Modern.az

Orta Dəhliz Azərbaycanla Özbəkistanın ortaq hədəfidir - deputat

Orta Dəhliz Azərbaycanla Özbəkistanın ortaq hədəfidir - deputat

İqtisadiyyat

Bu gün, 14:50

Azərbaycan–Özbəkistan əlaqələri ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, qarşılıqlı hörmət və etimada, xalqlarımız arasında nəsildən-nəslə ötürülən dostluq və qardaşlıq ənənələrinə əsaslanır. Dövlət başçılarımız arasında mövcud olan dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər ölkələrimiz arasında hərtərəfli əlaqələrin, xalqlarımız arasında isə qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verir.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri müavini Azər Badamov bildirib. 

"Ölkələrimiz arasında imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərimizin dövlətlərarası sənədlərlə rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu sənədlər Azərbaycan–Özbəkistan əlaqələrinin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib, əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açıb.

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi baxımından mühüm institusional mexanizmə çevrilib. Şuranın Bakı və Daşkənddə keçirilən iclasları yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin daha səmərəli əlaqələndirilməsinə xidmət edir.
Siyasi münasibətlərimizin yüksək səviyyədə olması, dövlət başçılarının qarşılıqlı səfərləri, yeni sənədlərin imzalanması və Ali Dövlətlərarası Şuranın fəaliyyətinin müntəzəm xarakter alması iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlər yaradır.

Hesab edirəm ki, yaxın illərdə xüsusilə nəqliyyat-logistika, sənaye kooperasiyası, qarşılıqlı investisiyalar, enerji, kənd təsərrüfatı və turizm sahələrində daha böyük irəliləyişlər əldə etmək mümkündür. Eyni zamanda, rəqəmsal texnologiyalar və müasir kommunikasiya imkanları da əməkdaşlığımızın yeni istiqamətlərindən biri ola bilər".

Deputatın sözlərinə görə, Azərbaycan və Özbəkistanın Orta Dəhlizin iştirakçıları olması nəqliyyat və tranzit-logistika sahəsində ölkələrimiz qarşısında yeni imkanlar açır:

"Bu marşrut, ilk növbədə, Azərbaycan və Özbəkistan arasında ticarət-iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə, eyni zamanda böyük coğrafiyalar arasında iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Orta Dəhlizin inkişafı Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə, o cümlədən Özbəkistanla daha sıx nəqliyyat əlaqələri ilə birləşdirir və Xəzər dənizi üzərindən Avropa istiqamətində mühüm alternativ marşrut formalaşdırır. Bu baxımdan, Azərbaycan və Özbəkistanın nəqliyyat-logistika imkanlarının əlaqələndirilməsi Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Rəqəmlər də bu istiqamətdə müsbət dinamikanın olduğunu göstərir. 2025-ci ildə Orta Dəhliz üzrə daşınan tranzit yüklərin həcmi 6,3 faiz artaraq 1,4 milyon tonu ötüb. 2026-cı ilin ilk altı ayında isə bu göstərici daha 12,2 faiz artaraq 675 min tona çatıb. Tranzit daşımaların artması Orta Dəhlizin böyük perspektivlərə malik olduğunu bir daha nümayiş etdirir".

Sədr müavini qeyd edib ki, digər mühüm istiqamət Azərbaycan–Özbəkistan–Qazaxıstan əməkdaşlığı çərçivəsində həyata keçirilən layihələrdir. Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik kabelinin Avropaya qədər uzanması region ölkələri arasında enerji əməkdaşlığının yeni mərhələyə keçməsinə imkan verəcək:

"Bununla yanaşı, optik kabel layihəsi əsasında formalaşmaqda olan rəqəmsal dəhlizi də xüsusi qeyd etmək lazımdır. Beləliklə, Orta Dəhliz təkcə fiziki yükdaşımalar baxımından deyil, həm də enerji və rəqəmsal bağlantılar baxımından ölkələrimizi bir-birinə daha sıx bağlayan çoxşaxəli platformaya çevrilir.
Əminəm ki, bu layihələrin həyata keçirilməsi Azərbaycan və Özbəkistanın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, regionda yeni iqtisadi imkanların yaranmasına və ümumilikdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcək".

