Modern.az

20 sentyabr Azərbaycanın siyasi tarixində dönüş nöqtəsidir - Azər Kərimli

20 sentyabr Azərbaycanın siyasi tarixində dönüş nöqtəsidir - Azər Kərimli

Aktual

Bu gün, 14:00

“20 Sentyabr Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi siyasi məna daşıyan, dövlət suverenliyinin tam bərpa olunduğu mühüm tarixi mərhələdir”.

Bunu Milli Məclisin deputatı Azər Kərimli Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, 20 Sentyabr yalnız hərbi əməliyyatların başa çatdığı günü deyil, Azərbaycan dövlətinin öz ərazisi üzərində suveren hakimiyyətinin tam bərpa olunduğu mərhələni ifadə edir:

“Başqa sözlə, 20 Sentyabr Azərbaycan üçün ərazi bütövlüyünün bərpası ilə suverenliyin faktiki reallaşması arasındakı tarixi məsafənin aradan qalxdığı nöqtədir.

Suverenlik anlayışının mahiyyəti də məhz burada üzə çıxır. Dövlətin suverenliyi yalnız onun beynəlxalq səviyyədə tanınmış sərhədlərə malik olması ilə ölçülmür. Ərazi bütövlüyünün hüquqi baxımdan tanınması mühüm şərtdir, lakin kifayət deyil. Həmin ərazidə dövlət hakimiyyətinin aliliyi, konstitusion quruluşun bütövlüyü, inzibati idarəetmənin işləməsi, təhlükəsizliyin təmin edilməsi və dövlət institutlarının fasiləsiz fəaliyyəti suverenliyin real məzmununu təşkil edir.

Azərbaycanın otuz ildən artıq davam edən işğal təcrübəsi bu baxımdan xüsusi siyasi-hüquqi əhəmiyyət daşıyır. İşğal dövründə Azərbaycan ərazilərinin hüquqi statusu dəyişməmişdi. Beynəlxalq hüquq həmin əraziləri Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Lakin hüquqi statusla faktiki vəziyyət arasında ciddi uyğunsuzluq yaranmışdı. Azərbaycan dövlətinin suveren hüquqları mövcud olsa da, onların bir hissəsi uzun müddət faktiki olaraq həyata keçirilə bilmirdi.

Təxminən otuz il davam edən danışıqlar prosesinin nəticəsizliyi də bu kontekstdə qiymətləndirilməlidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün təsdiq olunmasına və işğal olunmuş ərazilərdən silahlı qüvvələrin çıxarılmasına dair tələblər əks olunsa da, həmin qərarların icrası təmin edilmədi. Beləliklə, beynəlxalq hüquqi çərçivə mövcud olduğu halda, siyasi reallıq uzun müddət həmin çərçivəyə uyğunlaşdırılmadı”.

A.Kərimlinin sözlərinə görə, 2020-ci ilin Vətən müharibəsi bu vəziyyəti köklü şəkildə dəyişdi:

“44 günlük müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. İşğal altında olan ərazilərin böyük hissəsinin azad edilməsi və sonrakı proseslər regionda yeni siyasi reallıq yaratdı. Lakin 2020-ci ilin nəticələrini suverenliyin tam bərpası ilə eyniləşdirmək doğru olmazdı. Çünki Qarabağda separatçı idarəetmə strukturları və qanunsuz hərbi birləşmələr hələ də mövcudluğunu saxlayır, Azərbaycan dövlətinin konstitusion hakimiyyəti ərazinin bütün hissəsində faktiki şəkildə həyata keçirilmirdi.

Bu səbəbdən 2020-ci ildən sonrakı mərhələnin əsas məsələsi ərazi bütövlüyünün bərpasından suverenliyin tam təmin edilməsinə keçid idi. 23 aprel 2023-cü ildə Laçın istiqamətində dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması bu prosesin mühüm mərhələlərindən biri oldu. Sərhəd üzərində nəzarət dövlət suverenliyinin fundamental göstəricilərindəndir”.

Deputat qeyd edib ki, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi üzərində konstitusion hakimiyyətinin tam bərpasını təmin etdi:

“Separatçı strukturun mövcudluğuna son qoyuldu və Azərbaycan Respublikasının konstitusion quruluşunun Qarabağda bərpası təmin edildi. Bununla da 1991-ci ildə bərpa olunmuş müstəqilliyin qarşısında dayanan əsas strateji məsələlərdən biri – dövlətin beynəlxalq səviyyədə tanınmış bütün ərazisi üzərində vahid hakimiyyətinin təmin olunması öz həllini tapdı.

Bu hadisənin siyasi əhəmiyyəti hərbi nəticələrdən daha genişdir. Çünki dövlətçilik baxımından müharibənin başa çatması ilə suverenliyin möhkəmlənməsi eyni proses deyil. Müharibə müəyyən siyasi məqsədə nail olmaq üçün vasitədir, suverenliyin davamlılığı isə həmin nəticənin hüquqi, inzibati, iqtisadi və sosial institutlarla möhkəmləndirilməsini tələb edir”.

A.Kərimli vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq siyasəti yalnız iqtisadi və sosial layihələr toplusu kimi qiymətləndirilməməlidir:

“Burada daha fundamental dövlətçilik prosesi gedir. Dövlətin ərazidə mövcudluğu yolların, məktəblərin, xəstəxanaların, enerji sistemlərinin, inzibati binaların və yaşayış komplekslərinin yaradılması ilə konkret məzmun qazanır. Dövlətin suverenliyi özünü yalnız bayraq və gerb kimi simvollarda deyil, vətəndaşın gündəlik həyatında hiss etdiyi hüquqi və sosial reallıqda göstərir.

Xankəndinin timsalında bu transformasiyanı xüsusilə aydın müşahidə etmək mümkündür. Şəhərdə Azərbaycan Dövlət Bayrağının ucaldılması siyasi baxımdan mühüm simvolik akt idi. Lakin suverenliyin davamlılığı bundan sonrakı proseslərlə ölçülür. Qarabağ Universitetinin yaradılması, yaşayış və ictimai infrastrukturun bərpası, hotel və biznes obyektlərinin fəaliyyətə başlaması, enerji təminatının qurulması, dəmir yolu və avtovağzal kompleksinin layihələndirilməsi Xankəndinin yalnız nəzarət altına alınan ərazi deyil, yenidən formalaşdırılan şəhər məkanı olduğunu göstərir.

Qarabağ Universitetinin yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Universitet yalnız təhsil müəssisəsi deyil, postmünaqişə cəmiyyətinin intellektual əsaslarının formalaşdırılmasına xidmət edən institutdur. Ərazilərin bərpası üçün yollar, binalar və istehsal müəssisələri nə qədər vacibdirsə, həmin ərazilərin gələcəyini formalaşdıracaq insan kapitalının hazırlanması da bir o qədər əhəmiyyətlidir”.

Deputatın fikrincə, Xocalı, Xocavənd və Ağdərədə aparılan işlər də dövlət suverenliyinin institusional və sosial məzmununu formalaşdırır:

“Bu ərazilərdə dövlət bayrağının ucaldılması suverenliyin simvolik təsdiqi idisə, yaşayış məntəqələrinin bərpası, əhalinin mərhələli şəkildə məskunlaşdırılması, yolların və enerji infrastrukturunun yaradılması, məktəb, məscid, istehsal və digər obyektlərin istifadəyə verilməsi həmin suverenliyin real məzmununu formalaşdırır.

İşğaldan azad edilmiş ərazilərin bərpasının ən mühüm göstəricilərindən biri həmin ərazilərin yenidən yaşayış məkanına çevrilməsidir. Dövlətin ərazidə uzunmüddətli və davamlı mövcudluğu yalnız inzibati nəzarətlə təmin edilə bilməz. İnsanların həmin ərazilərdə təhlükəsiz və normal həyat sürməsi, iqtisadi fəaliyyətlə məşğul olması, uşaqların təhsil alması, səhiyyə xidmətlərindən yararlanması və sosial mühitin formalaşması suverenliyin dayanıqlılığının əsas şərtləridir”.

A.Kərimli hesab edir ki, Qarabağda həyata keçirilən prosesə klassik “yenidənqurma” anlayışından daha geniş yanaşmaq lazımdır:

“Burada, əslində, postmünaqişə dövlət quruculuğu modeli formalaşır. Dağıdılmış infrastrukturun bərpası keçmişin nəticələrinin aradan qaldırılmasıdırsa, yeni şəhər və kəndlərin planlaşdırılması gələcək üçün institusional çərçivənin yaradılmasıdır.

20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsinin siyasi mahiyyəti də məhz bu tarixi transformasiya ilə bağlıdır. Dövlətlərin siyasi yaddaşında müəyyən tarixlər yalnız keçmiş hadisələri xatırlamaq üçün deyil, milli dövlətçilik konsepsiyasının əsas mərhələlərini simvollaşdırmaq üçün təsbit olunur. 20 Sentyabr da Azərbaycanın müasir tarixində belə bir funksiyanı yerinə yetirir.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının öz siyasi taleyini müəyyən etmək hüququnun reallaşması idisə, sonrakı onilliklər həmin müstəqilliyin qorunması və dövlət ərazisinin bütövlüyünün təmin edilməsi uğrunda mübarizə ilə xarakterizə olundu. 2020-ci il bu mübarizənin hərbi-siyasi nəticəsini müəyyənləşdirdi, 2023-cü il isə suverenliyin tam bərpasını təmin etdi. Beləliklə, 20 Sentyabr həmin tarixi xəttin yekunlaşdığı və yeni dövlətçilik mərhələsinin başladığı simvolik tarixə çevrildi”.

