.
Qeyd edək ki, Rusiyanın KTMT-yə sədrliyi 2026-cı il yanvarın 1-də başlayıb. Sədrlik “Çoxqütblü dünyada kollektiv təhlükəsizlik: vahid məqsəd, ümumi məsuliyyət” devizi altında həyata keçirilir.
Hazırda təşkilatın altı üzvü var: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.