Modern.az

Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək”

Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək”

21 Yanvar 2020, 16:36

Müsahibimiz 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa bitərəf namizəd Sadıxov Rövşən Əbülfəz oğludur. 2 mart 1979-cu ildə ziyalı ailəsində anadan olan R.Sadıxov 1986-cı ildə Bərdə rayonu 2 saylı orta məktəbinin 1-ci sinfinə gedib, 1996-cı ildə Bakı şəhəri Nərimanov rayonu 207 saylı orta məktəbi bitirib. 1996-2000-ci illərdə Qərb Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsində ali təhsil alıb. 2000-2001-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci ali təhsil alıb. 2007-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətində müxtəlif vəzifələrdə çalışıb. Sonrakı dönəmdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, bir sıra şirkətlərə rəhbərlik edib. Hazırda “Fiber Karton” MMC-də icraçı direktor vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.

 

Rövşən müəllim, namizədliyinizi 93 saylı Bərdə şəhər seçki dairəsindən irəli sürməyiniz nə ilə bağlıdır? Eyni zamanda, seçkidə iştirak qərarı verməyiniz hansı zərurətdən doğub?

 

Ümumiyyətlə, növbədənkənar parlament seçkilərində iştirak qərarı verməyimdə iki amil xüsusi rol oynayıb. Bunlardan birincisi, Prezident cənab İlham Əliyevin son dövrlər başlatdığı və demək olar ki, bütün sahələri əhatə edən genişmiqyaslı islahatlardır. 2018-ci il prezident seçkilərindən sonra dövlət başçısı tərəfindən islahatların yeni mərhələsi elan edilib və bu islahatlar ardıcıl şəkildə reallaşdırılmaqdadır. Aparılan struktur və kadr islahatları, xüsusilə idarəetmədə müasir dünyagörüşlü, qabaqcıl dünya iqtisadiyyatını bilən, savadlı, Vətənə bağlı gənc kadrların  irəli çəkilməsi cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Prezidentin müasir yanaşmalara əsaslanan mükəmməl, çevik islahatlar konsepsiyası sayəsində əldə olunan nəticələr, əhalinin məmnunluğu islahatların davamlı olmasına və bu islahatlardan doğan, sosial rifaha yönələn yeni qərarların verilməsinə imkan yaratmaqdadır. 9 fevral növbədənkənar parlament seçkiləri də ölkəmizdə aparılan islahatların növbəti mərhələsidir. Məhz cənab Prezidentin gənclərlə bağlı hərtərəfli və çoxşaxəli uğurlu siyasətini rəhbər tutaraq, namizədliyimi irəli sürmək qərarına gəldim.

 

Digər tərəfdən, mənim soyköküm Azərbaycanın qədim diyarı olan Bərdədəndir. Bu amil də mənim məhz Bərdə rayonundan deputatlığa namizədliyimi irəli sürməyimdə mühüm rol oynayıb. Azərbaycan cəmiyyətinin yeni formalaşacaq parlamentdən gözləntiləri böyükdür. Bu baxımdan 93 saylı Bərdə şəhər Seçki Dairəsindən namizəd olmağımın məsuliyyətini tam dərk edirəm. İnanıram ki, əldə etdiyim təcrübə, seçicilərin dəstəyi sayəsində bu çətin missiyanın öhdəsindən ləyaqətlə gələ biləcəyəm. Niyyətim dəyərli bərdəlilərin səsini qazanaraq doğma yurdum üçün daha faydalı olmaq, ali orqanın verdiyi səlahiyyətlərdən istifadə edərək daha çox işlər görməkdir. Eyni zamanda, Azərbaycan Prezidentinin islahatlar kursunu əsas götürərək, qanunvericilik aktları ilə bağlı təşəbbüslərlə çıxış etmək, ictimaiyyəti narahat edən məsələlərin, dairə seçicilərinin problemlərinin həllinə töhfə verməkdir. Mən həm də hüquqşünasam. Bu baxımdan, parlamentdə fəaliyyətim çərçivəsində hüquqşünas kimi də dövlətin və dövlətçiliyin inkişafı və daha da güclənməsi üçün bütün gücümlə çalışacağam.

