Modern.az

Vyanada Üzeyir Hacıbəylinin abidəsi ziyarət edildi - GÖRÜNTÜ

Vyanada Üzeyir Hacıbəylinin abidəsi ziyarət edildi - GÖRÜNTÜ

Mədəniyyət

Bu gün, 13:26

Milli Musiqi Günü və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü münasibətilə Vyanada görkəmli sənətkarın xatirəsi yad edilib.

Modern.az xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin və Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, fövqəladə hallar nazirinin müavini general-mayor Yusif Nəbiyev, eləcə də Azərbaycandan Vyanaya səfər edən nümayəndə heyətinin üzvləri Dunay Parkında yerləşən Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova çıxış ediblər.

Çıxışlarda Üzeyir Hacıbəylinin Azərbaycan milli musiqi mədəniyyətinin formalaşmasında müstəsna xidmətlərindən, zəngin yaradıcılıq irsindən bəhs olunub. Bildirilib ki, milli və professional musiqimizin banisi olan bəstəkar yaradıcılığı ilə Azərbaycanla yanaşı, Şərq musiqi tarixində də yeni mərhələnin əsasını qoyub.

Leyla Qasımova Üzeyir Hacıbəylinin irsinin Avstriyada təbliği istiqamətində həyata keçirilən layihələrdən də danışıb.

O, ötən il bəstəkarın 140 illik yubileyi münasibətilə Vyananın “Akzent” Teatrında “Arşın mal alan” operettasının alman dilində, yerli yaradıcı heyətin iştirakı ilə yeni quruluşda təqdim edildiyini xatırladıb.

Qeyd olunub ki, avstriyalı və Vyanada fəaliyyət göstərən sənətçilərin iştirakı ilə hazırlanan tamaşa yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Layihə Üzeyir Hacıbəylinin yaradıcılığının universallığını və musiqisinin müxtəlif xalqların auditoriyasına xitab etmək gücünü nümayiş etdirib.

Qeyd edək ki, görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarovun müəllifi olduğu Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ildə Vyananın Dunay Parkında ucaldılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dəb olan fahişəlik, artan qiymətlər, maaş problemi - İqbal Ağazadəylə Gündəm Masada