Milli Məclisinin VI və VII çağırış deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov Modern.az-a müsahibə verib.
"Qərbi Azərbaycan İcmasında birləşən insanların heç də hamısı Qərbi azərbaycanlı deyil"
- Əziz müəllim, rəsmi olaraq Qərbi Azərbaycan İcmasının neçə üzvü var və qeydiyyat prosesi necə aparılır?
- Hazırda Qərbi Azərbaycan İcmasının strukturunda Qərbi Azərbaycanın 22 rayon icması və onların tərkibində 284 kənd icması fəaliyyət göstərir. Bu icmalarda son 200 ildə Qərbi Azərbaycandan qovulan bütün soydaşlarımız, onların varisləri təmsil olunur. Azərbaycanın 52 ərazi-inzibati vahidi üzrə nümayəndəlikləri və xarici ölkələrdəki nümayəndəliklərimizdə toplaşan insanları da bura əlavə etsək, onda Qərbi Azəraycan İcmasının nə qədər üzvü olduğu anlaşılar. Onu də nəzərə almaq lazımdır ki, Qərbi Azərbaycan İcmasında birləşən insanların heç də hamısı Qərbi azərbaycanlı deyil, onların arasında Azərbaycanın bütün bölgələrindən olan insanlar da var. İcmamıza üzvlükdə əsas şərt Qərbi azərbaycanlı olmaq yox, Qərbi Azərbaycana qayıdış ideyasına xidmət etməkdir. Bir də var, İcmamızın üzvlük vəsiqələrini daşıyan insanların sayı, bunun üçün icmalarımızdan və nümayəndəliklərimizdən hər gün onlarla ərizə daxil olur və biz artıq 20 mininci vəsiqələrimizi paylamaq üzrəyik.
- İcmanın üzvlüyünə maraq son illərdə artıbmı? Daha çox hansı yaş qrupları qoşulur?
- İcmamızın üzvlüyünə maraq getdikcə artmaqdadır. Bunun da əsas səbəbi apardığımız təşkilatlanma və maarifləndirmə işləri nəticəsində İcmamızın məram və məqsədinin insanlara daha aydın çatmasıdır. İndi artıq heç kəs şübhə etmir ki, zaman-zaman ata-baba yurdlarından qovulan insanlarımız bir gün mütləq öz doğma evlərinə qayıdacaqlar, çünki bu onların beynəlxalq hüquqa söykənən haqqıdır. Cənab Prezident İlham Əliyevin bu məsələdə qətiyyətli və prinsipial mövqeyi insanlarda qayıdışa inamı getdikcə gücləndirməkdədir. Bu məsələdə yaş qruplarına fərq qoymazdım, bütün yaş qruplarında fəallıq özünü göstərir.
- İcmanın fəaliyyətini maliyyələşdirmək üçün ianələr toplanırmı? Əgər toplanırsa, bu prosesdə şəffaflıq necə təmin edilir?
- Heç şübhəsiz, bütün ictimai təşkilatlar kimi, Qərbi Azərbaycan İcmasının da maliyyələşməsində ianələrin rolu böyükdür və könüllülük prinsipinə əsaslanır. Bu məsələdə İcmamızın Qəyyumlar Şurası xüsusi rol oynayır. Və bütün bu məsələlər Qərbi Azərbaycan İcmasının Nizamnaməsi ilə tənzimlənir, Müşahidə Şurasının və Nəzarət-Təftiş Komissiyasının nəzarəti altında həyata keçirilir.
- Dövlət qurumlarının Qərbi Azərbaycan İcmasına maliyyə və ya inzibati dəstəyi hansı çərçivədədir?
- Dövlət qurumlarının Qərbi Azərbaycan İcmasına dəstəyi əsasən inzibati sahədə özünü göstərməkdədir. Biz yerlərdəki nümayəndəliklərimizin fəaliyyətini istər-istəməz yerli icra orqanları ilə əlaqəli şəkildə qururuq. Çünki Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız Azərbaycanın ən müxtəlif rayonlarında, bu rayonların müxtəlif kəndlərində məskunlaşıblar. Yerli icra orqanlarının dəstəyi olmadan onları tapmaq, onlarla əlaqə saxlamaq, onlardan lazımi qaçqınlıq sənədlərini toplamaq çox çətin olardı, ən azı işimizin sürətini azaldardı. Həm də Qərbi Azərbaycana qayıdış məsələsi artıq bir regionun məsələsi olmaqdan çıxıb, bu, ümummilli məsələyə çevrilib. Təsadüfi deyil ki, İcmamız yerlərdəki maarifləndirici tədbirlərini ənənəvi olaraq rayon İcra hakimiyyətləri ilə birgə həyata keçirir. Məsələn, bu yaxınlarda mənim və alim dostum Səbuhi Hüseynovun müəllifliyi ilə Qərbi Azərbaycan İcması tərəfindən nəşr edilən və Qərbi Azərbaycandakı 201 qəbiristanlığın təhlilinə həsr olunmuş “Qərbi Azərbaycan irsi” kitabının təkcə iyul ayında Azərbaycanın 84 rayon və şəhərində təqdimatı oldu. Bu təqdimatların hamısını İcmamız rayon və şəhər İcra hakimiyyətlərilə birgə keçirdi.
"Deportasiya qurbanı olan yaşlı nəsil, demək olar ki, dünyasını dəyişib"
- Yaşlı Qərbi azərbaycanlıların xatirələrinin toplanması və əbədiləşdirilməsi istiqamətində hansı layihələr həyata keçirilir?
- Qərbi Azərbaycan həqiqətlərinin bütün detalları ilə öyrənilməsi, sənədləşdirilməsi, daxili auditoriyaya çatdırılması və beynəlxalq müstəviyə çıxarılması əsas hədəflərimiz sırasındadır. Biz bu məsələdə xüsusilə tələsirik. Çünki sonuncu deportasiyadan 37 il keçdiyi üçün qaçqınlığın qurbanı olan yaşlı nəsil, demək olar ki, dünyasını dəyişib. İndiki 60-70 yaş arası olan nəsil isə həmin hadisələr zamanı təxminən 30 yaş ətrafında olan insanlardır. Bir 10-15 il sonra bu nəslin də nümayəndələrinin çoxu artıq dünyada olmayacaq. Onlardan sonra gələn nəsil isə ata-baba yurdları haqqında çox az şey bilmiş olacaq. Ona görə də biz yaşlı Qərbi azərbaycanlıların videoçəkilişlərini həyata keçirməyə, onların xatirələrini öz dillərindən lentə almağa xüsusi diqqət yetiririk. Bu, gələcək nəsillərimiz üçün bəlkə daha çox lazım olacaq. Erməninin kimliyi barədə az-çox məlumatı olanlar nə dediyimi başa düşər.
"Bu məsələnin əhəmiyyətini hələ də bəzi qurumlara başa sala bilmirik"
- Qərbi Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı arxiv, muzey və ya rəqəmsal baza yaratmaq planınız varmı?
