Roma Papası XIV Lev Perunun paytaxtı Limada avtomobillə hərəkət edərkən ona atılan təsbehin gözünə dəyməsi ilə bağlı insident yaşayıb.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə pontifikin Perunun paytaxtında hərəkəti zamanı baş verib. İştirakçılardan biri tərəfindən atılan təsbeh papanın gözünə dəyib.
Hadisə 71 yaşlı Katolik Kilsəsinin rəhbəri Cənubi Amerika turunun sonuncu messasına qatılmaq üçün Las-Palmas aviabazasına papamobillə gedərkən baş verib.
Yayılan görüntülərdə təsbehin dəyməsindən sonra XIV Levin əlini üzünə apardığı və zədələnən gözünü ovuşdurduğu görünür.
Las-Palmas aviabazasında keçirilən yekun dini mərasimdə təxminən bir milyon insan iştirak edib.
“The Telegraph” qeyd edir ki, XIV Lev həyatının əhəmiyyətli hissəsini keçirdiyi və missionerlik fəaliyyəti ilə məşğul olduğu Perunu əvvəllər “ikinci vətəni” adlandırıb.