Modern.az

Azərbaycan karateçilərindən ETİRAZ: “Dövlətimizə qarşı çıxanların əməllərini pisləyirik”

Azərbaycan karateçilərindən ETİRAZ: “Dövlətimizə qarşı çıxanların əməllərini pisləyirik”

22 Oktyabr 2019, 17:03

Azərbaycan Karate Federasiyası (AKF) Milli Şuranın Xalq Cəbhəsi Partiyası ilə birgə oktyabrın 19-da Bakının mərkəzində keçirdiyi icazəsiz aksiya ilə bağlı açıqlama yayıb.

 

Federasiyadan Modern.az-a verilən məlumatda müxalifətin ölkədə icazəsiz mitinq keçirmək cəhdi qəti şəkildə pislənilir, dövlətçiliyimizə və ictimai təhlükəsizliyə qarşı pozuculuq hərəkəti kimi dəyərləndirilir.

 

Açıqlamada bildirilir ki, Azərbaycan hüquqi dövlətdir, Konstitusiya və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun hər bir Azərbaycan vətəndaşına, o cümlədən istənilən ictimai-siyasi quruma, partiyaya bu hüquq və azadlıqları verir.

 

“Amma kimlərsə bu hüquqdan qanunu pozmaqla sui-istifadə edib şəxsi maraqları dövlət maraqlarından üstün tutacaqsa, buna cavabdehlik daşıyacaq.

Milli Şura və AXCP-nin razılaşdırılmamış aksiya keçirmək cəhdi göstərdi ki, onlar üçün qanunun heç bir əhəmiyyəti yoxdur. Ona görə də onlar Azərbaycan polisinin razılaşdırılmamış aksiyanın qarşısının alınmasına yönəlmiş qanuni tədbirləri ilə üzləşməli oldular”.

 

Federasiya adından yayılmış məlumatda həmçinin qeyd olunur ki, mitinqin keçirilməsi cəhdi ölkədə daxili sabitliyi pozmağa yönəlik qüvvələrin mövcudluğundan xəbər verir:

“Ölkə Prezidentinin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda bütün sahələr, o cümlədən idman sahəsi dinamik şəkildə inkişaf edir.

Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar, idmançılarımızın dünya arenalarında Azərbayan bayrağını yüksəklərə qaldırması məhz ölkəmizdə idmanın dövlət tərəfindən qayğı ilə əhatə olunmasının təzahürüdür.

Uğurlarımızın təməlində məhz dövlət siyasəti, liderimiz İlham Əliyev qayğısı dayanır. Biz idmançılar hər zaman  cənab Prezidentinin yanındayıq, Dövlətimizə, Millətimizə, Prezidentimizə qarşı çıxan qüvvələrin antimilli əməllərini pisləyirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər