Modern.az

Doğrudur!?..

Doğrudur!?..

Mədəniyyət

Bu gün, 17:15

Mintac Elsevər      

Xüsusi olaraq Modern.az üçün

       Onun pırtlaşıq, çirkli və uzun saçlarıyla az qala sinəsinə qədər uzanan saqqalı biri-birinə qarışmışdı. Elə üst-başı da kir-pasaq içində idi. Marketin giriş qapısının çölündə, yerdəcə, çox etinasız oturmuşdu. Yanından ötüb marketə keçdim… Alacaqlarımı alıb marketdən çıxdım. Adam eyni yerində, eyni halında oturmuşdu. Qeyri-ixtiyari ona baxdım. Eyni anda baxışlarımız toqquşdu. O, qəzəblə düz gözlərimin içinə baxırdı. Özümü itirdim, baxışlarımı yayındırmağa fürsətim olmadı. Birdən hiddətlə kükrədi: - Nə var, nə marıtdıyırsan məni?! Çörək borcluyam sənə, ya ədalət borcum var?! Sənin yersiz ədalətin mənə lazım deyil! Çıx get ee, get işinlə məşğul ol.!!
        Ona cavab verməyə təbii ki, nə cəsarətim çatmadı. Heç o hayda da deyildim və mənası da yox idi. Mənim ürəyimə şapalaq kimi dəyən onun dediyi sözlər idi… “Çörək borcluyam sənə, ya ədalət borcum var?! Sənin yersiz ədalətin mənə lazım deyil!..”   
         Sakitcə ordan uzaqlaşdım.
         Təbii ki, biz o adamla biri-birimizi tanımırıq. Adamın hansısa haqsızlığa uğradığı, dilənçi ömrü yaşadığı gün kimi aydın idi. Onun nələr yaşadığı, hansı səbəbdən bu vəziyyətə düşdüyünü bilmirəm. Və çox yəqin ki, ara-sıra divanə halıyla kimlərəsə beləcə nifrinini yağdırır. Bu dəfə də onun qəzəbinə mən tuş gəlmişdim…   
        Mənə şapalaq kimi dəyən, onun “ədalət məsələsi”ndən sonra  ürəyimdə sözləşən hisləri sizinlə paylaşmağa isə ədalətdən daha çox ehtiyac duydum. İcazənizlə…
        Doğrudur! Mənə görə.
         Ədalətin gecikməsi, bəzən ədalətin özünü də mənasızlaşdırır. Çünki bəzi yaraların üstünə illər sonra məlhəm kimi qoyulan ədalət, nə təəssüf ki, artıq itirilən haqqı qaytarmır, sadəcə gecikmiş bir etiraf olur. Gecikmiş ədalət, haqqı qaytarmaqdan çox, haqsızlığın tarixə düşmüş izi ola bilər ancaq. Ən ağır sual da budur: haqqı vaxtında qoruya bilməyən ədalətin, sonradan gəlməsinin təsir gücü nə qədərdi?! Gerçək budur ki, sarsılan tərəf üçün bunun sıfır qədər əhəmiyyəti yoxdu!

Doğrudur! Həqiqət susmur, vicdan da bir gün danışır, tarix də heç nəyi əbədi gizlətmir! Sədd heyf ki, sonradan gələn ədalət, yenə də o haqqı qaytara bilmir, yalnız baş verənlərin adını qoyur.
         Kaş, ən böyük ədalət, həqiqətin gecikmədən eşidildiyi yerdə başlasa!

        Doğrudur?! Həqiqət dil açana qədər haqlı tərəf yox olur. Ümidlər tükənir, mənəvi dünyan parça-parça dağılır. Yarım köynək yaxın adamların dağ boyda şübhəyə çevrilir, əl boyda yumağa dönüb ürəyinin içindən daş kimi sallanır. Sənə elə gəlir ki, bu daş hər an ürəyindən çıxıb göyə qalxacaq və ordan da təpənə düşəcək. Hər an başına düşəcək bu daşın gərginliyi ömrünü bihudə gedən günlərə çevirir. Ədalət isə hardasa dərin-dərin mürgü vurur. Günlər ayların, aylar illərin fatihəsini oxuyur. İtirilmiş ömürsə geri qayıtmır. Gecikən ədalət, yalnız gecikmiş həqiqətin qarşısında başını aşağı salır.
        Yer üzündə ən kədərli vidanın ünvanı, ədalətdir!
         Bu əlvidanı, insan özü öz taleyinə biçdi.
        Doğrudur?! Bəli, çox doğrudur! Amma dediklərimin doğruluğu heç nəyi dəyişmir. Kim kimə ədalət borcludur ki?
       Doğrudur?!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?