Modern.az

“Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR  

“Bakcell”in dəstəyilə  Buzovna çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirilib - FOTOLAR  

Aktual

23 Sentyabr 2019, 18:35

Artıq 33 ildir dünyanın bir çox ölkəsi hər il sentyabrın 21-ni Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Bu, yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da  9 ildir ki, bu beynəlxalq ekoloji aksiyada iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.

 

Bu ildə sentyabrın 21-i Buzovna çimərliyində təşkil olunan genişmiqyaslı təmizlik aksiyasına ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları qoşulmuşdu.

 

Tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü ilə çıxış ediblər.

 

Aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.

 

Modern.az xəbər verir ki, aksiya #Xəzəriqoruyaq şüarı altında Buzovna çimərliyində keçirilib.

 

Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik ləvazimatları ilə təmin olunublar.

 

Tədbiri giriş sözü ilə  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev açıb.

 

Nazir bildirib ki,  bu, geniş vüsət almış bir hərəkatdır.

 

“Təkcə Xəzər sahilində yox, bütün dünyada bu təmizlik aksiyaları keçirilir. Nazirlik bütün yay uzunu Xəzəryanı sahənin təmizlənməsi aksiyasında çox aktiv olub. Sağ olun ki, belə böyük bir nümayəndə heyəti ilə bu tədbirə qoşulmusunuz. “ASAN Könüllülük Məktəbi” böyük nümayəndə heyəti ilə bu aksiyada iştirak edirlər. Həmçinin Avropa İttifaqının nümayəndələri, eləcə də səfirlər də bu tədbirə qoşulub”.

 

Nazir tədbirdə iştirak edən bütün təşkilat nümayəndələrinə təşəkkürünü bildirib və onları aktiv olmağa səsləyib.

 

Daha sonra “Asan Xidmət”in sədri Ülvi Mehdiyev çıxış edərək, belə aksiyaların keçirilməsinin çox gözəl təşəbbüs olduğunu bildirib.

 

“Mən ölkəmizin dünyanın rəmzi məna daşıyan günlərində aktiv iştirak etməyə çalışıram. Yay mövsümü bitdikdən sonra sahilyanı ərazilərin təmizlənməsi bir ənənə halını alıb. Burada 500-dən çox “Asan” könüllü böyük həvəslə iştirak edir. Yay ərzində çirkləndirdiyimiz ərazilərin təmizlənməsinin vaxtı çatıb. Sizlərin hər birinə uğurlar arzulayıram”.

 

Aksiyada iştirak edən Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas iştirakçılara təşəkkürünü bildirib:

 

 “Avropa İttifaqı olaraq, gələcəyin təmiz və yaşıl olması barədə düşünürük. Biz çox xoşbəxtik ki,  tərəfdaşlığımızı sizin ölkə ilə birgə edirik. Plastik tullantıların çürüməsinə 100 ildən çox vaxt gedir. Plastik torbalardan cəmi 15 dəqiqə istifadə edirik. Onu atdıqdan sonra bu tullantı dənizdə balıqların qidası olur, sonra isə həmin balıqları özümüz və uşaqlarımız yeyir. Biz buna layiqikmi? Təmizlədiyimiz ərazilər həmişə təmiz olmasına çalışmalıyıq”.

 

Tədbirin ənənəvi təşkilatçılarından olan “Bakcell” şirkətinin  PR və korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova ilə də həmsöhbət olduq. S. Cəfərova qeyd edir ki, əvvəllər bu aksiyaya bu qədər adam, tərəfdaş cəlb etmək elə də asan deyildi, amma bu gün 1000-dən artıq iştirakçı var: “Son iki ildə artıq biz başqa şirkətlərdən bu hərəkata qoşulmaq üçün xahişlər alırıq. Bu, çox gözəl addımdır. Nə yaxşı ki, şirkətlərimiz, qurumlarımız bu tipli aksiyalarda yaxından iştirak etməkdə maraqlıdırlar. Həmçinin bizim üçün çox sevindirici haldır ki, bu ənənənin əsasını qoyan şirkətlərdən biriyik. Bu aksiya bizim gələcəyimizin sağlamlığı baxımından çox böyük önəm daşıyır. Şirkət olaraq bu təşəbbüsü dəstəkləməyə və hər il daha da genişləndirməyə hazırıq. Könüllük hərəkatına 30-a yaxın əməkdaşımız qoşulub. Hətta, ailələri gələn əməkdaşlarımız da var. Qeyd edim ki, həm korporativ təşkilat olaraq qoşulanların, həm də könüllülərin, gənclərin, ailələrin sayı artıb. Əslində bu, birlikdə vaxt keçirmək üçün, sosiallaşmaq üçün gözəl addımdır. Yəni burada məqsəd təkcə təmizləmək deyil, həm də sosiallaşmaq, təmiz havada gəzmək, daha çox insan tanımaq və ətraf mühit problemlərinin birlikdə həllinə çalışmaqdır. Əvvəllər 400-500 gəncdən, könüllüdən danışırdıq, indi bu aksiyaya gördüyünüz kimi minə yaxın iştirakçı qoşulub. Bu, digər tərəfdən, insanların ətraf mühitə münasibətini dəyişmək üçün bir təbliğat kampaniyasıdır”.

 

Coca-Cola” şirkətinin region üzrə İctimaiyyətlə əlaqələr meneceri Elşad Fərzəliyev bu il bu hərəkata qoşulan tərəfdaşların sayında artım olduğunu vurğuladı: “Aksiyanın məqsədi ilk növbədə sahilyanı əraziləri tullantılardan təmizləməkdir. İkincisi isə, vətəndaşlar arasında ekoloji məsuliyyət hissini aşılamaqdır ki, insanlar təbiətimizə daha diqqətli, qayğı ilə yanaşsınlar. Xəzər dənizi hamımızın milli sərvətidir, onu çirkləndirməsinlər. Bu dəfə aksiyamıza ölkəmizdə qonaq olan əcnəbilər də, diplomatlar da qoşulub. İldən-ilə iştirakçıların sayı artır. İlk dövrlərdə 20-30 nəfərlə başladığımız bu aksiyada artıq 1000-ə yaxın adam iştirak edir. Ümid edirik ki, bu addımla daha geniş kütlə arasında ekoloji məsuliyyət hissi artacaq”.

 

“Bakcell” digər nümayəndəsi Torsten Albers isə   aksiyaya öz ailəsi ilə qatılıb: “Mən çox şadam ki, Bakı sakinləribelə bir təşəbbüsü dəstəkləyir. Bakcell artıq 6-cı ildir ki, bu təşəbbüsə qoşulub. Mən aksiyaya ailəmlə birlikdə qoşulmuşam. İnanıram ki, sahillərin təmizlik problemi bütün dünyada tezliklə həll olunacaq”.

 

Aksiyada iştirak edən  Litva səfirinin müavininin xanımı bu təşəbbüsü dəstəklədiklərini və aksiyanın beynəlxalq əhəmiyyət daşımasını yüksək qiymətləndirdiyini deyib.

 

“Oğlum Anas ilə bu aksiyada iştirak edirik. Düşünürəm ki, insanlar sahilyanı əraziləri qorumaqla həm də özlərinin sağlamlığını qorumuş olurlar. Çalışıb tullantıları dənizə deyil, lazım olan yerlərə atmaq lazımdı”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır