Bu gün Azərbaycanın əməkdar artisti, tanınmış aktyor və "Parni iz Baku" KVN komandasının üzvlərindən olmuş Cabir İmanovun doğum günüdür.
Modern.az xatırladır ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. İxtisasca iqtisadçı və hüquqşünas olan Cabir İmanov uzun illər Daxili İşlər Nazirliyində çalışaraq polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib, daha sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinə rəhbərlik edib.
Cabir İmanov geniş tamaşaçı auditoriyasının sevgisini "Parni iz Baku" KVN komandasında qazandığı uğurlarla qazanıb. O, 1992–2001-ci illərdə komandanın üzvü olub. Bu illərdə komanda KVN çempionu adına layiq görülüb, Yay Kubokunu qazanıb və "Əsrin çempionu" titulunu əldə edib.
2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru kimi fəaliyyət göstərən Cabir İmanov Azərbaycan səhnəsində bir çox yaddaqalan obrazlara imza atıb. O, 2015-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb, 2021-ci ildə isə "Tərəqqi" medalı ilə təltif edilib.
Cabir İmanov 2025-ci il sentyabrın 29-da 49 yaşında vəfat edib. O, Bakının Səbail rayonunda yerləşən idman zalında ürəktutması keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Cabir İmanov dörd övlad atası idi. O, iqtisad elmləri doktoru Qorxmaz İmanovun oğlu, aktyor Tahir İmanovun qardaşı və görkəmli bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.