Modern.az

Rəbiyyət Aslanova: «Şuşaya getmək istərdim»

Rəbiyyət Aslanova: «Şuşaya getmək istərdim»

27 Oktyabr 2009, 20:48

st1:*{behavior:url(#ieooui) }

- Rəbiyyət xanım, bugünlərdə Moskvada Azərbaycan və Ermənistan deputatlarnın birgə görüşü keçirilib. Sizcə, bu cür görüşlərin keçirilməsi vacibdirmi?

- Təbii ki, bu cür görüşlərin keçirilməsi əhəmiyyətlidir. Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə məşğul və ATƏT-in Minsk qrupunun  həmsədrlərindən biri olan Rusiyanın paytaxtında belə bir görüşün keçirilməsi önəmlidir. Onu da qeyd edim ki, Cənubi Qafqazda hər hansı bir problemin, münaqişənin həllində başqa dövlətlərdən daha çox maraqlı olan məhz Rusiyadır. Odur ki, məlum görüş zamanı Rusiyanın mövqeyi maraqlı idi.  Ancaq bu mövqe ilə də bağlı razılaşdığımız və razılaşmadığımız məqamlar mövcuduydu.

- Bu görüşün davamı olaraq Azərbaycan və Ermənistan parlament nümayəndə heyətlərinin Dağlıq Qarabağa da birgə səfəri rusiyalı parlamentarilərin iştirakı ilə mümkündürmü? Bu məsələ Moskvadakı görüşdə müzakirə olundumu?

- Bəli, müzakirə olundu. Həmin görüşdə Rusiya tərəfindən daha çox elə Ermənistan tərəfi bu məsələni dilə gətirdi. Yəni, ermənistanlı parlamentarilərin Azərbaycana, azərbaycanlı  deputatların İrəvana səfərlərinin reallaşdırılmasının  məqsədəuyğunluğu qeyd olundu. Onlar belə hesab etdilər ki, daha çox gəlib-getdikcə aradakı buzlar əriyə bilər. Və bu baxımdan onların Bakıya gəlmək təklifini biz normal qəbul etdik. Gəlsinlər, görsünlər. Görsünlər ki, Bakıda, ümumiyyətlə, Azərbaycanda necə böyük inkişaf var. Eyni zamanda düşünürəm ki, burada da heç bir qəbahət yoxdur. Onu da bilirsiniz ki, bu yeni bir mərhələdir. Bu gün beynəlxalq münasibətlərdə müşahidə olunan bəzi məqamlar, dəyişikliklər var. Bu, artıq konfliktlərin həllində bir uğursuzluğa gətirib çıxarır. Çünki bu gün beynəlxalq hüquq normalarına bir etinasızlıq, hörmətsizlik nümayiş etdirilir və bu yollarla bəzi məsələlərin həllinə çalışılır. Ancaq bununla belə xalq diplomatiyası kimi, parlamentlərarası münasibətlərin yeni bir formatda inkişaf etdirilməsi kimi ermənistanlı deputatların Azərbaycana gəlmələrinə hansısa bir etirazımız yoxdur. Onu da yaxşı bilirsiniz ki, bizim bir qrup ziyalımız Şuşada, Xankəndində, İrəvanda olublar. İndi onların Azərbaycana gəlmək istəyi varsa, buyursunlar gəlsinlər.

- Ümumiyyətlə, yaxın zamanlarda belə bir görüşün, səfərin olması gözləniləndirmi?

- Hələ bununla bağlı konkret bir söz deyilməyib. Amma bu da ola bilər. Niyə də olmasın? Şəxsən mən həmin görüş zamanı söylədim ki, Şuşaya getmək istərdim. Mən çox istərdim ki, Şuşada olum. Şuşa vətənimizdir, ulularımız bu torpaqda uyuyur. Biz onsuz da Şuşaya gələcəyik. İstəsələr də, istəməsələr də biz Şuşaya qayıdacağıq. Yəni bu cür ifadənin altında böyük bir məna var idi: həm özüm gələcəyəm, həm ordum gələcək, həm dövlətim gələcək, həm də orada Azərbaycan bayrağı dalğalanacaq.

- Yeri gəlmişkən, Ermənistan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədr müavini belə bir təkliflə çıxış edib ki, Qazax rayonu ümumi iqtisadi zona elan olunsun…

- Bilirsiniz, təkliflər çoxdur. Mən ümumiyyətlə, dəfələrlə bildirmişəm ki, ortalıqda müxtəlif təkliflər var və bu təkliflərin reallaşıb-reallaşmamasını da zaman göstərəcək. Eyni zamanda, mən həmin görüş vaxtı da demişəm, indi də deyirəm, yalnız və yalnız Qarabağ münaqişəsinin ədalətli həllindən sonra Azərbaycan hər cür əməkdaşlığa hazırdır.  

"Modern.az"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi