Azərbaycanın strateji ehtiyatları 19,8 milyard dollardır
Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov II Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Mərkəzi Bankın əsas vəzifəsi qiymət və maliyyə sabitliyini qorumaqdır. T.Kazımovun sözlərinə görə, qlobal iqtisadiyyatda geosiyasi gərginliklər, ticarət fragmentasiyası, dəyişkən əmtəə bazarları və iqlim riskləri artıb. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, qlobal iqtisadi artımın 2025-ci ildəki 3,5%-dən 2026-cı ildə 3%-ə qədər zəifləməsi gözlənilir.
O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın iqtisadi dayanıqlığını gücləndirib. Mərkəzi Bankın son proqnozlarına görə, 2026-cı ilin sonunda qeyri-neft ÜDM artımı 3,4% təşkil edəcək, cari əməliyyatlar hesabının profisiti isə 6,1 milyard dollar olacaq. İnflyasiyanın da hədəf diapazonunda qalacağı gözlənilir.
Mərkəzi Bankın sədri vurğulayıb ki, uzunmüddətli iqtisadi artım güclü beynəlxalq əməkdaşlıqdan asılıdır. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq kapitalı infrastruktura, sənaye inkişafına və regional bağlantının gücləndirilməsinə yönəltməyi prioritet hesab edir. T.Kazımov Azərbaycanın Orta Dəhlizdə strateji mövqeyinə də diqqət çəkib. O bildirib ki, Dünya Bankının hesablamalarına görə, müvafiq infrastruktur və logistika investisiyaları nəticəsində Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilə qədər 3 dəfə arta, tranzit müddəti isə yarıbayarı azala bilər.
Mərkəzi Bankın sədri qeyd edib ki, Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutları Azərbaycanın inkişaf prioritetlərini maliyyələşdirmə, texniki yardım və institusional inkişaf vasitəsilə dəstəkləyir.
Onun sözlərinə görə, Azərbaycanın “Fitch” və “Moody’s” tərəfindən investisiya səviyyəli suveren reytinqlərə malik olması investor inamı üçün mühüm amildir.
T.Kazımov bildirib ki, avqustun sonuna Azərbaycanın ümumi strateji ehtiyatları 19,8 milyard dollar təşkil edib. Bu ehtiyatlar 41 aylıq mal və xidmət idxalını qarşılamağa kifayətdir və manatla geniş pul kütləsindən 3,5 dəfə çoxdur. O həmçinin Azərbaycanın xarici dövlət borcunun ÜDM-in 6%-i səviyyəsində olduğunu, rezident fiziki şəxslərin xarici valyutada olan əmanətlərinin payının isə tarixi minimuma – 35,8%-ə düşdüyünü bildirib.
Mərkəzi Bankın sədri qeyd edib ki, “S&P Global Ratings”in BICRA qiymətləndirməsinə əsasən, Azərbaycanın bank sektoru 2023-cü ilin sonunda 9-cu qrupda olduğu halda, 2026-cı ildə 7-ci qrupa yüksəlib. T.Kazımov əlavə edib ki, Azərbaycan maliyyələşmə imkanlarını genişləndirmək üçün İslam maliyyəsi, yaşıl istiqrazlar, dayanıqlılıqla bağlı maliyyə alətləri və digər innovativ məhsulların inkişafı üzərində işləyir.
O vurğulayıb ki, bu istiqamətlər beynəlxalq kapitalın daha geniş şəkildə cəlb edilməsinə və uzunmüddətli investisiyaların dəstəklənməsinə imkan yarada bilər.