- Bəli, bu, son dərəcə vacibdir. Həm də bu, təkcə İcmamızın məsələsi deyil, həm də millətimizin və dövlətimizin, bu günümüz və gələcəyimizin zəruri məsələsidir. Qərbi Azərbaycanın tarixi-mədəni irsi təkcə Qərbi azərbaycanlıların milli-mənəvi dəyərləri deyil, bu, bütövlükdə Azərbaycan xalqının dəyərləridir. O dəyərlərdə bizim tariximiz, coğrafiyamız, etnoqrafiyamız, folklorumuz, milli kimliyimizin digər mühüm elementləri öz əksini tapıb. Lakin təəssüf ki, bu məsələnin nə qədər əhəmiyyətli olduğunu hələ də bəzi qurumlara başa sala bilmirik. Təsəvvür edin, bu gün Azərbaycanın ən müxtəlif yerlərində Qərbi Azərbaycanla bağlı muzey eksponatları toplanıb. Biri Bakı şəhərindəki 99 saylı məktəbin bir sinif otağında, digəri Sumqayıt şəhərinin tarix-diyarşünaslıq muzeyinin fondlarında, üçüncüsü Naxçıvanın Şərur rayon tarix-diyarşünaslıq muzeyində və s. Şəxsi evlərdə də çoxlu sayda nadir əşyalar saxlanmaqdadır. Bunlar zaman-zaman it-bata düşəcək, onlar bizim milli sərvətlərimizdir, muzeylərə toplanmalı və qorunmalıdır. Amma ayrı-ayrı muzeylərə yox, vahid bir muzeyə. Necə olur ki, Azərbaycanda hər rayonun öz diyarşünaslıq muzeyi var, 30-dan artıq rayonu ehtiva edən Qərbi Azərbaycan boyda bir coğrafiyamızın diyarşünaslıq muzeyi ola bilmir?!
Digər tərəfdən, biz Qərbi Azərbaycanla bağlı çox böyük tarixi həqiqətləri dünyaya çıxarırıq, onları bu həqiqətlərə inandırmağa çalışırıq, amma xaricdən ölkəmizə gələn insanları Qərbi Azərbaycan adlı bir muzeyə aparıb o coğrafiyaya aid dəlil-sübutları, video-foto görüntüləri onlara göstərə bilmirik. Digər tərəfdən, bəli, biz gec-tez öz ata-baba yurdlarımıza qayıdacağıq, bəs bu gün bu nadir eksponatları qorumasaq, sabah özümüzlə nəyi geri qaytaracağıq? Buna görə də Bakı şəhərində təcili olaraq “Qərbi Azərbaycan Muzeyi” adlı böyük bir muzey-kompleks yaradılmalı və orada muzey eksponatları ilə yanaşı, bizim deportasiya, soyqırımı və etnik təmizləmə tariximiz xronoloji ardıcıllıqla öz əksini tapmalıdır. Həmin muzeyə xarici qonaqlarla yanaşı, orta məktəb şagirdlərinin ekskursiyaları təşkil olunmalıdır. Övladlarımız Qərbi Azərbaycan həqiqətlərini təkcə kürsülərdən eşitməməlidirlər, hətta təkcə dərsliklərdən də oxumamalıdırlar, həm də əyani şəkildə görməlidirlər. Biz sabah ata-baba yurdlarına qayıdacaq yeni nəslimizi bu cür yetişdirməliyik. Biz Ermənistanda orta məktəbdə oxuyanda ermənilər bunu edirdilər, təkcə erməni məktəblilərini yox, azərbaycanlı şagirdləri də qondarma erməni soyqırımı abidəsinə “ekskursiyaya” aparırdılar.
"Qərbi azərbaycanlılar hüquqi cəhətdən Ermənistan vətəndaşlarıdır".
- Ermənistan hökumətinə vətəndaşlıqla bağlı rəsmi müraciət etməyi düşünürsünüzmü? Əgər etsəniz, bu hansı prinsiplərə əsaslanacaq?
- Birincisi, sonuncu deportasiya zamanı Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən qovulan insanların böyük əksəriyyəti o vaxt heç Ermənistan SSR vətəndaşlığından – pasport qeydiyyatından çıxmağa macal tapmadı. Deməli, onlar hüquqi cəhətdən bu gün də Ermənistan vətəndaşı olaraq qalırlar. İkincisi, biz belə bir müraciətlə Ermənistanın Baş nazirinə ilk gündən müraciət etmişik, lakin təəssüf ki, hələlik heç bir cavab almamışıq. Amma mütləq cavab alacağıq və bu proses Ermənistan hökumətinin bizim və varislərimizin ata-baba ocaqlarımıza qayıdış hüququmuzu tanıması ilə başlamalıdır. Prosesin bundan sonrakı detallarını isə artıq masa arxasında əyləşib müzakirə etmək olar. Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasında bu qayıdışın bütün detalları öz əksini tapıb.
- Beynəlxalq təşkilatlar qarşısında Qərbi Azərbaycan məsələsini qaldırmaq üçün hansı yeni addımlar atılır?
- Beynəlxalq təşkilatlar qarşısında Qərbi Azərbaycan məsələsi ilə bağlı ilk gündən sistemli iş aparılır və bu barədə vaxtaşırı ictimaiyyətə məlumat verilir. İcmamızın 10-dan artıq sənədinin BMT-nin rəsmi sənədi kimi bu qurumun bütün rəsmi dillərində və üzvü olan bütün ölkələri arasında yayılması bunun əyani sübutudur. Lakin bu gün Qərbi Azərbaycan həqiqətlərini dünya insanına çatdırmaq məsələsində ciddi çətinliklərimiz var. Çünki ermənilər onillər, yüzillər boyu öz yalanları ilə dünya insanının beynini doldurublar. Hətta bəzi ölkələrdə bu proses bir neçə nəsil üzərində aparılıb. İndi onları digər – əsl həqiqətə inandırmaq çox çətindir, bəzən heç vəchlə mümkün olmur. Çox təəssüf ki, qarşı tərəfdə bütün diaspor və lobbi təşkilatları bu işə səfərbər olunduğu halda, biz bunu hələ edə bilməmişik. Ona görə də ən müxtəlif ölkələrdə beynəlxalq tədbirlərin sayını artırmağa çalışırıq və bu zaman məruzə, çıxış və müzakirələrdə üstünlüyü məhz xarici mütəxəssislərə veririk, qoy xarici ölkələrin auditoriyaları əsl həqiqəti öz nümayəndələrinin dilindən eşitsinlər. Bu, məsələnin bir tərəfi. Digər ən vacib tərəfi isə odur ki, bu günə qədər ermənilərin xüsusilə son 100 ildə bütün dünya boyu yaydıqları yalanlarla dolu saysız-hesabsız təbliğat materiallarının – kitabların, kitabçaların, plakat-lövhə və s.-nin iki-üç qatını 5-10 ildə hazırlayıb müxtəlif dillərdə dünyaya yaymalıyıq. Soruşa bilərsiniz ki, buna gücümüz varmı? Və sizə tam qətiyyətlə cavab verirəm ki, İcma olaraq bunun təkcə iki-üç qatına yox, on qatına gücümüz var. Çatmayan bircə şeydir – vəsait. Əlbəttə, hər şeyi dövlətdən ummağımız düz deyil, Azərbaycanın kifayət qədər imkanlı şəxsləri və qurumları var, hamısı bu ümummilli işə öz töhfəsini verməlidir.
- Azərbaycanın diplomatiyasında Qərbi Azərbaycan məsələsinin gündəmdə saxlanılması üçün hansı təklifləriniz var?
- Azərbaycan son 30 ildə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çox böyük işlər gördü, bütün dövlət qurumları, vətəndaş cəmiyyəti nümayəndələri, səfirliklər, diaspor təşkilatları bu işə səfərbər olundu. Təkcə Leyla xanım Əliyevanın “Xocalıya ədalət” kampaniyası Xocalı soyqırımının dünyada tanınmasında çox böyük rol oynadı. Bu gün Qarabağla bağlı aparılan o işlərin tempini olduğu kimi saxlamaqla Qarabağ sözünün yerinə Qərbi Azərbaycan yazılmalıdır. Bütün fəaliyyətlər Qərbi Azərbaycan İcmasının əlində olan Qərbi Azərbaycanla bağlı həqiqətləri, faktları, sənədləri dünya ictimaiyyətinə çatdırmağa hədəflənməlidir.
"İcmamıza heç yaxın gəlməyən Qərbi azərbaycanlılar da var"
- Vəzifəli Qərbi azərbaycanlılarla – deputatlar, məmurlar, ictimai xadimlərlə münasibətləriniz necədir? Birgə fəaliyyət mümkündürmü?
- Qərbi Azərbaycan İcmasının məram və məqsədini başa düşən, bu məsələnin mahiyyətini dərk edən hər bir qeyrətli, millətini və dövlətini sevən deputatla, məmurla, ictimai xadimlə, hansı bölgədən olmasından asılı olmayaraq, normal münasibətlərimiz var. İcmamızın işinə ən çox dəstək verən qeyri-Qərbi azərbaycanlı da var, İcmamıza heç yaxın gəlməyən Qərbi azərbaycanlı da. Bu, ilk növbədə hər bir kəsin öz şəxsi keyfiyyətləri, dövlətə sədaqəti, millətə sevgisi ilə bağlıdır. Qarabağ məsələsi kimi, Qərbi Azərbaycan məsələsi də hər bir şəxs üçün ilk növbədə qeyrət, şərəf, namus məsələsidir. Bunlar da elə dəyərlərdir ki, insanda ya olur, ya da olmur. Olanlardan onları almaq, olmayanlara isə onları vermək qeyri-mümkündür. Biz, İcma olaraq, millətin və dövlətin maraqlarını şəxsi və qrup maraqlarından üstün tutan hər kəslə işləməyə hazırıq və işləyirik.
- İcmanın daxilində fikir ayrılıqları və ya mübahisələr yaşanırmı? Bunlar necə həll olunur?
- Təbii, İcmanın aktiv fəaliyyətindən narahat olan qüvvələr və onlara xidmət edənlər istəyər ki, İcma daxilində fikir ayrılıqları və ya mübahisələr olsun və İcmanın hədəfə doğru fəaliyyəti durdurulsun, yaxud zəifləsin. Amma İcma elə bir müqəddəs amal uğrunda mübarizə aparır ki, nə bu prosesi durdurmaq mümkündür, nə də bu prosesə qoşulan insanlara “dur” demək. Ona görə də İcmanın daxilində fikir ayrılıqları və ya mübahisələrin olması barədə vaxtaşırı yayılan feyk xəbərlər heç vaxt öz təsdiqini tapmır, elə xəbər kimi doğulur, xəbər kimi də ölür.
- Dərsliklərdə Qərbi Azərbaycan mövzusunun əks olunması ilə bağlı hansı işlər görülür? Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq varmı?
- Şübhəsiz, Qərbi Azərbaycana qayıdış Qarabağ müharibəsindən sonrakı dövr üçün dövlətimizin və millətimizin strateji hədəflərindən biridir və bu baxımdan dərsliklərimiz də yenilənməli və onlara, xüsusilə tarix, coğrafiya, Azərbaycan dili, ədəbiyyat dərsliklərinə Qərbi Azərbaycan həqiqətləri barədə oçerklər, mətnlər, şəkillər daxil edilməlidir. Hətta yaxşı olar ki, Qərbi Azərbaycanla bağlı əlavə dərs vəsaiti nəşr və tədris olunsun. Biz bu məsələdə dərslik müəlliflərinə dəstək olmaq üçün Elm və Təhsil Nazirliyinə onlarla İcmada görüş keçirməyi təklif etmişik. Elm və Təhsil Nazirliyi Qərbi Azərbaycana qayıdış ideyasına ən çox dəstək verən dövlət qurumlarından biridir və artıq neçə ildir ki, nazirlik İcmamızla birgə bir sıra layihələr də həyata keçirir, onlardan biri də hər il orta məktəb şagirdləri arasında Qərbi Azərbaycan mövzusunda keçirilən olimpiadadır. Elə hesab edirəm ki, gənc nəslin Qərbi Azərbaycanla bağlı maarifləndirilməsi sahəsində nazirliyin gördüyü işlər öz bəhrəsini verəcəkdir.
- İcmanın gənclərlə işin təşkili nə yerdədir? Ümumi baxdıqda İcmanın adına fərqli sosial media hesabları var, onların paylaşımları gənclərin qarşısına daha çox çıxır və çaşqınlıq yarada bilər. Bu yöndə nələr etməyi planlayırsınız və sizcə həmin şəxslərin məqsədi nədir?
- İcmanın aparıcı şuralarından biri də 150 nəfərlik Gənclər Şurasıdır. Bu Şurada 150 nəfərə yaxın fəal gəncimiz birləşib. Şuranın sədri və iki nəfər müavini Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Şura İcmanın tədbirlərində və gənclər arasında fəal iş aparır. Təkcə belə bir faktı xatırladım ki, Şura hər il Qərbi Azərbaycanın rayonları arasında Qərbi Azərbaycan kuboku uğrunda mini futbol çempionatı keçirir və bu il də 19 rayon arasında belə bir yarış keçirildi. Bundan başqa, Gənclər Şurası vaxtaşırı müxtəlif universitetlərin tələbələri ilə İcma rəhbərliyində təmsil olunan insanların görüşlərini keçirir, İcma nümayəndələri məsələ ilə bağlı gənclərin suallarını cavablandırır. Sonuncu belə tədbirlərdən biri ADA Universitetinin tələbələri ilə oldu.
O ki qaldı gənclərin sosial şəbəkələrdə aktivliyi məsələsinə, bu, gəncliyə xas olan xüsusiyyətdir. Üstəlik, özünü göstərmək, cəmiyyətdə görünmək cəhdləri də gəncliyə xas xüsusiyyətlərdəndir. Qərbi Azərbaycana qayıdış ideyası gündəmdə olduğu üçün gənclər arasında bu ideyaya maraq göstərənlər də kifayət qədərdir. Onları da iki qrupa bölmək olar, birincisi, bu ideyaya səmimi olaraq xidmət etmək istəyənlər, ikincisi, bu ideyadan sui-istifadə edənlər. İcmanın öz media hesablarına daim nəzarət edən strukturları var və onlar da imkan daxilində çalışırlar ki, bu sahədəki neqativ halların qarşısını vaxtında alsınlar.
- Xaricdə yaşayan Qərbi azərbaycanlıların bir mərkəzdə birləşdirilməsi üçün konkret təşəbbüsləriniz varmı?
- Qərbi Azərbaycan İcmasının Nizamnaməsinə görə, xarici ölkələrdə İcmanın nümayəndəlikləri yaradıla bilər və İcmamız ilk gündən bu istiqamətdə iş aparır. Artıq bir neçə ölkədə nümayəndəliyimiz fəaliyyət göstərir. Bu nümayəndəliklər ilk növbədə xaricdə yaşayan Qərbi azərbaycanlıları birləşdirən mərkəz funksiyasını yerinə yetirir və yetirəcəkdir. Şübhə etmirəm ki, bu nümayəndəliklər ən müxtəlif ölkələrdə diaspor və lobbi təşkilatlarının güclənməsinə də öz töhfəsini verəcəkdir.
- Qaçqınların əmlak hüquqlarının tanınması istiqamətində beynəlxalq məhkəmələrə müraciət etmək planınız varmı?
- Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının 4.6. bəndi bütövlükdə qaçqınların mülkiyyət məsələlərinə həsr olunub. Həmin bənddə birmənalı şəkildə yazılıb ki, “Azərbaycanlılara qarşı törədilmiş bütün hüquq pozuntuları kimi, mülkiyyət hüququnun pozulmasının nəticələrinin aradan qaldırılmasına görə də Ermənistan hökuməti məsuliyyət daşıyır. Ermənistan hökuməti azərbaycanlılara məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, mülkiyyətə vurulmuş zərərə və mülkiyyətdən istifadənin qarşısının alınmasına görə yaranmış itkilərə görə kompensasiya ödəməlidir. Ermənistan hökuməti azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir”.
Beynəlxalq məhkəmələrə müraciət etmək üçün isə öncə qaçqınlarımıza son 37 il ərzində dəymiş ziyan hesablanmalı, qiymətləndirilməlidir. Biz İcma olaraq dəymiş ziyanın hesablanmasını başa çatdırmağa çalışırıq, qiymətləndirməni isə beynəlxalq qiymətləndirmə mütəxəssisləri həyata keçirməlidirlər. Şübhəsiz ki, bu məsələnin gələcəkdə beynəlxalq məhkəmələrə daşınması istisna olunmur. Ölkələrdən hər hansı biri bu məsələnin beynəlxalq məhkəmələrə daşınmaması istəyində olarsa, onda zərərçəkmiş insanlara dəymiş ziyanı öz büdcəsindən ödəmək öhdəliyini üzərinə götürməli olacaq.
- Qərbi azərbaycanlıların geri dönüş prosesi necə olmalıdır: mərhələli şəkildə, yoxsa kütləvi formada?
- Onu zaman və şərait diktə edəcək. Biz isə həmin zamana və şəraitə hazır olmalıyıq. Çox keçməz ki, biz sizinlə birgə bu tarixi prosesin şahidi olacağıq.
- Bu yaxınlarda Milli Məclisdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi təklifi verildi. Siz bu komitənin fəaliyyətini necə qiymətləndirirsiniz və onun adı dəyişdirilməlidirmi?
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi uzun müddət məcburi köçkünlərin problemləri ilə məşğul olub. Uğurları da göz qabağındadır. İndi də İcma olaraq Komitə ilə sıx əməkdaşlıq şəraitində çalışırıq. Qalan məsələlər cənab Prezidentin səlahiyyətinə aid olan məsələlərdir.
- Sizin fikrinizcə, Qərbi Azərbaycan İcmasının yaxın 10 ildə ən böyük uğuru nədən ibarət ola bilər?
- İnsanlarımızın Qərbi Azərbaycanın bütün bölgələrinə sərbəst gediş-gəlişinin və köçüb daimi yaşamasının təmin olunması. Biz 37 il o günü gözləmişik və daha 37 il gözləməyə nə həvəsimiz var, nə də hövsələmiz. Qarşı tərəf də bunu anlamalıdır.
- Yeri gəlmişkən, oktyabrın 5-də 65 yaşınız tamam olur. Sizi hamı Qaçqınlar Cəmiyyətindən tanıyır. Konkretləşdirsək, ömrünüzü Qərbi Azərbaycana xərcləmisiniz.
- Mən və mənim ailəm, qohumlarım, çevrəm hamımız sonuncu deportasiyanın qurbanlarıyıq. 1987-ci ildən başlayaraq əvvəl Ermənistanda, sonra da Azərbaycanda gedən bütün ictimai-siyasi proseslərin içində olmuşam. Evin kiçik oğlu olduğum üçün valideynlərimlə bir yerdə yaşamışam və qaçqınlığın bütün ağrı-acılarını, bütün məhrumiyyətlərini, bütün sıxıntılarını bir yerdə yaşamışıq. Atamın timsalında atalarımızın, anamın timsalında analarımızın qaçqın taleyini, Vətən həsrətini necə yaşadıqlarının, Vətən həsrəti ilə dünyadan necə köçdüklərinin şahidi olmuşam. Bəlkə elə ona görə də 1986-cı ildən üzərində işlədiyim elmi işimi başa çatdırıb, 1992-ci ilin fevralında müdafiə edib elmi dərəcə aldıqdan sonra bütün elmi-ictimai fəaliyyətimi Qərbi Azərbaycana həsr etmişəm. Azərbaycan Qaçqınlar Cəmiyyətinə 2014-cü ildən rəhbərlik etsəm də, Cəmiyyət yaranan ilk gündən onun strukturlarında çalışmışam, əvvəl uzun müddət qəzetində, sonra da təşkilatın özündə. İndi dönüb geriyə baxanda peşman deyiləm, xeyli səmərəli fəaliyyət göstərmişəm, bir ailənin yükünü çiynimdə daşımağıma baxmayaraq, 500-dən artıq elmi-publisistik məqalə, 50-dən artıq kitab yazıb nəşr etmişəm. Məqalələrimin də, kitablarımın da yarıdan çoxu Qərbi Azərbaycana həsr olunub.