 

Konkretləşdirsək planlarınız nədən ibarətdir? Millət vəkili seçiləcəyiniz təqdirdə ilk hansı addımı atmaq niyyətindəsiniz?

 

Əgər seçilərəmsə, ilk növbədə rayonda daimi ofisim yaradılacaq. Burada başlıca məqsəd seçicilərin mənə müraciət imkanlarını daha da əlçatan etməkdir. İstənilən seçici gün ərzində hər hansı maneə olmadan ofisə müraciət edə biləcək. Bununla yanaşı, təbii ki, mütəmadi qəbullar keçirəcəyəm. Həllini gözləyən problemlərin çözülməsində aktiv rol oynayacaq, fəaliyyətim dövründə daim vətəndaşların yanında olacağam. Mənim yanaşmama görə, seçici öz problemini millət vəkilinə çatdırmaq üçün həmin problemin mahiyyətindən asılı olmayaraq, uzaq yol qət edib, Bakıya gəlməməlidir. Elə bir mexanizm qurmaq niyyətindəyik ki, seçici həqiqətən hər gün bizi öz yanında hiss etsin. 

 

Onu da vurğulamaq vacibdir ki, cənab Prezidentin yerli jurnalistlərə ilin yekunları ilə bağlı verdiyi geniş müsahibədə yeni seçiləcək millət vəkillərindən cəmiyyətin gözləntilərinin nədən ibarət olmasını çox əhatəli şəkildə ifadə edib. Dövlət başçısı bildirib ki, xalq layiqli nümayəndələri seçəcək. O nümayəndələr ki, öz qanunvericilik fəaliyyətlərində ümumi işə töhfə verəcək. O nümayəndələr ki, onlar öz dairələrində fəal iş aparsınlar. Prezident yeni seçiləcək deputatlara tövsiyə edib ki, onlar öz dairələrində daha fəal olsunlar, vətəndaşlar onlara müraciət etsinlər. Onlar yerli və mərkəzi orqanlar qarşısında məsələ qaldırsınlar. Əgər belə olarsa, ictimai nəzarətin bir forması da bu olacaq. Ölkə rəhbərinin bu fikirləri mənim üçün əsas fəaliyyət planıdır. Cəmiyyətin istəkləri ilə üst-üstə düşən bu gözləntini doğrultmağa, təmsil etdiyim bölgənin problemlərini dilə gətirməyə, səmərəli təkliflər verməyə çalışacağam. 

 

 

Platformanızda yer alan əsas məqamlar haqqında danışmağınızı istərdik. Hansı məsələlər sizin üçün prioritet olacaq? 

 

Milli maraqlar və Dağlıq Qarabağ problemi fəaliyyətimin əsas xəttini təşkil edəcək. Dövlətimizin və xalqımızın milli maraqlarını bütün müstəvilərdə müdafiə edəcəyəm. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində dövlətimizin apardığı ardıcıl və prinsipial siyasətə öz töhfəmi verməyə çalışacağam. Beynəlxalq tribunalarda Qarabağ həqiqətlərini diqqətə çatdıracaq, dünya ictimaiyyətində münaqişə ilə bağlı obyektiv rəyin formalaşmasına dəstəyimi göstərəcəyəm. 

 

Namizəd olduğum dairəyə gəldikdə isə bildirmək istəyirəm ki, Azərbaycan Prezidentinin qeyri-neft sektorunun inkişafı, regionların proporsional inkişafı, yeni istehsal müәssisәlәrinin açılması, işsizlik probleminin aradan qaldırılması, vәtәndaşların sosial müdafiәsinin gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər Bərdə rayonundan da yan keçməyib. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq reallaşdırılan quruculuq və abadlıq işlərinin Bərdə ilə daim ünsiyyətdə olan şəxs kimi əyani şahidiyəm. Bununla belə, bütün problemlərin həll olunduğunu qeyd etmək də düzgün olmazdı. Rayonun həllini gözləyən problemlərinin həllində aktiv iştirak etmək,  Bərdənin daha da inkişafına nail olmaq niyyətindəyəm.

