Modern.az

Qol.az idman saytının bir yaşı tamam olur (fotolar)

Qol.az idman saytının bir yaşı tamam olur (fotolar)

16 Noyabr 2009, 14:48

Noyabrın 17-də Qol.az idman saytının bir yaşı tamam olur. Bu münasibətlə saytın baş direktoru Mirhacib Məcidin müsahibəsini təqdim edirik.

- Belə bir sayt yaratmaq ideyası necə yarandı? - Əslində, bu barədə uzun müddətdir düşünürdük. İlk əvvəl planımızda ümumi ictimai-siyasi  xəbərlər verən sayt yaratmaq var idi. Amma müəyyən səbəblərdən bu fikirdən vaz keçdik. Qol.az-ı yaratmaq ideyası yaranana qədər ölkəmizdə fəaliyyət göstərən idman saytlarını diqqətlə izləyirdim. Bu sahədə bir boşluq vardı. Bundan sonra sırf idman saytı yaratmaq qərarına gəldik. - Saytınızın iş prinsipi nədən ibarətdir? - Bir il ərzində Azərbaycan və dünya futbolunda baş verən ən son xəbərləri oxucularımıza çatdırdıq. Daha çox üstünlüyü isə yerli futbola veririk. Ölkə çempionatımızın oyunları zaman oxucularımıza saytımızda canlı mətn-reportaj təqdim edirik. Bu reportaj vasitəsilə onlar oyunların gedişatından, baş məşqçilər və futbolçuların fikirlərindən dərhal xəbərdar olurlar. Millimizin və klublarımızın matçları zamanı oyunun gedişatında fotosessiyalar yerləşdiririk. Hətta bir dəfə dostlarımdan biri Azərbaycan - Rusiya matçında azarkeşlər arasındakı davanı televiziyada izlədiyini və cəmi beş dəqiqə sonra həmin davanın şəkillərini bizim saytda gördüyünü deyərək təəccüb etmişdi. Bütün bunlarla bərabər dünya futbolunun bir çox tanınmış simaları ilə eksklüziv müsahibələr yayımlayırıq. - Yəqin ki, iş rejiminiz qəzetlərdən fərqlənir. - Təbii. Ümumiyyətlə, kənardan xəbər saytı yaradıb işlətmək asan görünür. Təsadüfi deyil ki, əlinə bir qədər pul düşən adam o dəqiqə sayt açır. Halbuki bu işin çox əziyyətli olduğundan məlumatlı deyillər. Çox ağır iş rejimimiz var. Bəzən oyunlar zamanı əməkdaşlarımız işdən evə gecə 11-12-də gedirlər. Şənbə və bazar günü Azərbaycan çempionatının oyunları olduğundan işdə oluruq, istirahətə vaxt tapmırıq. Xəbəri vaxtı-vaxtında oxucuya çatdırmaq üçün var gücümüzlə çalışırıq. Demək olar ki, günün 15-16 saatı saytın üzərində işləyirik. - Bir il bir sayt üçün çox qısa zamandır. Amma bu müddətdə özünüzə xeyli oxucu toplaya bilmisiniz. - Mən həmişə qeyd etmişəm ki, Qol.Az-ın bu səviyyəyə çatmasında ən böyük pay sahibi bizim kollektivdir. Bu işdə, artıq müəyyən mənada öz sözlərini demiş gənc və istedadlı əməkdaşlarımız var. Məhz onların sayəsində gündəlik KİV-in böyük əksəriyyəti bizim materiallardan istinad edərək yayımlayır. Biz həmişə oxucuya dəqiq və səviyyəli xəbər verməyə çalışmışıq. Təbii ki, bununla kifayətlənmək niyyətində deyilik və işlərimizi daha da böyütmək istəyirik. İlk növbədə Qol.Az-da yalnız futbol yox, idmanın bütün növlərindən xəbərlər vermək istəyirik. Fürsətdən istifadə edib Gənclər və İdman Nazirliyini, bütün idman federasiyalarını bizimlə əməkdaşlıq etməyə dəvət edirəm. Yeni internet versiyamız yaxın bir neçə gün ərzində oxucuların ixtiyarına veriləcək. İdmançılarımız, futbol klublarımız uğurlu çıxışlar etdikcə onlara ölkə hüdudlarından kənarda maraq daha da artır. Onların bizim idmançılar haqqında operativ və dolğun məlumat ala bilməsi üçün saytımızın ingilis və rus versiyalarını da hazırlamaq niyyətindəyik. Ümumiyyətlə, məqsədimiz Qol.Az-ı Azərbaycanın ən böyük idman agentliyinə çevirmək və oxucularımızın sayını gündəlik 5000-ə qaldırmaqdır. Bunu bacaracağımıza inamımız böyükdür.

  

Mirhacib və Aydın. Futbol terminiylə desək, Qol.az-ın məşqçiləri… Saytını yaranması ideyası ortaya çıxanda Miri Çexiyada, Aydın isə Bakıdaymış. MSN-də danışa-danışa Qol.az-ı yaratmaq qərarına gəliblər

Bu da Qol.az-ın kollektivi… Əvvəl onlarla birgə işləmiş Şükür, Kəmalə, Ergün bu şəkildə yoxdular. İbrahim isə bir neçə gün əvvəl subaylığın danışını atıb, başı ailə həyatına qarışıb, hələ işə çıxmır  

Donetsk şəhəri. Şərqi Avropanın ən gözəl stadionlarından olan «Donbasarena». "Mühafizəçilər dedi ki, içəri girmək üçün bir-iki saat növbə tumalısan. Vaxt yoxuydu. Bu şəkili stadionunun qarşısında çəkdirmişəm. Pis-yaxşı, xatirədir..."

Anar Xanlarov. Qol.az-ın əməkdaşı, bəlkə də «vuran ayağı»…

Ortadakı Qol.az-ın baş direktoru Mirhacibdir. Jurnalist həmkarlarıyla səfərə çıxıb. Bir azdan o, yəqin ki, həyatının ən unudulmaz anlarından birini yaşayacaq. Dünyanın ən nəhəng derbilərindən olan «Fənərbaxça» - «Qalatasaray» oyununu stadiondan izləyəcək

 

Qol.az-ın gözəli… İndi saytda işləmir. Dünya futbolunun türkiyəli ulduzlarından olan Arda Turanla müsahibə götürən ilk və hələ ki sonuncu Azərbaycan jurnalistidir. Müsahibəni alanda sevinci yerə-göyə sığmırmış. Axı, Kəmalə də «Qalatasaray»lıdı

 

Qol.az-ın birinci fotoqrafı İsgəndər. Saytın yaranmasında ən çox əziyyət çəkənlərdən olan bu oğlan indi onun əsas əməkdaşlarındandır

 

Qol.az-ın daha bir “vuran ayağ”ı İbrahim Cəfərov Türkiyə millisinin Avropa çempionatında Çexiya ilə oyunda tarix yazdığı “ST.Yakobs Park” stadionunda. O, “Bazel”-“Bakı” oyunundan reportaj hazırlamaq üçün İsveçrədədir   

 

Saytın fotoqrafı Vüsal… Stadiondadır.  Hansısa oyunun başlamasını gözləyir. Bu dəfə o çəkmir, onu çəkirlər 

 

Şükür Cavad. O da saytın əməkdaşıdı. Dəliqanlı ağdamlı. «Qarabağ»ın fanatıdır. Komandasını o qədər sevir ki, gecə yatanda, səhər yuxudan ayılanda da «Qarabağ» deyir. O qədər «Qarabağ» dedi ki, axırda «Qarabağ»ın fan-klubunu da yaratdı

 

Türkiyə səfiri «525-ci qəzet»ə gəlmişdi, Qol.az-ın redaksiyasına da baş çəkib

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı