Azərbaycanda təbii fəlakətlərdən qaynaqlanan risklərin qiymətləndirilməsi və proqnozlaşdırılması üçün ilk dəfə xüsusi risk modeli hazırlanıb.
Modern.az xəbər verir ki, bunu XI Azərbaycan Beynəlxalq Sığorta Forumu - 2026 çərçivəsində İcbari Sığorta Bürosunun (İSB) İcraçı direktorunun müavini Seymur Mirzəyev bildirib.
Onun sözlərinə görə, model yaxın müddətdə istifadəyə veriləcək və təbii fəlakətlərlə bağlı risklərin daha dəqiq qiymətləndirilməsinə imkan yaradacaq:
“Hazırda sığorta sektorunda bir sıra yeni rəqəmsal layihələr üzərində də iş aparılır. “Open Insure Data” və “Insure Bus Gateway” layihələri məlumat əsaslı qərarların qəbulunu dəstəkləmək və sığorta şirkətlərinin əməliyyat səmərəliliyini artırmaq məqsədi daşıyır. Ölkədə bütün sığorta məhsulları tam rəqəmsallaşdırılıb və onların idarə olunması elektron platformalar üzərindən həyata keçirilir”.
İSB rəsmisi qeyd edib ki, yaradılan imkanlar xarici ölkələrdə qeydiyyatda olan nəqliyyat vasitələrinin sahiblərini də əhatə edir:
“Belə ki, Azərbaycana səfər edən şəxslər tələb olunan sığorta məhsullarını ölkəyə gəlməzdən əvvəl onlayn qaydada əldə edə bilirlər.
Vətəndaşların sığorta xidmətlərinə çıxışını asanlaşdırmaq üçün şəxsi sığorta kabineti də təkmilləşdirilib. Bu platforma vasitəsilə istifadəçilər bir sıra əməliyyatları məsafədən yerinə yetirə, qiymətləndirmənin nəticəsindən narazı olduqları halda müstəqil ekspert təyin edə və ekspertiza rəyləri ilə onlayn şəkildə tanış ola bilirlər”, - deyə o əlavə edib.