Deputat bildirib ki, Konstitusiya ilə suverenlik bir-birini tamamlayan anlayışlardır:

“Konstitusiya dövlətin hüquqi əsaslarını, suverenlik isə həmin hüquqi əsasların müəyyən ərazi və siyasi məkan daxilində real şəkildə həyata keçirilməsini ifadə edir. Birinin digərindən ayrılması mümkün deyil. Konstitusion dövlətin mövcudluğu üçün suveren ərazi və vahid hakimiyyət, suveren dövlətin dayanıqlılığı üçün isə hüquqi və institusional sistem zəruridir.
Azərbaycanın qarşısında duran yeni mərhələ məhz bu iki istiqamətin daha da möhkəmləndirilməsidir. Ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası böyük tarixi nəticədir. Lakin dövlətçilik baxımından əsas məsələ bu nəticənin uzunmüddətli inkişaf üstünlüyünə çevrilməsidir. Suverenliyin qorunması artıq yalnız sərhədlərin müdafiəsi məsələsi deyil. O, iqtisadi dayanıqlılıq, sosial rifah, insan kapitalı, texnoloji inkişaf, hüquqi institutların səmərəliliyi və dövlət idarəçiliyinin keyfiyyəti ilə birbaşa bağlıdır”.

A.Kərimli əlavə edib ki, Qarabağda aparılan bərpa prosesi Azərbaycanın ümumi inkişaf strategiyasının ayrılmaz hissəsidir:

“Yeni yollar ölkənin nəqliyyat sisteminə, enerji layihələri milli enerji təhlükəsizliyinə, istehsal müəssisələri iqtisadi aktivliyə, universitet və məktəblər insan kapitalına, turizm və mədəniyyət layihələri isə regional inteqrasiyaya xidmət edir. Beləliklə, vaxtilə münaqişə və işğalın simvoluna çevrilmiş ərazilər tədricən iqtisadi və sosial inkişafın yeni məkanlarına transformasiya olunur.

Bu transformasiyanın başqa bir mühüm tərəfi milli yaddaşın qorunmasıdır. Xocalı Soyqırımı Memorialının yaradılması kimi layihələr keçmişin unudulmamasını təmin etməklə yanaşı, tarixi yaddaşın dövlətçilik konsepsiyasına inteqrasiyasına xidmət edir. Dövlət yalnız ərazini bərpa etmir; həmin ərazinin tarixi yaddaşını, mədəni irsini və milli kimliklə əlaqəsini də yenidən qurur”.

Deputat sonda vurğulayıb ki, 2023-cü ildə dövlət suverenliyinin tam bərpa edilməsi tarixi mərhələnin sonu olmaqla yanaşı, yeni mərhələnin başlanğıcıdır:

“İndi əsas məsələ əldə edilmiş hərbi-siyasi nəticənin davamlı dövlətçilik modelinə çevrilməsidir. Bunun üçün ərazi üzərində nəzarət dövlət idarəçiliyi ilə, dövlət idarəçiliyi sosial-iqtisadi inkişafla, sosial-iqtisadi inkişaf isə insan kapitalının və milli həmrəyliyin möhkəmləndirilməsi ilə tamamlanmalıdır.

Bu mənada 20 Sentyabrın mahiyyəti yalnız suverenliyin bərpa edildiyi gün ifadəsi ilə məhdudlaşmır. Bu tarix Azərbaycan dövlətinin öz ərazisi, siyasi iradəsi və gələcək inkişaf istiqamətləri üzərində tam məsuliyyət daşıdığı yeni mərhələnin başlanğıcını simvollaşdırır.
Əgər müstəqilliyin bərpası dövlət qurmaq hüququnun əldə edilməsi idisə, suverenliyin tam bərpası həmin dövlətin bütün ərazisində vahid siyasi və hüquqi iradənin təmin olunmasıdır. Bundan sonrakı mərhələ isə bu suverenliyin yüksək həyat standartları, güclü institutlar, dayanıqlı iqtisadiyyat və inkişaf etmiş insan kapitalı ilə məzmunlandırılmasıdır.
Bu baxımdan 20 Sentyabr bir tarixi yekun deyil, yeni dövlətçilik fəlsəfəsinin başlanğıc nöqtəsidir”.

Sizə yeni x var
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!