Modern.az

Bakının torpaq bazarında qiymət artımı baş verməyib

Bakının torpaq bazarında qiymət artımı baş verməyib

Ölkə

30 Oktyabr 2009, 18:27

Sentyabr ayında bazara təklif olunan ümumi 827,7 ha torpaq sahəsinin 76,2%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. “Əmlak bazarı iştirakçıları”  İctimai Birliyindən Modern.az-a verilən məlumatda belə deyilir.

Birliyin məlumatına görə, torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası sentyabr ayında bir qədər zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 0,8% artaraq 239 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb.

Ötən aylarda olduğu kimi sentyabrda da Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 3,6% azalaraq 17474 dollardan 16842 dollara enib.

Qiymət azalması daha çox I və II zonalarda qeydə alınıb. Bu hər iki zonada torpağın bazar qiymətinin real dəyərindən çox baha olması ilə bağlıdır.

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonlar üzrə qiymətlərin enmə tendensiyasını saxlayır. Torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib. Ən çox qiymət azalması Səbail (-10,3%) rayonunda qeydə alınıb. Ötən aylardan fərqli olaraq sentyabrda heç bir rayonda torpağın qiymətində artım  qeydə alınmayıb.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edir. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.

Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Yasamal (Avropa otelinin yaxınlığı) rayonunda (1 sotu 250 min dollar), ən ucuz torpaq sahəsi isə Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda (1 sotu 280 dollar) qeydə alınıb.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub