Elektron ticarətin sürətlə inkişaf etdiyi dövrdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Geyimdən məişət texnikasına, kosmetikadan qida məhsullarına qədər minlərlə məhsul cəmi bir neçə kliklə sifariş edilir. Lakin alıcıların seçim prosesində təkcə qiymət və məhsulun xüsusiyyətləri deyil, digər istifadəçilərin yazdığı rəylər də həlledici rol oynayır. Bir çox hallarda insanlar sifariş verməzdən əvvəl ilk olaraq rəy bölməsini oxuyur, məhsulu istifadə edən şəxslərin təcrübəsinə əsasən qərar verir.
Xüsusilə mənfi rəylər alıcının fikrini qısa müddətdə dəyişə bilir. Bəzən bəyənilən, hətta almağa qərar verilən məhsul belə bir neçə neqativ şərhdən sonra etibarını itirir. Digər tərəfdən, müsbət rəylərin çoxluğu məhsula olan inamı artırır və satışlara birbaşa təsir göstərir. Məhz buna görə də elektron ticarət platformalarında rəy bölməsi artıq sadəcə istifadəçi fikirlərinin toplandığı yer deyil, alıcı davranışını formalaşdıran əsas amillərdən biri hesab olunur.
Bununla yanaşı, onlayn alış-veriş zamanı yazılan bütün rəylərin obyektiv olub-olmaması da müzakirə mövzusudur. Bəzi hallarda məhsulun təqdim olunan şəkillərdən fərqli olması, keyfiyyətin gözləntiləri doğrultmaması və ya çatdırılma prosesində yaşanan problemlər mənfi rəylərin artmasına səbəb olur. Digər tərəfdən, saxta və sifarişli rəylərin mövcudluğu, eləcə də insanların mənfi fikirlərə psixoloji olaraq daha çox diqqət yetirməsi alıcıların qərarına təsir edən mühüm amillər sırasındadır.
Bəs istehlakçılar məhsulun özündən narazıdırlar, yoxsa rəylərin yaratdığı təsir onların seçimlərinə daha çox istiqamət verir? Mənfi şərhlər həqiqətən məhsulun keyfiyyətini əks etdirir, yoxsa alıcıların qərarvermə prosesində psixoloji təsir daha güclü rol oynayır?
Ekspertlər hesab edirlər ki, onlayn alış-verişdə rəylər vacib göstərici olsa da, onlara tənqidi yanaşmaq və məhsulu müxtəlif meyarlar əsasında qiymətləndirmək daha düzgün seçim etməyə kömək edir.
Mövzu ilə bağlı SMM meneceri və təlimçi Fərid Ağazadə Modern.az-a açıqlama verib.
O, məntiqlə alış-veriş etməyin, emosiyalardan daha üstün olduğunu söyləyib:
“Hazırda qlobal miqyasda kütləvi troll əməliyyatı var ki, şirkətlər xüsusi komandalar yaradaraq saxta istifadəçilər adıyla rəqib şirkətləri rəy bölməsində pisləyirlər. Bəzən real istifadəçilər də bunu etmiş ola bilər. Lakin eyni məhsul hər zaman pis rəy formalaşdıra bilməz. Nəzərə alsaq ki, ambarlarda milyonlarla məhsul paketlənir və bu proses pərakəndə formada həyata keçir. Bu zaman səhvliklər ola bilər. Bu artıq şans məsələsidir. Ayaqqabı cütünün fərqli ölçülərdə olması hər zaman rastlanan bir xəta deyil. Amma bu hal baş verdiyində dərhal neqativ rəy bildirilir.
Məncə belə hallarda şirkət haqqında mənfi rəy yazanda şirkətin problemə yanaşma şəkillərinə görə qərar vermək lazımdır. Problem həll olunursa ehtiyac yoxdur. Problemə biganə yanaşılırsa daha artıq tədbirlər görmək lazımdır. İzləyicilər hər mənfi rəyə görə qərar verməməlidirlər. Bəzən bu bilərəkdən, bəzən səbrsizcə verilən qərarın nəticəsi olan rəy ola bilər.
Ümumiyyətlə, hazırkı dövrdə könüllü troll dəstəsi də var ki, azarkeşi olduğu hüquqi şəxsin lehinə hərəkət etmək üçün rəqibləri korkoranə şəkildə pisləyir. Məsələn film sənayesində “Breaking Bad” serialı uzun illərdir ki, IMDB reytinqinə görə ilk pillədəydi. Daha sonra “Game of Thrones” serialının davamedici serialı olan “Knight of the seven kingdoms” serialının reytinq olaraq “Breaking Bad”dən aşağı pillədə olması fanatları hiddətləndirdi və fanatlar təşkilatnaraq “Breaking Bad” serialına aşağı bal verərək, illərlə davam edən maksimum bal reytinqini aşağı saldı. Və “Breaking Bad” azarkeşləri də əks həmlə edərək, həm “Game of Thrones”un, həm də davam edən serialının balını aşağı saldı. Eqo müharibəsində hər iki serialın göstəricisi aşağı düşdü.
Yəni belə durumda yeni bir izləyici, yazılan şərhlərə və reytinq balına güvənsə o zaman hər iki şah əsər olan serialı izləməyəcək. Halbuki hər ikisinin milyarda qədər izləyicisi var. Eynən onlayn satışda da bu eqo müharibəsi və ya qərəzli davranışlar ola bilər. Şirkətlər bunun qarşısını almaq üçün izləyicilərdən maddi sübut almalıdır, deyə düşünürəm. Real sübut olsa bu hallar minumuma düşə bilər. Onlayn alış-veriş edən şəxslər sadəcə məntiqlə hərəkət etməlidir. Mənfi rəy yazan şəxsin profilinin reallığını araşdırmalıdır”.
Nicat Rüstəmzadə