Qlobal tədarük zəncirində yaşanan çətinliklər mühüm ticarət marşrutlarında vaxt itkisini iki dəfə artırıb. Əvvəllər Özbəkistandan yüklərin beynəlxalq bazarlara çatdırılması 10 gün çəkirdisə, hazırda bu müddət ən azı 20 gün təşkil edir.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov İkinci Beynəlxalq Sənaye Forumunda çıxışı zamanı bildirib.
Nazir vurğulayıb ki, mövcud nəqliyyat və logistika problemlərinin həlli üçün tərəfdaş ölkələrlə, xüsusilə Azərbaycanla sıx əməkdaşlıq həyata keçirilir:
“Biz nəqliyyat dəhlizlərimizi şaxələndiririk və bizim üçün en cəlbedici marşrutlardan biri Orta Dəhlizdir. Son 2–3 il ərzində Azərbaycan üzərindən yükdaşımaların həcmini iki dəfə artırmışıq. Cari ildə də 30% civarında artım dinamikası davam edir. Hazırda Xəzər dənizi üzərindən daşınma güclərini artırmaq, bərə reyslərini genişləndirmək və Zəngəzur dəhlizinin Azərbaycan hissəsinə (Naxçıvan vasitəsilə) investisiya yatırmaq istiqamətində işlər aparırıq. Özbəkistan Orta Dəhlizin inkişafına sərmayə qoymaqda qərarlıdır”.
L.Kudratov regional ticarət dövriyyəsinin artırılması və qarşılıqlı sərmayə qoyuluşlarının əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında ticarət həcmi artıq 13 milyard dollara çatıb, 2030-cu ilə qədər isə bu göstəricinin 20 milyard dollara çatdırılması hədəflənir:
“Söhbət təkcə ticarətdən getmir, biz sənaye tərəfdaşlığı və birgə investisiyalardan bəhs edirik. Özbəkistan Azərbaycanda tekstil və avtomobil sənayesinə investisiya yatırıb. Azərbaycan da öz növbəsində Özbəkistanda dağ-mədən, daşınmaz əmlak və energetika sahələrinə sərmayə ayırır. Region nə qədər inteqrasiya olunmuş və vahid siyasətə malik olarsa, investisiya cəlbediciliyimiz bir o qədər yüksək olacaq”.
Çıxışında enerji təhlükəsizliyi məsələlərinə də toxunan nazir qeyd edib ki, Özbəkistan 2030-cu ilə qədər enerjinin ümumi balansında bərpa olunan mənbələrin payını 40%-ə çatdırmağı planlaşdırır. Mərkəzi Asiyanın ucuz günəş və külək enerjisi potensialına malik olduğunu vurğulayan L.Kudratov, bu elektrik enerjisinin Azərbaycan üzərindən Avropaya nəqli üçün birgə layihələrin işlənib hazırlandığını diqqətə çatdırıb:
“Biz Azərbaycanla birgə Mərkəzi Asiyanın ucuz və 'yaşıl' enerjisini Avropaya çatdıracaq möhkəm layihə və proqramlar üzərində sürətlə irəliləyirik. Məqsədimiz Mərkəzi Asiya və Cənubi Qafqazı beynəlxalq investorlar üçün vahid və cəlbedici investisiya məkanına çevirməkdir”.