ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə Dünya Çempionatında 2-ci tur başa çatdı. Hələlik Argentina, Braziliya, Fransa, Almaniya, Portuqaliya, İngiltərə kimi komandalar turnirin əsas gücləri olaraq qalırlar. Amma Kolumbiya, Mərakeş və Norveç kimi komandalar da yaxşı futbol nümayiş etdirirlər.
Builki çempionatda diqqətçəkən xüsusi bir çalar var: futbol nəhəngləri Ronaldo və Messinin mundialda iştirakı...
Bütün diqqət yenə onların üzərindədir. Çətin ki, 41 yaşlı portuqaliyalı və 38 yaşlı argentinalı növbəti Dünya Çempionatında (2030-cu ildə) iştirak etsin. Artıq nə Messi, nə də Ronaldo karyeralarının zirvəsindədirlər. Azarkeşlər də bilirlər ki, bundan sonrakı çempionatda onlar olmayacaq. Bu, son mundialdır ki, Messi və Ronaldo soyadı eyni turnirin emosional fonunu müəyyən edir. İdman ictimaiyyəti necə deyərlər, bir futbol tarixinin son səhifələrini oxuyurlar.
Buna görə Messi və Ronaldonun hər qolu, hər ötürməsi, hər uğursuzluğu adi futbol hadisəsindən daha böyük məna qazanır, müzakirə, mübahisə doğurur.
Dünyanın idman mətbuatını izlədikcə, bir daha əmin olursan ki, builki çempionatın əsas süjeti elə məhz onlarla bağlıdır.
Sosial şəbəkələrdə, televiziya studiyalarında və hətta ailə süfrələrində bir sual yenidən gündəmin mərkəzinə çıxır: Messi daha böyükdür, yoxsa Ronaldo? Hansı daha güclüdür, hansı yaxşıdır?
İlk baxışdan bu, adi futbol müzakirəsi kimi görünür. Ancaq məsələ bundan qat-qat dərindir. Əslində insanlar burada iki futbolçunu deyil, iki fərqli dünyagörüşü müdafiə edirlər.
Maraqlıdır ki, Messi və Ronaldonun müqayisəsi çox vaxt faktlardan uzaqlaşır. Statistikalar təqdim olunur, rekordlar sadalanır, qazanılmış kuboklar göstərilir. Amma tərəflər nadir hallarda fikirlərini dəyişirlər.
Niyə?
Çünki insanlar adətən sevdikləri futbolçunu onun göstəricilərinə görə seçmirlər. Onlar öz xarakterlərini həmin futbolçuda görürlər.
Messi tərəfdarları onun təbii istedadını, sakit xarakterini və oyundakı incəliyini vurğulayırlar. Onların gözündə Messi insanın doğuşdan gətirdiyi qabiliyyətin simvoludur.
Ronaldo tərəfdarları isə başqa hekayəyə inanırlar. Onlar hesab edirlər ki, uğur zəhmətlə qazanılır. Ronaldo onların gözündə intizamın, fədakarlığın və sonsuz inkişaf istəyinin canlı nümunəsidir.
Beləliklə, mübahisə futbol meydançasından çıxaraq həyat fəlsəfəsinə çevrilir.
İnsanlar niyə "öz qəhrəmanlarını" müdafiə edirlər?
Psixoloqlar buna "qrup identifikasiyası" deyirlər.
Bir insan uzun illər müəyyən bir futbolçunu dəstəkləyirsə, artıq ona yönələn tənqid bir növ həmin azarkeşə yönəlmiş hücum kimi qəbul olunur.
Ona görə də sosial şəbəkələrdə tez-tez belə mənzərə yaranır:
Messi qol vurur – Ronaldo tərəfdarları susur.
Ronaldo rekord qırır – Messi tərəfdarları yeni arqument axtarır.
Heç kim geri addım atmır.
Çünki burada söhbət artıq futbolçudan yox, mənsubiyyət hissindən gedir.
Maraqlı paradoks var.
Messi və Ronaldo bir-birinə rəqib olsalar da, əslində onların şöhrəti bir-birini qidalandırıb.
Əgər Ronaldo olmasaydı, bəlkə də Messi bu qədər böyük görünməyəcəkdi.
Əgər Messi olmasaydı, Ronaldonun rekordları bu qədər qiymətli qəbul edilməyəcəkdi.
İki zirvə bir-birini daha da ucaltdı.
Tarixdə nadir hallarda eyni dövrdə iki belə nəhəng futbolçu meydana çıxıb. Məhz buna görə onların rəqabəti futbol tarixinin ən böyük fərdi qarşıdurmalarından biri hesab olunur.
2000-ci illərdə “Messi-Ronaldo mübahisəsi” əsasən stadionlarda və idman proqramlarında aparılırdı.
Bu gün isə vəziyyət fərqlidir.
Sosial şəbəkə alqoritmləri insanların emosiyalarını qidalandırır. Daha sərt fikir daha çox paylaşılır. Daha aqressiv status daha çox baxış toplayır.
Nəticədə "Messi yaxşıdır" və ya "Ronaldo güclüdür" kimi fikirlər maraq doğurmur.
Amma "Ronaldo bitib" və ya "Messi şişirdilmiş futbolçudur" kimi fikirlər minlərlə reaksiyaya səbəb olur.
Beləcə, futbol mübahisəsi emosional qarşıdurmaya çevrilir.
Əslində kim qalib gəlib?
Bu sualın obyektiv cavabı yoxdur.
Bir tərəf dünya çempionluğunu əsas gətirəcək.
Digər tərəf rekordları və fərdi nailiyyətləri önə çəkəcək.
Bir qrup istedadı üstün tutacaq.
Başqa qrup zəhməti daha qiymətli hesab edəcək.
Amma bəlkə də ən doğru cavab budur: Qalib futbolun özüdür.
Çünki milyonlarla insanı illərlə ekran qarşısında saxlayan, uşaqları futbola həvəsləndirən, stadionları dolduran və bir nəsli futbola aşiq edən məhz bu rəqabət oldu.
İllər sonra insanlar dəqiq xatırlamayacaqlar ki, hansı mövsümdə Messi neçə qol vurmuşdu və ya Ronaldo hansı rekordun sahibi idi.
Amma onlar bir şeyi unutmayacaqlar:
Bir dövr vardı ki, futbol dünyası iki hissəyə bölünmüşdü.
Bir tərəf "Messi!" deyirdi.
Digər tərəf "Ronaldo!".
Və hər iki tərəf əmindir ki, tarix onların seçdiyi futbolçunu ən böyük kimi xatırlayacaq.
Bəlkə də futbol tarixinin ən gözəl tərəfi elə budur: bəzən cavabı olmayan suallar milyonlarla insanı eyni oyunun ətrafında birləşdirə bilir…
A.Qorxmaz