Modern.az

1 manatlıq alma marketlərdə niyə 3 manata satılır?..

1 manatlıq alma marketlərdə niyə 3 manata satılır?..

İqtisadiyyat

Bu gün, 11:05

Almanın bağdan istehlakçıya, xüsusilə də market rəflərinə qədər keçdiyi mərhələlərdə qiyməti əhəmiyyətli dərəcədə artır. Məhsulun ilkin satış qiyməti ilə marketdə istehlakçıya təqdim olunan son qiymət arasındakı fərq tədarük, çeşidləmə və qablaşdırma, daşınma, topdansatış və pərakəndə satış mərhələlərində formalaşan xərclərlə yanaşı, vasitəçi marjaları ilə də bağlıdır.

Bəs almanın qiymətinin bir neçə dəfə artmasında əsas pay hansı mərhələyə düşür? İstehsalçı ilə marketdəki son qiymət arasındakı fərqin başlıca səbəbləri nələrdir?

Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli Modern.az-a açıqlama verib:

“Almanın bağdan çıxıb market rəfinə çatana qədər qiymətinin bir neçə dəfə artmasının səbəbini yalnız bir mərhələdə axtarmaq düzgün olmaz. Burada ən böyük pay adətən məhsulun tədarükü, çeşidlənməsi, qablaşdırılması, saxlanması, daşınması və topdansatış-pərakəndə zəncirinin birlikdə yaratdığı xərclərə düşür. Lakin konkret hansı mərhələnin daha çox marja götürdüyünü demək üçün fermerin satış qiyməti ilə marketin alış və satış qiymətləri üzrə real məlumatlar müqayisə edilməlidir”.

Akif Nəsirlinin sözlərinə görə, istehsalçı ilə market qiyməti arasındakı fərqin əsas səbəblərindən biri fermerin məhsulu çox vaxt böyük həcmdə və mövsümün əvvəlində nisbətən aşağı qiymətə satması, sonrakı mərhələlərdə isə məhsulun çeşidlənməsi, qablaşdırılması, anbarlarda saxlanması və itkilərin qiymətə əlavə olunmasıdır. Xüsusilə alma kimi məhsullarda soyuducu anbarların xərci, elektrik enerjisi, logistika, yanacaq, tara, məhsulun xarab olması və çeşidləmə zamanı yaranan itkilər son qiymətə təsir edir. Bunun üzərinə topdansatış və pərakəndə ticarətçinin əməliyyat xərcləri və ticarət marjası əlavə olunur. Burada mühüm problem də bazarda vasitəçilərin çoxluğu və qiymət formalaşmasının şəffaf olmamasıdır. Fermer məhsulunu 1 manata satırsa, onun marketdə niyə 2,5-3 manata satıldığını istehlakçı da, istehsalçı da aydın görə bilmir.

“Əgər aradakı fərqin hansı hissəsinin logistika, hansı hissəsinin saxlama və hansı hissəsinin ticarət marjası olduğu şəffaf göstərilsə, əsassız qiymət artımını müəyyən etmək daha asan olar. Qiymət fərqini azaltmaq üçün fermer kooperativlərinin, istehsalçı birliklərinin və birbaşa fermerdən marketə tədarük sistemlərinin genişləndirilməsi mühüm rol oynaya bilər. Fermer məhsulunu ayrı-ayrılıqda deyil, birlikdə bazara çıxardıqda həm daşınma, həm çeşidləmə, həm də qablaşdırma xərcləri azalır və onun bazarlıq gücü artır”, - iqtisadçı Akif Nəsirli bildirib.

"Eyni zamanda regionlarda müasir soyuducu anbarların və logistika mərkəzlərinin yaradılması, məhsul itkilərinin azaldılması və elektron ticarət-tədarük platformalarının inkişaf etdirilməsi qiymət zəncirini qısalda bilər. Marketlərin yerli istehsalçıdan birbaşa alışının artırılması da aradakı əlavə vasitəçi mərhələlərinin azalmasına imkan verər. Amma əsas məsələ yalnız pərakəndə ticarətçinin marjasını məhdudlaşdırmaq deyil. Əgər istehsalçıdan marketə qədər olan bütün zəncir üzrə xərclər və marjalar şəffaflaşdırılmasa, qiymətin hansı mərhələdə və nə qədər artdığını müəyyən etmək çətin olacaq. Buna görə ən effektiv mexanizm məhsulun “bağdan rəfə” qədər qiymət zəncirinin monitorinqi, hər mərhələnin real xərc və marjasının təhlili və rəqabətin gücləndirilməsidir, - iqtisadçı söyləyib.

Nicat Rüstəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Gərginlik artdı - Türkiyə ordusu hərəkətə keçdi