 

Platformamda namizədliyimi irəli sürdüyüm dairənin iqtisadi, sosial məsələləri, o cümlədən bölgənin gənclərinə yönəlmiş fəaliyyət yer alıb.  İqtisadi sahə ilə bağlı planlarıma toxunsaq, onların bir qismini qısa tezislər şəklində nəzərinizə çatdırmaq istərdim. “Azərbaycan Respublikası regionlarının 2019/2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan Bərdə rayonu üzrə irəli gələn vəzifələr daim diqqətimdə saxlanılacaq. Ölkə rəhbərliyinin sahibkarlığın inkişafı ilə bağlı atdığı addımların, gözləntilərinin bölgədə reallaşması üçün fəal şəkildə çalışacağam. Fərdi sahibkarlığın və fermer təsərrüfatlarının, yerli sənaye müəssisələrinin daha da inkişaf etdirilməsi və yeni iş yerlərinin açılmasına nail olmaq əsas fəaliyyət istiqamətlərimdən birini təşkil edəcək. Müvafiq strukturlarla birgə fəaliyyət mexanizmi hazırlayaraq,  xarici və yerli investorların cəlb edilməsi işi aparılacaq. Kiçik və orta sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yeni təşəbbüslər göstərəcəyəm. İqtisadiyyatın müxtəlif sahələrində müasir texnologiyaların tətbiqinə xidmət edən təkliflər irəli sürəcəyəm.

 

Xüsusilə, Bərdə rayonunun əkinə yararlı torpaqlarının əlavə suvarma sistemi ilə təchiz edilməsi tərəfimdən diqqətlə öyrənilərək əlaqədar orqanlar qarşısında məsələ qaldırılacaq. Rayonun ayrı-ayrı ərazilərinin içməli su təchizatının daha da yaxşılaşdırılması, su-kanalizasiya infrastrukturunun qurulması ilə bağlı təkliflərlə çıxış edəcəyəm. Kəndlərdə yeni müasir standartlara cavab verən asfalt yolların çəkilməsi, küçələrin işıqlandırılması, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı aidiyyəti qurumlarla birgə iş aparacağam.

 

Sosial sahə ilə bağlı baxışlarınız nədən ibarətdir? Həssas təbəqə ilə iş hansı formada qurulacaq?

 

Bu sahəni Azərbaycan Prezidenti daim diqqət mərkəzində saxlayır. Ötən il verilən qərarların hamımız şahidiyik və bütün sahələrdə çalışan vətəndaşlarımız dövlətin sosial siyasətindən kənarda qalmadı. Şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı məsələ tam həllini tapdı, onlara verilən Prezident təqaüdləri artırıldı. İllərdir müzakirə mövzusu olan digər məsələ - problemli kreditlər vətəndaşların xeyrinə həll edildi və Azərbaycan bu sahədə ortaya qoyduğu yeni yanaşma ilə nümunə rolunu oynadı. Maaşların, pensiyaların, sosial müavinətlərin, tələbələrin təqaüdlərinin artırılması kompleks şəkildə öz həllini tapdı. Ümumilikdə, ötən il 2,3 milyard manat maliyyə yükü ilə 4 milyon 200 mindən çox Azərbaycan vətəndaşı - əhalinin təxminən 40 faizdən çoxu böyük sosial paketlə əhatə olundu. Bundan başqa, məcburi köçkünlərə, şəhid ailələrinə, müharibə əlillərinə illərdir dövlət tərəfindən pulsuz verilən evlərin sayı 2019-cu ildə daha da artırılıb. Ümumilikdə, indiyə qədər 300 mindən çox məcburi köçkünə, 7 mindən çox şəhid ailəsinə və müharibə əlilinə dövlət tərəfindən mənzillər təqdim edilib, təqribən 6 mindən çox müharibə əlilinə maşın verilib.

 

