Modern.az

Müxalifət Əli Əhmədovun çağırışına CAVAB verdi

Müxalifət Əli Əhmədovun çağırışına CAVAB verdi

Ölkə

4 Noyabr 2019, 17:57

Bu gün Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bələdiyyə seçkilərinə hazırlıqla bağlı fikirlərini paylaşıb. YAP rəsmisi digər partiyalara da seçkilərdə iştirak üçün çağırış edib:

 

“Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstrməyə səsləyir. Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur. Seçkilər dövründə hər bir partiya seçki kampaniyasına qatılmaqla həm demokratik dəyərlərin daha da möhkəmlənməsinə xidmət göstərir, həm də siyasi proqramını həyata keçirmək imkanı qazanır. Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur”.

 

Modern.az seçkilərdə iştirakdan imtina edən partiyaların Əli Əhmədovun bu çağırışına münasibətini öyrənib.

 

Müsavat Partiyasının başqanı Arif Hacılı diqqətə çatdırıb ki, seçkilərin keçirilməsi üçün bir çox şərtlər mövcuddur:

 

“İlk növbədə seçkiqabağı demokratik mühtin olması önəmlidir. Bu şərt söz və ifadə azadlığını, sərbəst toplaşmaq azadlığını, siyasi partiyaların bərabərhüquqlu rəqabət şəraitini nəzərdə tutur. Biz noyabr ayının 10-da üç müxtəlif meydandan birini seçmək şərti ilə mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Bu meydanlar heç də şəhərin mərkəzi deyil. “Tofiq Bəhrəmov” adına stadionun qarşısı, “Dərnəgül” metrostansiyasının yaxınlığındakı meydan və “Məhsul” stadionu olmaqla üç yer təklif etmişik. Əgər Əli Əhmədov müxalifət partiyalarının seçkilərdə, ümumiyyətlə siyasi proseslərdə iştirakını istəyirsə, Müsavat Partiyasına bu meydanlardan birində kütləvi aksiyanın keçirilməsi üçün icazə ilə bağlı hakimiyyətə müraciət etsin. Hər hansı hüquqlar yoxdursa, seçkiqabağı demokratik şərait mövcud deyilsə, seçkilərdə vacib olan şərtlərə əməl olunmursa, müxalifət qüvvələrini seçkilərdə iştiraka çağırmaq səmimi səslənmir”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bələdiyyə seçkilərində partiyasının maliyyə imkanlarının məhdudluğu səbəbindən iştirak etmədiyini xatırladıb. O qeyd edib ki, seçkilərin nəticələri əvvəlcədən bəlli olsa belə, seçkinin verdiyi imkanlardan istifadə edib, xalqla ünsiyyətdə olmağa çalışacaqlar:

“Bələdiyyə üzvlüyü nəhəng saya malikdir. Seçkilərə hazırlıq prosesini qurmaq üçün maliyyə çox lazım olacaq. Biz düşündük ki, onsuz da namizədlərin irəli çəkilməsinə imkan verilməyəcək, bu qədər xərc çəkməyə nə ehtiyac var. Üzvlərimizdən kimlər fərdi şəkildə iştirak edəcəksə, ona dəstək olacağıq. Amma fərdi şəkildə iştirak etmək istəyən üzvlərimiz də yoxdur”.

 

  1. Cəlaloğlu hesab edir ki, iqtidar partiyasının bu cür çağırışla müraciət etməsinin xüsusi səbəbi var:

 

“Qanunda da var ki, alternativlərin iştirak etmədiyi seçkilər seçki hesab olunmur. Ona görə, iqtidar çalışır ki, seçkilərdə müxalifətin iştirak etməsinə nail olsun. Müxlifətin seçkilərdə iştirakı belə demokratiyanın göstəricisidir”.

 

Klassik Xalq Cəbhəsi Pariyasının sədr müavini Xəzər Teyyublu hesab edir ki, indiyə qədər bütün seçkilərdə müxalifət nümayəndələri seçkiyə buraxılmayıb, ya da nəticələri saxtalaşdırılıb:

“Onların haqları, qələbələri tanınmır. Bu il isə müxalifət düşərgəsindəki siyasi partiyalar seçkilərdə iştirakın marağında deyillər. Çünki namizədlər qeydə alınsa belə, bütün bələdiyyələrə YAP üzvləri seçilir. Əli Əhmədov bu cür təkliflə çıxış edirsə, ilk növbədə dairə seçki komissiyalarında islahatalar aparılmasına nail olsun. Seçki mühitini formalaşdırmaq istiqamətində hakim partiya addım atsın. Müsbət nəticəsi olmayan bəyanatların səsləndirilməsinin heç bir əhəmiyyəti yoxdur”.

 

X.Teyyublu partiya şəklində bələdiyyə seçkilərində iştirakı məqsədəuyğun hesab etmədiklərini xatırladıb:

“Amma üzvlərdən iştirak etmək istəyənlər olarsa, heç bir mane yaradılmayacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu