Yaponiyanın avtomobil istehsalçıları "Honda" və "Toyota" təhlükəsizlik riski ilə əlaqədar ümumilikdə 1,6 milyon avtomobili geri çağırıb.
Modern.az xəbər verir ki, məlumata görə, "Honda" ABŞ-da 810 min, "Toyota" isə dünya üzrə təxminən 790 min avtomobili geri çağırır.
Geri çağırılmaya səbəb Takata istehsalı olan təhlükəsizlik yastıqlarının işə düşməsi zamanı qaz generatorunun partlama ehtimalıdır. Bu halda metal parçaları avtomobilin salonuna sıçrayaraq sürücü və sərnişinlərə ciddi xəsarət yetirə bilər.
"Honda"nın geri çağırdığı avtomobillər:
2013-cü il istehsalı olan bəzi Accord modelləri;
2012–2013-cü illərin Civic və CR-V modelləri;
2013-cü il Acura ILX və Acura RDX modelləri.
"Toyota"nın geri çağırdığı avtomobillər:
Lexus SC430 (2002–2010), IS250 (2011), GX460 (2017);
Toyota Corolla (2003–2008);
Tundra (2005–2006);
Sequoia (2005–2007);
4Runner (2016–2017).
Hər iki şirkət geri çağırılan avtomobillərlə bağlı qəza və xəsarət hallarının qeydə alınmadığını bildirib. İstehsalçılar nasaz komponentləri yeniləri ilə əvəz edəcəklərini açıqlayıblar.