Paraqvay millisinin baş məşqçisi Gustavo Alfaro bildirib ki, Türkiyəyə qarşı necə qalib gələcəklərini bilirdilər və bunu meydanda həyata keçirdilər.
Modern.az xəbər verir ki, Türkiyə millisinə 1:0 hesabi ilə qalib gəldikləri oyundan sonra Alfaro deyib:
“16 illik arzumuzun 7 gün ərzində bitməsini istəmirdik və buna nail olduq.”
Təcrübəli mütəxəssis oyunun böyük həyəcan içində keçdiyini qeyd edərək bildirib:
“Oyunçularımın düzgün düşüncə tərzi ilə meydanda əllərindən gələni edəcəyinə inanırdım. ABŞ-la oyunda vəziyyət fərqli idi, orada ilk qolu buraxmışdıq, amma bu gün ilk qolu biz vurduq. Futbolda sabah nə olacağını heç kim bilmir. Bu gün məğlub olsaydıq, Avstraliyanı çox böyük hesabla məğlub etməli olacaqdıq. Buna görə Türkiyə matçının nə qədər vacib olduğunu bilirdik.
Oyunçularıma hücum etməyin, əgər kimisə tənqid etmək istəyirsinizsə, məni tənqid edin, demişdim. Çünki onların inancını bilirdim. Çox çətin bir həftə keçirdik. Hər şey sanki yanlış gedirdi. Dünya Kubokunda işlər yaxşı getməsə, bunun bədəlini ödəyirsiniz və mübarizəni dayandırırsınız. 16 illik arzumuzun 7 günə sona çatmasını istəmirdik və buna imkan vermədik. Futbol belədir, bitəndə çox ağrılı olur”.
Alfaro Türkiyəni çox yaxşı təhlil etdiklərini də vurğulayıb:
“Türkiyəyə qarşı necə qalib gələcəyimizi bilirdik və qalib gəldik. Türkiyə topa daha çox sahib oldu, daha çox qol vəziyyəti yaratdı. Nəticənin ədalətli olub-olmaması barədə müxtəlif fikirlər söyləmək olar, amma rəqib say üstünlüyündən lazımi şəkildə istifadə edə bilmədi.
Burada əsas məsələ taktiki düzülüş deyil, futbolçuların ruhudur. Əgər bu oyun çətin idisə, Avstraliya ilə oyun daha çətin olacaq, çünki bir çox futbolçumuz yoxdur. Matç boyu rəqibi müdafiə etməli olduq, amma bunu etdik. Çünki Dünya Kubokuna qayıtmaq üçün 16 il gözləmişik.
Hakan Çalhanoğlu, Arda Güler və İsmail Yüksek arasında yaranan əlaqəni pozduq. Kenan Yıldızı da təkbətək vəziyyətdə buraxmaq istəmirdik. Onun olduğu zonada sahə müdafiəsi qurduq. Arda pas verməyə çalışanda daim nəzarətdə saxladıq. Ən təhlükəli hücumlar isə sol cinahdan gəlirdi”.
Alfaro sonda əlavə edib:
“Paraqvayın işinin bitdiyini düşündüyünüz an Paraqvaydan qorxmaq lazımdır. Bu, məşqçi kimi yaşadığım ən gözəl günlərdən biri oldu. Təşəkkür mənə deyil, futbolçularıma düşür. Özümüzə olan inamı yenidən qazandıq.
Biz bura tarix yazmağa gəlmişik və yazacağımız tarixin gözəl olması üçün hər cür duyğu ilə mübarizə aparmalıyıq. Hakimə gəlincə, belə oyunları idarə etmək asan deyil. Yeni qaydalar tətbiq olunur. Bəzən müəyyən vəziyyətlərdə nəticə fərqli də ola bilərdi. Hər şey həmişə tam aydın olmur. Oyunun bütün qaydaları Paraqvay üçün də keçərli idi”.