2018-ci sentyabrın 27-də istismar müddətini başa vurmuş eskalatorların yenisi ilə əvəz edilməsi məqsədilə sərnişinlərin giriş-çıxışına bağlanmış “Xətai” stansiyasında əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi başlanıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədov Modern.az-a bildirib.
B.Məmmədov qeyd edib ki, hazırda “LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə başlanılıb:
“Sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır. Eskalatorların quraşdırılması başa çatdıqdan sonra, maili gediş boyunca çətir örtüyün vurulmasına başlanılacaq”.
Onun sözlərinə görə, “LT-2” tipli köhnə analoqlarından fərqli olaraq, yeni maşınların mühafizə bloklarının sayı 2 dəfə çoxdur və bu da sərnişin təhlükəsizliyinin daha da yüksəldilməsinə xidmət edir.
Qurum rəsmisi, bununla yanaşı, artıq vestibülün esklatorlara giriş meydançasında divar örtüyünün vurulmasına başlanıldığını vurğulayıb.