Modern.az

Mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq keçirilib (FOTOLAR)

Mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq keçirilib (FOTOLAR)

Qarabağ

1 Avqust 2011, 15:09

İyulun 30-31-də Goranboy rayonunda Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin birgə layihəsi çərçivəsində «İnformasiya rəsmiləri üçün rəsmi sənədlərə çıxış» mövzusunda treninq-məşğələ keçirilib.

Treninqi açan MŞ sədri Əflatuun Amaşov layihənin məqsəd və məramları ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, mövcud təşəbbüsdən məqsəd ümumilikdə mətbuat xidməti institutunun ictimai münasibətlər sistemindəki rolunun və mövqeyinin artırılmasından, informasiya-kommunikasiya texnologiyalarının müasir metodlarının onların iş prinsiplərinə tətbiqinin gücləndirilməsinə effektiv təsir göstərməkdən ibarətdir. Şura sədri məşğələnin layihə çərçivəsində sayca ikinci tədbir olduğunu vurğulayıb. «İlk treninqimizi Qubada təşkil etdik. Tədbir səmərəli fikir mübadiləsi baxımdan əhəmiyyətli oldu. Hesab edirəm ki, bu günkü toplantımız da eyni şəraitdə davam edəcək», - deyən Ə.Amaşov rəhbəri olduğu qurumun Avropa Şurası ilə birgə təşəbbüslərinin medianın müxtəlif sahələrini də əhatə edəcəyini diqqətə çatdırıb.

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ölkədə bütün sahələrdə olduğu kimi, mediada da dinamik inkişafın getdiyini bildirib. Goranboyda kütləvi informasiya vasitələri ilə iş prinsiplərindən söz açan N.Quliyev rayonda yerli «Mübariz» qəzetinin fəaliyyət göstərdiyini, nəşrin üzləşdiyi problemlərin həlli istiqamətində işlər görüldüyünü, onun tirajının artırılmasına da müvafiq dəstək göstərildiyini diqqətə çatdırıb. Goranboy rayonunun təbii-coğrafi şəraiti, iqtisadi göstəriciləri, sosial tərkibi və digər xüsusiyyətləri barədə məlumat verən icra başçısı bölgədə geniş miqyaslı quruculuq işlərinin getdiyini və prosesin getdikcə daha böyük vüsət aldığını önə çəkib.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkədə media sahəsində aparılan dövlət siyasətinin istiqəmətlərindən söhbət açıb. O bildirib ki, jurnalistlərin cəmiyyəti məlumatlandırmalarında onların informasiya ilə təminatı məsələsi olduqca önəmlidir. Bu işdə mətbuat xidmətlərinin üzərinə böyük məsuliyyət düşür. Mövcud layihə bu baxımdan yüksək qiymətləndirilməlidir. Azərbaycan dövləti həmişə belə təşəbbüslərə öz dəstəyini göstərib və bundan sonra da göstərəcəkdir.

Treninq-məşğələnin ilk günü informasiya əldə etmək haqqında qanunun hüquqi  aspektlərinə, press-relizlərin və mətbuat konfranslarının təşkili xüsusiyyətlərinə, böhranlı vəziyyətlərdə media ilə əlaqələrin qurulmasına, o cümlədən kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyi və internet media ilə əlaqələrin yaradılmasına dair məruzələr səslənib. İkinci gün isə iştirakçılara hakimiyyət orqanları ilə əlaqələr sahəsindəki beynəlxalq təcrübə ilə bağlı məlumatlar verilib.

Qeyd edək ki, treninq-məşğələdə Goranboy da daxil olmaqla, Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarındakı dövlət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri, Daxili İşlər, İqtisadi İnkişaf, Vergilər, Təhsil nazirliklərinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Neft Şirkətinin media ilə işə məsul şəxsləri iştirak ediblər.

İki günlük treninq-məşğələ Hollandiyadan olan ekspertlər David van der Houwen və Fred Gijbels tərəfindən aparılıb.






Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir