“Global Media Group” və “Report” İnformasiya Agentliyinin birgə ərsəyə gətirdiyi “Vətən daşı” sənədli filminin təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, film Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində hazırlanıb. Layihədə Azərbaycanın ərazi bütövlüyünün bərpası, şəhid və qazilərin qəhrəmanlığı, xalqın həmrəyliyi və Qarabağda aparılan bərpa-quruculuq işləri əks olunub.
Tədbirdə çıxış edən “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, Azərbaycan xalqı torpaqlarının azad olunmasına, şəhid və qazilərin qəhrəmanlığına hər zaman həssas yanaşır.
Onun sözlərinə görə, Vətən müharibəsi və antiterror tədbirlərində xalqın fədakarlığını, Azərbaycan Ordusunun şücaətini və Ali Baş Komandanın liderliyini əks etdirən bu cür layihələr mütəmadi hazırlanmalıdır.
Fuad Hüseynəliyev layihənin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə “Global Media Group”un rəhbəri Elnur Abdullayevə təşəkkür edib.
“Report”un baş redaktoru Namiq Mayılov isə filmin təqdimat tarixinin təsadüfi seçilmədiyini bildirib. O qeyd edib ki, sentyabrın 24-ü şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun anım günüdür.
Namiq Mayılov hazırda münaqişə və müharibə anlayışlarının arxada qaldığını, əsas diqqətin Qarabağda aparılan bərpa-quruculuq işlərinə yönəldiyini vurğulayıb.
“Bu gün artıq Qarabağdayıq, Qarabağa qayıtmışıq, bərpa-quruculuq işləri həyata keçiririk. Bir sözlə, indi Qarabağda dirçəliş mərhələsindəyik. Biz də “Vətən daşı” filmimizdə Azərbaycanı dövlət olaraq bir ailə kimi, onun hekayəsi kimi təqdim etməyə çalışmışıq”, - deyə o bildirib.
Tədbirdə şəhid Əkrəm Şadmanovun atası Yunus Şadmanov da çıxış edib. O, oğlunun xatirəsinə həsr olunmuş filmin təqdimatına qatılan hər kəsə təşəkkürünü bildirib.
Yunus Şadmanov tədbir iştirakçılarına müraciət edərək deyib: “Oğlumun xatirəsinə həsr olunmuş filmə görə əziyyət çəkib bura gəlmisiniz. Hamınızın haqqını halal etməsini istəyirəm”.
Şəhidin atası çıxışında bildirib ki, bütün hərbçilər onun üçün öz övladı qədər əzizdir. O, layihənin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü çatdırıb. Şəhid atası qeyd edib ki, Azərbaycan xalqı yaşadıqca, ölkə inkişaf etdikcə və Qarabağ yenidən qurulduqca şəhidlərin ruhu şad olacaq.
Nicat Rüstəm