Modern.az

“Formula 1” turistləri Bakıya axışdı, kirayə qiymətləri yüksəldi

“Formula 1” turistləri Bakıya axışdı, kirayə qiymətləri yüksəldi

İqtisadiyyat

Bu gün, 17:05

“Formula 1” təkcə yarış trasında deyil, paytaxtın kirayə mənzil bazarında da hərəkətlilik yaradıb.

Modern.az xəbər verir ki, xüsusilə yarış trekinin keçdiyi ərazilərdə və şəhər mərkəzinə yaxın yerləşən mənzillərə tələbat artıb. Eyvanından və ya pəncərəsindən trası birbaşa görmək mümkün olan mənzillər isə yarış günlərində daha çox maraq doğurur.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin açıqladığı proqnoza görə, "Formula 1" ərəfəsində tras ətrafındakı günlük kirayə mənzillərin qiymətləri əvvəlki dövrlə müqayisədə təxminən 40 faiz arta bilər. Belə mənzillərin günlük kirayəsinin təxminən 400-600 manat arasında dəyişəcəyi bildirilir. Əvvəllər isə qiymətlər təxminən 250-400 manat aralığında olub.

Lakin elanlarda daha aşağı qiymət təklif edənlər də var. Hazırda elanlarda da "Formula 1" trasına birbaşa çıxışı olan mənzillərə rast gəlinir. Məsələn, İçərişəhər yaxınlığında, balkonu "Formula 1" trasının üzərində yerləşən 6 otaqlı, 200 kvadratmetrlik mənzil günlük 150 manata təklif olunur. Elan 17 sentyabr 2026-cı ildə yenilənib.

Neftçilər prospektində isə "Formula 1" yarışlarını izləmək üçün 3 günlük balkon icarəsi 300 manata təklif edilib.

Mənzil bazarındakı bu canlanmanın əsas səbəblərindən biri yarış günlərində Bakıya gələn xarici qonaqların sayının artmasıdır. Bu il Azərbaycan Qran-Prisinin 10-cu yubileyində paytaxta gələn xarici turistlərin sayı 16 mini keçib. Bu, "Formula 1"-in Bakıda keçirildiyi dövr üzrə rekord göstəricidir. Ötən il xarici qonaqların sayı 14 min olub.

Bundan başqa, 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu da yarışın yaratdığı turist axınının coğrafiyasının genişləndiyini göstərir.

Beləliklə, artan turist axını otellərlə yanaşı, qısamüddətli kirayə mənzil bazarında da tələbatı yüksəldib. Xüsusilə trasın mənzərəsini təqdim edən balkon və mənzillər "Formula 1" günlərində ayrıca kirayə məhsuluna çevrilir.

Mütəxəssislər bu qiymət artımının əsasən qısamüddətli və yarış günləri ilə məhdudlaşan proses olduğunu bildirirlər. Uzunmüddətli kirayə bazarına isə "Formula 1"-in təsirinin daha məhdud olduğu qeyd olunur.

Gülər Hüseynli

1550579

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?