ABŞ-da 29 yaşlı qadın iki yaşlı uşağına qarşı qəddarlıq və laqeyd münasibətdə ittiham olunur. Uşaq iki il ərzində təxminən 175 dəfə həkim müayinəsindən keçib və əməliyyat olunub. İş üzrə daha iki nəfər də saxlanılıb.
Modern.az xəbər verir ki, polis Emili Qusmanı iki və doqquz yaşlı uşaqlara qarşı zorakılıq və səhlənkarlıqda şübhəli bilərək həbs edib. Ona ağır sağlamlıq zərərinə səbəb olan səhlənkarlıq ittihamı irəli sürülüb.
Onunla birlikdə 47 yaşlı həyat yoldaşı Milton Aleksandr Qusman Sisneros və 32 yaşlı Keytlin Cin Meredit də saxlanılıb. Onlar uşaqların sağlamlığını təhlükəyə atan səhlənkarlıqda ittiham olunurlar.
Araşdırma oktyabrın 8-də uşaqların vəziyyəti ilə bağlı daxil olan məlumatdan sonra başlayıb. Məlum olub ki, ana həkimlərə uşağın qidalanma pozuntusu olduğunu, ətrafındakılara isə nadir xəstəlikdən əziyyət çəkdiyini deyib. Nəticədə oktyabrın 1-də uşağa qastrostoma borusu yerləşdirilib.
İstintaq materiallarına əsasən, Emili həkimlərin uşağın normal qidalandığını bilməməsi üçün qidalanma ilə bağlı məlumatları qəsdən təhrif etdiyini etiraf edib. Cərrah və dietoloq bildiriblər ki, həqiqi vəziyyətdən xəbərdar olsaydılar, əməliyyata ehtiyac görməzdilər.
Qəyyum valideynlərin sözlərinə görə, əməliyyatdan sonra uşaq qidalanma borusuna görə əziyyət çəkib, halbuki müxtəlif qidaları müstəqil yeyə bilirmiş.
Oktyabrın 12-də evdə aparılan axtarış zamanı antisanitariya, zibil, həşəratlar və qurumuş nəcis aşkarlanıb. İstintaq həmçinin Qusman və Mereditin 9 yaşlı uşağı hədələdiyini və fiziki cəzalar tətbiq etdiyini müəyyən edib.
Qeyd edək ki, qadının nümayəndə vasitəsilə Munhauzen sindromuna (başqa şəxsdə, adətən uşaqda, xəstəlik əlamətlərini qəsdən yaratmaq və ya şişirtmək) malik olması ehtimalı araşdırılır.