Modern.az

Səsin gəlsin...

Səsin gəlsin...

Ədəbi̇yyat

16 Oktyabr 2019, 10:09

Aydın Canıyev

(etüd)


Bilirəm...

Uzanmısan!

Bütün vücudunda həyat dayanıb!

Ürəyin, gözün, beynin yerində olsa da, onlarla danışası halda deyilsən!

Əllərin, ayaqların varsa da, bu dəqiqə sənə lazım deyil, o ki ola onlarla danışmaq!

Ciyərlərinlə əvvəllər də danışıb eləmirdin!

Böyrəklərin, dalağın arada sancanda bilirdin ki, canında onlar da var!

Həə, bütün vücudun bir nöqtədə!

Adamın harası ağrıyırsa, canı da ordadır!

Adamlar da ürək, göz, beyin, ağ və qara ciyər, sol və sağ böyrək, əllər və ayaqlar kimidi, yaxud da əksinə – ağrıyana qarışmaz, ağrıyanı hiss etməz!

Bir adamda bir neçə adam kimidi ürək, göz, beyin, ciyər, böyrək, əl, ayaq, mədə və hətta... dil!

İndiyəcən fərqində olmamısan ki, sənə elə gəlir dilinlə danışırsan! Dillə danışmaq olsaydı, lalımız olmazdı ki!

Adamın hər yeri xəstələnir, bir üzdən başqa – dədəm belə deyirdi.

İndi bilirəm ki sənin... səsin xəstə(lənib)dir!

Səsini sığallasaydım, bəlkə sağalardın!

Səsini öpsəydim, - körpə qızıma “gəl, ata başını öpsün, ağrı keçsin” deyib sağaltdığım kimi, - lap tez sağalardın!

Amma və lakin... mən sənin ağrıyan yerini nişan ver(ə bil)diyin deyiləm!

Bəlkə də...

Bəlkə də mən ona görə yoxam ki, sən ağrıyasan!

Bəlkə də...

Bəlkə də mən ona görə yoxam ki, zaman-zaman xəstələnəsən, səsin ağrıya, titrəyə - qızdırmalı
kimi, ağlaya, birdən sənə əyan ola ki, mən sənin səsinin loğmanıyam!

O səsin tonunu-tembrini azaltmağa, çoxaltmağa, şirinləşdirməyə, incələşdirməyə, yeri gələndə, lap kobudlaşdırmağa gərək olası dərmanam! – söz soruşanda ədəbli səs olsun səsin, cavab verəndə sevimli səs olsun səsin, acılayanda acı olsun, çağıranda mahnı, romans, ariya, sonata, simfoniya kimi qulaq çalsın, ürək dinləsin!

Yox!

Mən sənin sevəcəyin, sevə biləcəyin deyiləm!

Heç mən də o kişi deyiləm səni xoşbəxt edə bilim!

Sevgiylə xoşbəxt olmurlar! Heç pulla da! Heç başqa və başqa nələrləsə də!

Qadın mahiyyətcə bəladır. Bəlanın xoşbəxtliyi... paah! Ölmüşdü... Allah, bəlaya xoşbəxtlik versin!

Xoşbəxtlik kişilərin qadınları aldatmaq üçün uydurduğu vəddir – Qadında hər şey var, bircə xoşbəxtlikdən başqa.

Gələndən, gedəndən axtarır!

Bilmir də ki, gəl...məyəcək!

Xoşbəxtəm, - deyən qadınlar xoşbəxt ola bilmədiyinə yalandan deyir ki, aldandığını ört-basdır etsin!

Qadını xoşbəxt edən... Səsdir!

Nə o səsi görən olub, nə o xoşbəxtliyi!

Ağrıyan yerini göstər... özünə!

Sən yeganə xilaskarsan indi özünün. Göstər və başla danışmağa “onunla”!

Gecəni səhər eylə!

Duranda sağalarsan – sənin ağrının dərmanı o səsdir!

Eşitdir (dediyim kimi): ədəblə, sevgiylə, acıqla, kobud, zərif, incə, tembri artır-azalt, tonunu artır-azalt, rənglərini aydınlaşdır, qarışdır, çiçək kimi, ağac kimi, yarpaq kimi səslən, abırlı-həyalı ağrı olsa, çəkiləcək, gördün alınmır, narahat olma, səsdə çarə tükənməz! Keç bayquşluq eləməyə, ilanlıq da yarayar, özünü eşşəkliyə qoysa, canavarlığa əl at, dəvəliyi tutsa, fillik elə, axır ki, neyləyirsən elə, əlinlə yoxla səsləri, qoduqgözlü gözlərinə bel bağlama, onlar həmişə səni pərişan edib (əl mərddir, göz namərd)!

Sığalla səsini, oxşa səsini, qucaqla əllərinlə - görürəm, əllərin lap halsızlaşıb, əllərimi göndərdim Sənə!

Xiromantiyadan başın çıxır! - əllərimi səsinə istiqamətləndir!

Sənin Səsin gəlməlidir!

Sağalt səsini! Kəs ağrısını!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...