Modern.az

Azərbyacan Sovet Ensiklopediyası niyə qadağan edilmir?

Azərbyacan Sovet Ensiklopediyası niyə qadağan edilmir?

Ölkə

3 May 2011, 11:40

Ensiklopediya İnstitutu: “ASE ideoloji baxımdan zərərlidir və bu kitaba istinad etmək düzgün deyil”


“Sovet dövründə nəşr olunan Azərbaycan Sovet Ensiklopediyası (ASE) ideoloji baxımdan zərərlidir və bu kitaba istinad etmək düzgün deyil”. Bu sözləri Milli Elmlər Akademiyası Ensklopediya İnstitutunun direktor müavini Asif Sultanov  son zamanlar Azərbyacan tarixi və mədəniyyəti ilə bağlı sorğular zamanı ASE-yə istinadın düzgün olub-olmaması ilə bağlı sualı Modern.az-a şərh edərkən deyib.

A.Sultanovun sözlərinə görə, sovet dövründə nəşr olunan bu ensiklopediyaya indi ideoloji məsələlərlə və ayrı-ayrı şəxsiyyətlərlə bağlı məlumat almaq üçün istinad etmək düzgün deyil.
Ancaq bununla belə A.Sultanov onu da qeyd edib ki, klassik yazıçılarımız, şairlərimiz haqqında olan məlumatlar üçün esiklopediyadan istifadə etmək olar. 

“Fizika-riyaziyyat elmi ilə bağlı, eləcə də coğrafi obyektlər haqqında da bilgi əldə etmək üçün mənbə kimi sovet ensiklopediyasına müraciət etmək olar. Amma, bu kitab fəlsəfə elmi üçün tam yararsızdı. Çünki sovet fəlsəfəsində Marksizm, Leninizm ideyaları önə çəkilirdi. Sovet dövründə bu məsələdə münasibət birtərəfli olub”.

Sovet ensiklopediyasının tam etibarlı mənbə olmadığını deyən A.Sultanov bununla yanaşı, oradakı bəzi mövzlulardan istifadə etməyin mümkünlüyünü də vurğlayıb. Onun sözlərinə görə, ensiklopediyadan istifadə zamanı dövr də nəzərə alınmalıdır.

Bununla yanaşı, direktor müavini vurğulayıb ki, ASE-nin  kitabxanalardan və ali məktəblərdə  istifadədən çıxarılması barədə heç bir göstəriş verilməyib.

Xatırladaq ki, Azərbaycan Sovet Ensklopediyası 1976-cı ildən başlayaraq çap olunmağa başlanıb. 10 çilddə nəfis tərtib olunan bu kitabın sonuncu bölümü 1988-cu ildə nəşr edilib.

Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası 1965-ci ildə görkəmli şair Rəsul Rzanın baş redaktorluğu ilə yaradılıb. Sonra Azərbaycan Sovet Ensiklopediyasına tarix elmləri doktoru, akademik Cəmil Quliyev rəhbərlik edib.

SSRİ-nin süqutuna qədər mötəbər mənbə saylan bu kitab hər evdə, kitabxanada istifadə üçün ciddi mənbə sayılırdı. Amma müstəqillikdən sonra ASE əhəmiyyətini itirdi. Kitabda böyük tarixi hadisələrin birtərəfli, sovet ideoloji baxışlarının ciddi nəzarəti ilə yazılması və təhrifi üzə çıxdı. Hazırda Azərbaycanda 50-70 yaş arası insanlar üçün ASE hələ də özünün mötəbərliyini saxlanması faktlarına da rast gəlinir.

Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı «Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında» sərəncamı olub.
2008-ci il yanvarın 23-də Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” adlı xüsusi cildinin təqdimatı olub.
Azərbaycan Milli Ensiklopediyasının 25 cilddə nəşr etmək nəzərdə tutulub. Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti və elminə dair məlumatların öz əksini tapdığı milli ensiklopediyaya bəzi dünya dövlətləri və tarixi hadisələrlə bağlı bilgilər də daxil ediləcək. Milli ensiklopediya 100 mindən artıq termini əhatə edəcək.

Sədaqət Süleymanova

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar