Mədəniyyət Nazirliyinin kitabxana sistemində çalışan informasiya texnologiyaları üzrə mütəxəssislərin attestasiyası yekunlaşıb. Yaxın günlərdə qiymətləndirmənin nəticələri ictimaiyyətə təqdim ediləcək.
Modern.az xəbər verir ki, bunu Kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı mediaya açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, attestasiyanın məqsədi əməkdaşların peşə biliklərini və tutduqları vəzifəyə uyğunluğunu qiymətləndirmək olub.
Nazir müavini bildirib ki, bu il təsdiqlənən “Azərbaycan mədəniyyəti 2040” konsepsiyasının əsas istiqamətlərindən biri kitabxana xidmətlərinin müasir standartlara uyğunlaşdırılması, rəqəmsallaşdırılması və oxucular üçün yeni imkanların yaradılmasıdır.
F.Cəfərov qeyd edib ki, qiymətləndirməyə proqramçılar, sistem inzibatçıları, multimedia və digər informasiya texnologiyaları üzrə mütəxəssislər cəlb olunub. Attestasiyada rayon və şəhər mərkəzi kitabxanaları ilə yanaşı, kənd və qəsəbə filiallarında çalışanlar da daxil olmaqla 1100-dən çox əməkdaş iştirak edib.
O bildirib ki, hazırda yekun statistika emal olunur və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Nazir müavininin sözlərinə görə, əsas məqsəd statistik göstəricilərdən daha çox müasir kitabxanalarda fəaliyyət göstərə biləcək peşəkar kadrların müəyyənləşdirilməsidir.
F.Cəfərov əlavə edib ki, attestasiya nəticələrinə əsasən bəzi əməkdaşların əlavə ixtisasartırma və təlim proqramlarına cəlb edilməsi də mümkündür. Bununla bağlı qərar attestasiya komissiyasının yekun rəyi açıqlandıqdan sonra veriləcək.
Sosial şəbəkələrdə səsləndirilən, İT bilikləri olmayan əməkdaşlara informasiya texnologiyaları üzrə suallar verilməsi ilə bağlı iddialara münasibət bildirən nazir müavini deyib ki, komissiyanın sualları hər bir əməkdaşın vəzifə təlimatına uyğun hazırlanıb və qiymətləndirmə yalnız onun gündəlik iş fəaliyyətini əhatə edən bilik və bacarıqlar əsasında aparılıb.