15 avqust 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələr Füzuli rayonunun Yağlıvənd kəndini bombalayıb. Hücum nəticəsində kəndin dinc sakinləri arasında ölən və yaralananlar olub.
Hdisənin üzərindən 34 il ötür. Həmin gün Yağlıvənd sakinləri üçün yaddaşlardan silinməyən ağır faciəyə çevrilib.
Modern.az xəbər verir ki, bombardman nəticəsində 7 nəfər Yağlıvənd sakini olmaqla 17 nəfər şəhid olub, 70-dən çox dinc sakin müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə zamanı yaralananların və şəhid olanların arasında uşaqların və qadınların da olduğu bildirilir.
Yağlıvənd faciəsi illər keçməsinə baxmayaraq unudulmayıb. Bu hadisənin tarixi, faciənin qurbanları və kənd sakinlərinin yaşadığı ağrılar sənədli filmə də mövzu olub.
“Yağlıvənd: Faciədən Zəfərə” adlı sənədli filmin ssenari müəllifi və rejissoru yazıçı Tağı Türkdür. "Oğuzfilm"in istehsalı olan ekran əsərinin çəkilişləri hadisənin baş verdiyi Yağlıvənddə, şahidlərin və faciə qurbanlarının ailə üzvlərinin iştirakı ilə aparılıb.
Film Yağlıvənd faciəsindən başlayaraq kəndin sonrakı taleyini, sakinlərin doğma yurda həsrətini və faciədən Zəfərə uzanan tarixi yolu əks etdirir. “Yağlıvənd: Faciədən Zəfərə” sənədli filmi İctimai Televiziyada da yayımlanıb.
34 il əvvəl yaşanan faciə unudulmur. Yağlıvənd şəhidlərinin xatirəsi ehtiramla yad edilir.