- Ömrün 65 yaşı, Qərbi Azərbaycansız 65 yaş, 65 yaşlı İcma rəhbəri, Milli Məclıisin deputatı... Siz həyatın hansı mərhələsindəsiniz?
- Ömrün 65 yaşı... İlk baxışda böyük rəqəmdir, amma hələ ki bu rəqəmin ağırlığını hiss etmirəm. Elə 20 il, 30 il əvvəlki kimi, gün ərzində istədiyim qədər işləyə bilirəm. “Qərbi Azərbaycansız 65 yaş” fikrinizlə isə razı deyiləm, mən bir gün də Qərbi Azərbaycansız olmamışam. Elə gün olmaz ki, vaxtımın çoxunu Qərbi Azərbaycan probleminə həsr etməyim, o insanların arasında olmayım, axşamlar da azı bir neçə saat yazı masası arxasında Qərbi Azərbaycanla bağlı araşdırmalarla məşğul olmayım. Bir dəfə jurnalist məndən soruşdu ki, o doğma yerlər tez-tezmi yadıma düşür? Mən ona cavab verdim ki, o yerlərdən heç ayrılmamışam ki və bu cavabımda tamamilə səmimi idim. Təvazökarlıqdan uzaq olsa da, Meğridən Amasiyaya, Vedidən Göyçəyə qədər Qərbi Azərbaycanın hər qarışını əzbər bilirəm və öz doğma kəndim qədər sevirəm. Yeni Azərbaycan Partiyasının namizədi kimi Milli Məclisin deputatı olmağım, İcma rəhbəri seçilməyim isə heç şübhəsiz, ilk növbədə Ali Rəhbər tərəfindən mənə göstərilən böyük etimadın nəticəsidir və mən bütün gücümlə çalışıram ki, bu etimadı doğruldum.
- Gənclərə, xüsusilə Qərbi Azərbaycan gənclərinə tövsiyələriniz nələrdir?
- Bütün gənclərə bir tövsiyəm var: heç vaxt işdən qorxmasınlar, çalışmaqdan yorulmasınlar, insan işlədikcə bıçaq kimi bülövlənir, itilənir, istedadı cilalanır, potensialı üzə çıxır. Bir də millətlərini və dövlətlərini sevsinlər, milli dəyərlərinə sahib çıxsınlar. Vətənin bir çimdik şoran torpağını bir ovuc qızıldan, bir çınqıl qara daşını bir qucaq daş-qaşdan daha əziz, daha qiymətli bilsinlər, dəyərli tutsunlar. Qərbi Azərbaycan gəncləri isə bir şeyi yaddan çıxarmasınlar: onlar bu gün harada yaşasalar da, hamısının kökü – babalarının, babalarının babalarının məzarları Zəngəzurdadır, Göyçədədir, Dərələyəzdədir, İrəvandadır və digər Qərbi Azərbaycan torpaqlarındadır. O torpaqlar bizim şəhid torpaqlarımızdır, o torpaqların altında əcdadlarımızın yatan məzarları şəhid məzarlardır. O torpaqlar düşmən tapdağı altında olduqca, biz hamımız şəhid övladlarıyıq, şəhid balalarıyıq, şəhid ailələriyik. O torpaqlara qayıtmağa da, o torpaqlar uğrunda mübarizə aparmağa da həmişə hazır olsunlar!