Modern.az

Azərbaycanda ərzaq BAHALAŞDI

Azərbaycanda ərzaq BAHALAŞDI

İqtisadiyyat

Bu gün, 15:46

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, hesabat dövründə qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları 6,9 faiz, qeyri-qida məhsulları 3,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər isə 5,6 faiz bahalaşıb.

Cari ilin avqust ayında istehlak qiymətləri iyul ayına nisbətən 0,2 faiz, 2025-ci ilin avqust ayı ilə müqayisədə isə 5,7 faiz artıb.

Avqust ayında bəzi ərzaq məhsullarının qiymətində artım, bəzilərində isə ucuzlaşma qeydə alınıb. Qarabaşaq və yulaf yarması, mal və qoyun əti, təzə balıq, bitki yağları, bəzi meyvə-tərəvəz məhsulları bahalaşıb. Makaron, kərə yağı, banan, alma, armud, qarpız, yemiş, üzüm, qoz-fındıq, xiyar, badımcan və kartofun qiymətləri isə ucuzlaşıb.

Qeyri-qida məhsulları üzrə qiymətlər avqust ayında aylıq müqayisədə 0,1 faiz, illik müqayisədə 3,7 faiz artıb. Divar kağızı, kərpic, alçı lövhə, elektrik avadanlıqları, şəxsi gigiyena vasitələri və zərgərlik məmulatları bahalaşıb, yay geyimləri, yuyucu və təmizləyici vasitələr, fərdi və planşet kompüterlər ucuzlaşıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə avqust ayında iyul ayına nisbətən 0,2 faiz, ötən ilin eyni ayı ilə müqayisədə 5 faiz yüksəlib. Hesabat ayında istirahət turları və beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşıma xidmətləri bahalaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...