Deputat vurğulayıb ki, Azərbaycanla Özbəkistan arasında yaradılmış hökumətlərarası komissiya və Birgə İnvestisiya Fondu ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi baxımından mühüm rol oynayır:

"Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin sürətlə artması iqtisadi münasibətlərimizin inkişaf dinamikasını aydın şəkildə göstərir. 2025-ci ildə Azərbaycan–Özbəkistan arasında ticarət dövriyyəsi təxminən üç dəfə artaraq 1 milyard dollara çatıb. 2026-cı ilin ilk altı ayında isə ticarət dövriyyəsi daha 23 faiz artaraq 795 milyon dolları ötüb. Bu göstəricilər qarşılıqlı ticarətin və iqtisadi əməkdaşlığın genişlənməsi üçün ciddi potensialın olduğunu göstərir.

Nizamnamə kapitalı 500 milyon dollar olan Birgə İnvestisiya Şirkəti də yeni layihələrin maliyyələşdirilməsi və birgə investisiya təşəbbüslərinin reallaşdırılması baxımından əhəmiyyətli mexanizmdir.
Artıq bununla bağlı konkret nümunələrimiz var. Füzuli şəhərində 100 hektar ərazidə yaradılmış “Dostluq bağı”, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı layihələri Azərbaycan–Özbəkistan əməkdaşlığının praktiki nəticələrindəndir".

A.Badamov bildirib ki, Özbəkistan kapitalı ilə Azərbaycanda fəaliyyət göstərən 130-dan çox şirkətin sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində çalışması da ölkəmizdə yaradılmış əlverişli investisiya mühitinin göstəricisidir:

"Birgə müəssisələrimiz sırasında neft-qaz sektorunda fəaliyyət göstərən “Neftegaztexnologiya”, həmçinin “Turan Energy AFEZCO” şirkətini qeyd etmək olar. “Turan Energy AFEZCO”nun “Azərikimya” İstehsalat Birliyi tərəfindən istehsal olunan yüksək təzyiqli polietilenin Özbəkistana ixracını həyata keçirməsi də iqtisadi əməkdaşlığımızın konkret nümunələrindəndir.

Eyni zamanda, Azərbaycan şirkətlərinin Özbəkistanda, Özbəkistan şirkətlərinin isə Azərbaycanda daha fəal iştirak etməsi üçün geniş imkanlar mövcuddur. Birgə istehsal və investisiya layihələrinin sayının artırılması bu baxımdan əsas prioritetlərdən biri olmalıdır.

Azərbaycan investisiyalarının Özbəkistanda uğurlu şəkildə reallaşdırılmasına PASHA Holding tərəfindən Daşkənddə “The Ritz-Carlton” brendi altında inşa edilən hotel və yaşayış kompleksi, həmçinin Daşkənd vilayətində həyata keçirilən “Sea Breeze Uzbekistan” böyük turizm və yaşayış kompleksi nümunə göstərilə bilər.
Hesab edirəm ki, qarşıdakı dövrdə xüsusilə sənaye kooperasiyası, avtomobil istehsalı, kənd təsərrüfatı və aqro-emal, enerji, neft-kimya, nəqliyyat-logistika, turizm və tikinti sahələrində yeni birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var".

Sədr müavini onu da əlavə edib ki, ümumilikdə, Azərbaycan–Özbəkistan münasibətləri hazırda özünün ən yüksək inkişaf mərhələlərindən birini yaşayır:

"Ticarət-iqtisadi əlaqələrin sürətlə genişlənməsi siyasi, humanitar və mədəni əməkdaşlığın da daha da möhkəmlənməsinə əlverişli zəmin yaradır. İnanıram ki, ölkələrimiz arasında imzalanmış yüksək səviyyəli sənədlərin ruhuna, dövlət başçılarımızın siyasi iradəsinə və xalqlarımız arasında mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinə uyğun olaraq, Azərbaycan–Özbəkistan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək və yeni məzmunla zənginləşəcək".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!