Avropanın nüfuzlu “The European House - Ambrosetti” (TEHA Group) beyin mərkəzinin icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli Azərbaycanın qlobal və regional rəqabətqabiliyyətliliyinə dair geniş tədqiqat hesabatını təqdim edib.
Modern.az-ın məlumatına görə, V. De Molli çıxışında təmsil etdiyi qurumun Azərbaycan Prezidenti İlham Əliyevlə uzunmüddətli tərəfdaşlığından qürur duyduğunu vurğulayıb:
“Biz Zati-aliləri Prezident Əliyev ilə uzunmüddətli tərəfdaşlığımızla çox fəxr edirik. Dövlət başçısı son beş ildə İtaliyada, Komo gölü sahilində keçirilən və bu il 52-ci buraxılışı baş tutan əsas tədbirimizdə iki dəfə şəxsən iştirak edib”.
Tədbirdə 70-ə yaxın ölkənin təmsil olunduğunu bildirən TEHA rəhbəri zarafatla qeyd edib ki, cəlb olunan ölkələrin sayına görə bu görüş sanki BMT Baş Assambleyasını xatırladır. O, rəhbərlik etdiyi TEHA-nın Pensilvaniya Universiteti tərəfindən Avropada hesabatlılıq üzrə aparıcı beyin mərkəzi kimi tanındığını, təqdim olunan “Qlobal Cəlbedicilik Göstəricisi”nin (Global Attractiveness Indicator) isə Avropa Komissiyası, Dünya Bankı və İƏİT (OECD) tərəfindən ölkələrarası rəqabətqabiliyyətliliyi ölçən əsas mexanizm kimi qəbul edildiyini diqqətə çatdırıb. Tədqiqat 146 ölkəni (qlobal əhalinin 94%-i və ÜDM-in 98%-i) əhatə edir.
Azərbaycanın göstəricilərini təqdim edən Valerio De Molli xüsusilə elmi sahədəki nəticələrin analitikləri müsbət mənada təəccübləndirdiyini söyləyib:
“Gələcəkdən danışarkən, qlobal elmi nəşrlərdəki payın dinamikası bizi çox müsbət mənada təəccübləndirdi. Tədqiqat mərkəzləriniz tərəfindən dərc olunan elmi nəşrlərin sayının artımı baxımından Azərbaycan dünyada 1-ci yerdədir. Bu, oldukça diqqətəlayiq bir statistikadır”.
Məruzəçi bildirib ki, Azərbaycan 2019-cu ildəki 143-cü mövqeyindən böyük sıçrayış edərək hazırda dinamizm baxımından dünyada ən dinamik 15-ci ölkəyə çevrilib. Ölkəmiz ümumi rəqabətqabiliyyətlilikdə 60-cı, davamlılıq üzrə 73-cü, gələcəyə yönümlülük üzrə isə 62-ci pillədə yer alır. V. De Molli vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bir çox əsas fəaliyyət göstəriciləri üzrə liderdir:
“Siz Xarici Doğrudan İnvestisiyaların (XDİ) dinamikası baxımından dünyada 6-cı, regionda 1-ci yerdəsiniz. Energetika balansı baxımından isə dünyada 4-cü, regionda 1-ci yerdəsiniz. Dövlət borcunun ÜDM-ə nisbəti (Davamlılıq) üzrə dünyada 8-ci, regionda 1-ci yerdəsiniz. Ümumi amil məhsuldarlığının dinamikasına görə dünyada 8-ci, regionda 1-ci yerdəsiniz. Mənfəətə görə ümumi vergi dərəcəsinin dinamikasında dünyada 6-cı, regionda 1-ci yerdəsiniz. Ali təhsilli məzunların dinamikası üzrə dünyada 10-cu, regionda 2-ci; 20 illik proqnozlaşdırılan əmək qabiliyyətli əhali payına görə isə dünyada 29-cu, regionda şəriksiz 1-ci yerdəsiniz”.
Çıxışının sonunda TEHA-nın idarəedici tərəfdaşı vurğulayıb ki, Azərbaycan öz regionunda başqa ölkələrdən daha sürətlə irəliləyir və inkişaf tempinə görə birinciliyini qoruyur.