Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə işlərin şimal sərhədindən başlayaraq cənuba doğru aparılması barədə razılığa gəlib.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin açılış mərasimində deyib.
Nazirin sözlərinə görə, delimitasiya prosesinin Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlanması və şimaldan cənuba doğru davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
Ceyhun Bayramov bildirib ki, delimitasiya üzrə Dövlət Komissiyasının tərkibi dəyişməz olaraq qalır. Komissiyaya Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir. Ermənistan tərəfdə də müvafiq komissiyaya Baş nazirin müavini rəhbərlik edir.
XİN rəhbəri qeyd edib ki, ötən müddət ərzində iki ölkənin delimitasiya komissiyaları arasında çoxsaylı görüşlər keçirilib, komissiyaların fəaliyyətini tənzimləyən bir sıra sənədlər hər iki ölkədə qəbul və təsdiq olunub.
“Ümumi sərhədimizin delimitasiyasının hansı istiqamətdən başlayaraq irəliləməsi ilə bağlı razılıq mövcuddur. İşlərin daha çətin olan şimal sərhədindən, Azərbaycan, Ermənistan və Gürcüstanın kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba doğru aparılması və irəliləməsi istiqamətində razılıq və qarşılıqlı anlaşma var”, - deyə Ceyhun Bayramov vurğulayıb.
Nazir daha spesifik məsələlərin delimitasiya komissiyalarının fəaliyyəti çərçivəsində müzakirə olunacağını bildirib.
“Daha spesifik detallara gəldikdə, təbii ki, bütün məsələlər vaxtı və zamanı gəldikcə müzakirə olunacaq və onların da həll olunması gözlənilir. Bu və ya digər yaşayış məntəqələri ilə bağlı məsələlər delimitasiya komissiyasının işi çərçivəsində müzakirə ediləcək”, - XİN rəhbəri əlavə edib.