Modern.az

Tofiq Zülfüqarovdan Paşinyana 10 sual: “Revanşizm qayıdır?”

Tofiq Zülfüqarovdan Paşinyana 10 sual: “Revanşizm qayıdır?”

Analitika

Bu gün, 11:16

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın siyasəti və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı bir sıra suallar səsləndirib.

Modern.az xəbər verir ki, Tofiq Zülfüqarov “Ermənistanda revanşizmin niyə baş qaldırdığı” və bunun Paşinyanın sülh ritorikası fonunda necə baş verdiyi barədə suallar ünvanlayıb.

"Niyə Azərbaycanlıların böyük əksəriyyəti bu gün Ermənistanda revanşizmin baş qaldırdığı qənaətinə gəlir?"

Eks-nazir fikirlərini bir neçə tezislə əsaslandırıb.

T.Zülfüqarov ilk olaraq İrəvanda keçirilən hərbi paradı nümunə göstərib. Onun fikrincə, parad Ermənistanın real müdafiə doktrinasının göstəricisidir.

“Bu doktrina kimə qarşıdır? Rusiyaya? İrana? Gürcüstana? Türkiyəyə? Xeyr. Bu, Azərbaycanla sülh və sərhədlərin müəyyənləşdirilməsi üzrə danışıqların davam etdiyi bir vaxtda bizə qarşıdır”, - sabiq nazir bildirib.

O, həmçinin qədim Albaniya irsi ətrafında mübahisələrin yenidən gündəmə gətirilməsinin səbəbini sorğulayıb.

“Bu, tarixlə bağlı deyil, onların “miatsum” ideyasının ideoloji əsası ilə bağlıdır”, - Zülfüqarov qeyd edib.

Sabiq nazir Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələri məsələsinə də toxunub. O, Ermənistanın Mehri ərazisindən keçən dəmir yolu hissəsinin Azərbaycana qaytarılmamasının səbəbini sual edib.

Zülfüqarovun fikrincə, Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı qalması gələcəkdə müxtəlif iddialar qarşısında onu həssas vəziyyətdə saxlaya və Ermənistanı “Turan” layihəsinə qarşı çıxan qüvvələrin mümkün sabotajı üçün mühüm amilə çevirə bilər.

Sabiq nazir Göyçə gölünün şərq sahili məsələsini də gündəmə gətirib.

“Ermənistana Göyçənin şərq sahilindəki zolaq nə üçün lazımdır? Azərbaycanı və onun iqtisadiyyatını Cənubi Qafqazın ən böyük şirin su hövzəsinə çıxışdan məhrum etmək üçünmü?” - deyə o soruşub.

Rusiya ilə münasibətlər

Tofiq Zülfüqarov Ermənistan-Rusiya münasibətlərinə də toxunub və İrəvanla Moskva arasında nümayişkaranə qarşıdurmanın səbəblərini sual edib.

O, bu qarşıdurmanın Rusiya ilə Ermənistan arasında sanksiyalardan yayınan ticarət dövriyyəsini “maskalamaq” məqsədi daşıdığını iddia edib.

Qeyd edək ki, Rusiyanın Ermənistanın xarici ticarətində payı həqiqətən yüksəkdir. 2025-ci ildə Rusiya Ermənistanın xarici ticarətinin təxminən 35 faizini təşkil edib. Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə azalsa da, Moskva İrəvanın ən böyük ticarət tərəfdaşı olaraq qalıb.

Paşinyanın seçki nəticələri ilə bağlı sual

T.Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın seçki nəticələrinə də toxunub.

O, Paşinyanın real olaraq 30 faizdən az səs topladığını qeyd edərək soruşub ki, baş nazir niyə seçkidəki nəticələrini konstitusion referendum keçirmək üçün tələb olunan səviyyəyə çatdırmayıb.

Sabiq nazir daha sonra seçki prosesində Qərb mütəxəssislərinin iştirakını da gündəmə gətirib və onların nəticəni dəyişdirmək üçün fəaliyyət göstərdiyini bildirib.

“Paşinyan niyə referendum keçirmir?”

Tofiq Zülfüqarov Paşinyanın referendum məsələsinə dair mövqeyi barədə də sual verib.

“Paşinyan niyə hər dəfə sülh sazişinin imzalanmasına imkan verəcək referendumu təxirə salmaq üçün bəhanələr uydurur?” - deyə o bildirib.

O, Paşinyanın Zəngəzurda “siyasi alpinizm”lə məşğul olmasını və Göyçə gölündə üzməsini də tənqid edib.

T.Zülfüqarov Paşinyanın bu addımlarını Ermənistanın tarixi və ərazi iddiaları ilə bağlı ritorika kontekstində qiymətləndirib.

“1975-ci il xəritələri” məsələsi

Sabiq nazir Azərbaycan, Ermənistan və digər vasitəçilər arasında delimitasiya məsələsində sovet dövrünün xəritələri ilə bağlı mübahisəyə də toxunub.

O, Azərbaycan tərəfinin delimitasiya və demarkasiya üçün yalnız 1975-ci ildə SSRİ Baş Qərargahı tərəfindən hazırlanmış xəritələrin əsas götürülməsi təklifini qəbul etmədiyini xatırladıb.

Sabiq nazir Paşinyanı sülh sazişində ərazi bütövlüyünün qarşılıqlı tanınmasının yalnız 1975-ci il xəritələri əsasında sərhədin tanınması anlamına gəldiyini təbliğ etməkdə də ittiham edib.

O, eyni zamanda Qarabağdakı mədəni irslə bağlı Ermənistan daxilində səslənən tənqidləri də Paşinyanın siyasəti ilə əlaqələndirib.

907-ci düzəliş

Tofiq Zülfüqarov son olaraq ABŞ Konqresinin “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişinin ləğvi məsələsini gündəmə gətirib.

O, Paşinyanın Azərbaycandan yanacaq tədarükü fonunda 907-ci düzəlişin ləğv edilməsini niyə tələb etmədiyini soruşub.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı