Modern.az

Hacıbala Abutalıbov məhkəmədə uduzdu

Hacıbala Abutalıbov məhkəmədə uduzdu

1 Avqust 2011, 18:12

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Bakı şəhərinin Baş Planının layihəsini ictimaiyyətə açıqlamalıdır. Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsi belə qərar verib. Məhkəmənin qərarına əsasən, şəhər İcra Hakimiyyəti Bakının Baş Planının surətini, habelə planın hazırlanması prosesini əhatə edən digər bilgiləri seyfindən çıxarmalı olacaq.

“İnformasiya əldə etmək haqqında” Qanuna görə, Bakının Baş Planı açıq bilgi hesab olunur. İctimai maraq daşıyan belə bilgilər hər kəsin asan əldə edə bilməsi üçün informasiya sahiblərinin internet saytlarına daxil edilməlidir. Ancaq 10 ildən artıqdır ki, medianın əldə etməyə çalışdığı bu sənəd hələ də gizli tutulur.

Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Aytəkin İmranova Media Hüququ İnstitutunun “Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək” təşəbbüsü çərçivəsində 2010-cu ilin dekabrında BŞİH-ə bilgi sorğusu göndərib. O, Bakının Baş Planının surətini, habelə planla bağlı digər bilgiləri istəyib. İcra Hakimiyyəti sorğunu cavablandırmayıb. Sorğuçuya hüquq yardımı göstərən Media Hüququ İnstitutu icra hakimiyyətinin hərəkətsizliyindən Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edərək sorğunun cavablandırılmamasını qanunsuz sayan, icra qurumunun üzərinə sorğunu cavablandırmaq vəzifəsi qoyan qərar çıxarmağı xahiş edib.

İddiaya hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmə heyəti “İnformasiya əldə etmək haqqında” Qanuna istinad edərək iddianı təmin edib. Məhkəmənin qərarına əsasən icra hakimiyyətinin bilgi sorğusunu cavablandırmaması qanunsuz hesab edilib, BŞİH-in üzərinə bilgi sorğusunu cavablandırmaq vəzifəsi qoyulub.

İddiaçının nümayəndəsi, MHİ-nin hüquqşunası Fariz Namazlı: “Təəssüf edirik ki, ölkədə bu iddianın predmeti olan sənədlər kateqoriyasına aid bilgilərin gizli tutulması kimi zərərli tendensiya mövcuddur. İnformasiya sahibləri toplumun bilməsi çox vacib olan bu bilgiləri açıqlamaqdan çəkinirlər və nəticədə insanların bilgi almaq haqları tapdalanır. Təbii ki, bütün bunların fonunda məhkəmənin qərarını alqışlayırıq. Ümid edirik ki, belə məhkəmə qərarları ölkədə şəffaf bilgi mühitinin yaranmasına mühüm töhfələr verəcək”.

Qeyd edək ki, bu məhkəmə işi bilgi azadlığı hüququnun pozuntusu ilə bağlı BŞİH-in tərəf olduğu yeganə iş deyil. 2010-cu ilin yayında Səbail Məhkəməsi Media Hüququ İnstitutunun təşəbbüsçüsü olduğu iddiaya baxarkən BŞİH-in üzərinə icra hakimiyyətinin büdcəsinin xərclənməsini ifadə edən sənədləri açıqlamaq vəzifəsi qoyan qərar çıxarmışdı.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir