Ankara sammitinin qapalı qapıları arxasında maraqlı detallar üzə çıxıb.
Modern.az xəbər verir ki, "The Guardian"ın məlumatına görə, NATO-ya üzv ölkələrin liderləri sammit çərçivəsində dünya çempionatı mövzusuna toxunmamaq barədə qeyri-rəsmi razılığa gəliblər.
Buna səbəb kimi Avropa siyasətçilərinin ABŞ prezidenti ilə münasibətlərdə gərginlikdən çəkinməsi göstərilir. Məlumata görə, bu ehtiyatlılığın kökündə ABŞ yığmasının turnirdəki qalmaqallı çıxışı dayanır.
Xatırladaq ki, 1/16 finalda Bosniya və Herseqovina ilə matçda (2:0) amerikalı hücumçu Folarin Balogun VAR-ın müdaxiləsindən sonra birbaşa qırmızı vərəqə almışdı. Lakin FİFA gözlənilmədən oyunçunun cəzasını dayandırıb. Bu qərar sayəsində o, 1/8 finalda Belçikaya qarşı meydana çıxa bilib. Həmin oyun isə ABŞ-ın 1:4 hesablı ağır məğlubiyyəti ilə başa çatıb.
Daha sonra məlum olub ki, Donald Tramp bu vəziyyətlə bağlı FİFA prezidenti Canni İnfantino ilə şəxsən iki dəfə telefon danışığı aparıb. Sammitin gündəliyindəki digər vacib mövzulara kölgə salmamaq üçün liderlər amerikalıların Belçika ilə matçdakı uğursuzluğunu müzakirə etməməyə qərar veriblər.