Modern.az

14 yaşlı İctimai Televiziya - Yayım Şurasının üzvü: “Bu telekanal azad fikir platformasıdır”

14 yaşlı İctimai Televiziya - Yayım Şurasının üzvü: “Bu telekanal azad fikir platformasıdır”

Media

29 Avqust 2019, 15:33

Bu gün İctimai Televiziyanın yaranmasının 14 ili tamam olur.

Modern.az xəbər verir ki, Azərbaycanın informasiya-əyləncə telekanallarından biri olan İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Qanunun tətbiq edilməsi barədə Azərbaycan Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. Həmin Fərmana görə,  Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilib. İTV-nin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Qanunu ilə tənzimlənir.

İctimai Televiziya 24 saat ərzində Azərbaycan bütün ərazisində yayımlanır. Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.

Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım dilinin 80%-ini dövlət dili olan Azərbaycan dili, 20%-ini isə əcnəbi dillər təşkil edirdi.

İTV-nin bu günkü fəaliyyəti, uğurları haqqında Modern.az-a danışan telekanalın Yayım Şurasının üzvü Azər Həsrət İTV-nin yaradıldığı vaxtlara qayıdıb. O bildirib ki, İTV-nin fəaliyyətə başladığı, qurulduğu gün gözünün qarşısındadır:

“2005-ci ildə parlament seçkiləri öncəsi İTV-nin fəaliyyətə başlaması üçün qızğın müzakirələr gedirdi. Mən də həmin müzakirələrdə iştirak etmişdim. Yaranandan sonra İTV ilə aramızda bəzi mübahisələr də olub. Buna baxmayaraq, o vaxtkı direktor İsmayıl Ömərov məni şəxsən efirlərə dəvət edirdi ki, fikirlərimi səsləndirə bilim. İTV bir plüralizm, azad fikir platforması sayılır. Əslində kanalın ən vacib vəzifəsi də elə budur.

Artıq aradan 14 il keçib. İTV Azərbaycanda sayılıb-seçilən şirkətlərdən biridir, bir çox məqamlarda öndə gedir. Mən isə 2 ildir, çox zaman tənqid etdiyimiz İTV-nin, kənardan fikirlər bildirdiyimiz bu qurumda Yayım Şurasının üzvüyəm. İstər tamaşaçı, istərsə də qurumun daxilində çalışan biri kimi qiymətləndirmək imkanlarına malikəm. Buna əsaslanaraq, demək istəyirəm ki, İTV Azərbaycanda çəkisi, mövqeyi olan media qurumudur. Əminəm ki, İTV bundan sonra da öz fəaliyyətində aktiv davam edəcək. Mən bu TV-ni təbrik edirəm, uğurlar arzulayıram”.

Biz də Modern.az kollektivi olaraq, həmkarlarımızı təbrik edirik!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi