Modern.az

Orta Dəhliz üçün koordinasiya komitəsi yaradılmalıdır 

Orta Dəhliz üçün koordinasiya komitəsi yaradılmalıdır 

İqtisadiyyat

Bu gün, 10:55

Orta Dəhlizin daha səmərəli fəaliyyət göstərməsi üçün iştirakçı ölkələr arasında vahid idarəetmə və xidmət mexanizmi yaradılmalıdır.

Modern.az xəbər verir ki, bunu Bakı Limanı direktorunun məsləhətçisi Xudayar Həsənli deyib.

Onun sözlərinə görə, əvvəlki əsas logistika marşrutlarının, xüsusilə Trans-Sibir dəhlizinin təcrübəsi nəzərə alınmalıdır:

“Orta Dəhliz üzrə vahid xidmət və tarif sistemi tətbiq olunması vacibdir. Bütün iştirakçı tərəflər üçün vahid tariflər və vahid xidmətlər olmalıdır. Bu dəhlizdə ayrı-ayrı istisnaların olması onun effektivliyini azaldır”.

X. Həsənli qeyd edib ki, bu məqsədlə hökumət qurumlarını, dəmir yolu və logistika strukturlarını birləşdirən vahid koordinasiya komitəsi və ya assosiasiya yaradılmalıdır:

“Bu komitə yalnız Qazaxıstan, Azərbaycan və Çin arasında deyil, dəhlizdən istifadə edən Qərb ölkələri ilə də koordinasiyanı təmin etməlidir. Vahid koordinasiya mexanizmi Orta Dəhlizin gələcəkdə daha sürətli, şəffaf və rəqabətqabiliyyətli marşruta çevrilməsinə imkan verə bilər”.

Onun sözlərinə görə, son dövrlərdə Çindən Avropaya Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin artması marşrut üzrə bir sıra logistika problemlərinin yaranmasına səbəb olub:

“Əsas problemlərdən biri hərəkət tərkibinin, xüsusilə konteyner platformalarının çatışmazlığıdır. Yüklərin artması fonunda platformaların vaxtında təmin olunmaması daşımaların sürətinə mənfi təsir göstərir”.

X.Həsənli qeyd edib ki, əvvəllər Xəzər və Cənubi Qafqaz seqmentində yükün çatdırılması təxminən 5-6 gün çəkirdisə, hazırda bu müddət 10 gün və daha çox ola bilir:

“Konteynerlərin blok-qatarlarla deyil, ayrı-ayrı göndərilməsi və limanlarda yaranan gözləmələr Orta Dəhlizin əsas üstünlüklərindən biri olan sürət amilini zəiflədir. Dəhlizin əsas rəqabət üstünlüyü sürət və proqnozlaşdırıla bilən qrafik olmalıdır. Çünki dəniz daşımaları qiymət baxımından daha ucuzdur. Buna görə də dəmir yolu marşrutu vaxt baxımından rəqabət üstünlüyünü qoruyub saxlamalıdır”.

X.Həsənli Orta Dəhlizdə digər mühüm problemin yük axınının balanssızlığı olduğunu da vurğulayıb:

“Çindən Qərbə gedən konteynerlərin böyük hissəsi dolu olur. Əks istiqamətdə isə konteynerlərin əhəmiyyətli hissəsi boş qayıdır. Bu, həm gəlir itkisinə, həm də mövcud logistika imkanlarından tam istifadə olunmamasına gətirib çıxarır. Problemin həlli üçün Qazaxıstan, Azərbaycan və Gürcüstanın iştirakı ilə vahid platformanın yaradılması nəzərdə tutulur. Bu mexanizm vasitəsilə konteyner platformalarının daha operativ idarə edilməsi və onların dövriyyə müddətinin azaldılması hədəflənir.

Ekspert söyləyib  ki, Orta Dəhlizin inkişafı yalnız Çin yüklərinin tranzitindən asılı olmamalıdır:

“Region ölkələrinin öz ixrac və idxal yükləri də dəhlizə cəlb edilməlidir. Bu halda boş qayıdan konteynerlərdən səmərəli istifadə etmək mümkün olacaq.  Qrafikli blok-qatarların tətbiqi, liman və terminallar arasında dəmir yolu bağlantılarının gücləndirilməsi, həmçinin gömrük prosedurlarının rəqəmsallaşdırılması dəhlizin effektivliyini artıra bilər. Bütün bu tədbirlər həyata keçirilərsə, Orta Dəhlizin həm daşınma müddətini qısaltmaq, həm də beynəlxalq logistika bazarında rəqabət qabiliyyətini artırmaq imkanları genişlənəcək”.

Aydan Qasımova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!