Dövlətin bu siyasətini, həssas təbəqəyə olan humanist yanaşmasını əldə rəhbər tutaraq intensiv iş aparacağam. Bərdədə məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimizin apardığı davamlı siyasətə öz töhfəmi verəcəyəm. Qarabağ döyüşlərində iştirak etmiş rayonumuzun qazilərinə, müharibə əlillərinə, şəhid ailələrinə daha çox diqqət və qayğı göstərməyə çalışacağam. Aztəminatlı ailələrin, əlilliyi olan şəxslərin, ahılların qayğıları, onların sosial-iqtisadi hüquqlarının müdafiəsi ilə məşğul olmaq fəaliyyətimin tərkib hissəsinə çevriləcək. Fiziki məhdudiyyətli şəxslər, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərilməsi üçün bütün  imkanlardan istifadə olunacaq. Xüsusi yanaşmaya ehtiyacı olan daun, autizm və digər sindromlu uşaqların, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası üçün müvafiq qurumlarla birgə işlər görüləcək. Bir sözlə, nəzərdə tutduğumuz işlər çoxdur və bura Bərdə rayonunda yerləşən orta məktəb və səhiyyə ocaqlarının məsələləri, xüsusən kəndlərdə ictimai yerlərdə uşaq əyləncə mərkəzlərinin, onların mənalı istirahətinin təşkili kimi layihələr də daxildir.

 

Müsahibənin əvvəlində gənclərlə bağlı məsələni qeyd etdiniz. Namizəd olduğunuz dairədə bu istiqamətdə nə işlər görmək niyyətindəsiniz?

 

Sualınıza keçməzdən öncə Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə gənclərlə bağlı fikirlərini vurğulamaq istərdim. Həmin çıxışda gənclərlə bağlı vacib məqamlardan biri yaşlı insanlara münasibət məsələsi idi. Qeyd edim ki, ahıla, yaşlı insanlara hörmət, sayğı bizim millətin ən böyük dəyərlərindən biridir və bizi başqa bir çox millətlərdən fərqləndirən çox dəyərli xüsusiyyətdir. Həmin çıxışında ölkə rəhbərinin vurğuladığı kimi, biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var, bunu biz qorumalıyıq, gənclər böyük-kiçik məsələsinə fikir verməlidirlər. Biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilməlidir. Yaşlılara hörmət olunmalıdır, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxmamalıdır. Qloballaşan və mənəvi dəyərlərin aşındığı bir zamanda Prezident İlham Əliyevin bu tövsiyələri hər birimiz tərəfindən təbliğ olunmalı, ideoloji iş gücləndirilməli, gənclik düzgün istiqamətə yönəldilməlidir. Prezidentin çıxışında gənclərlə bağlı digər vacib məqam bilikli, savadlı olmaqla bağlı idi. Gəncləri daha çox oxumağa, yenilikləri mənimsəməyə çağıran dövlət başçısı müasir dünyada təkcə diplom əldə etməklə deyil, bilik, savad qazanmaqla irəli getməyin, öz ölkənə fayda verməyin mümkünlüyünu vurğuladı. 

 

Millət vəkili seçilərəmsə, bu istiqamətləri əsas götürərək, gənclərin milli, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlərə bağlı, bilikli, savadlı və dünyaya açıq olmalarına töhfə verməyə çalışacağam. Gənclərimizin sağlam həyat tərzi sürmələri, xüsusən də zərərli vərdişlərdən uzaq durmaları üçün səlahiyyətlərim çərçivəsində tədbirlər həyata keçirəcəyəm. Bərdədə yeni  qurulan gənc ailələrin sosial-iqtisadi problemlərini daim diqqətdə saxlayacağam. Dövlətin bədən tərbiyəsi və idmana geniş formada qayğısına dəstək təşəbbüsləri, yeniyetmə və gənclərin idmana marağının artırılması, bu sahənin təşkilinə bələdiyyə orqanlarının cəlb olunması istiqamətində təşəbbüslərlə çıxış edəcəyəm. Gənclərin məşğulluq problemlərinin həlli istiqamətində təşəbbüslər irəli sürəcəyəm. Bərdəli gənclərin ölkə daxilində yüksək səviyyədə təhsil alması, peşəkar kadr kimi yetişməsi və işlə təmin olunmasına, onların potensialının reallaşdırılmasına  köməklik göstərəcəyəm. Gənclərin peşə təhsilinə cəlb olunması, rayonda peşə təhsili sisteminin mövcud əmək bazarının və sənaye sektorunun tələblərinə uyğun inkişafına çalışacağam. Mədəniyyət beşiyi Qarabağın giriş qapısı olan Bərdədə istedadlı gənclərə dəstək olacaq, onların inkişafı üçün təşəbbüskarlıq göstərəcəyəm.

 

Qeyd olunanlarla yanaşı, rayonda könüllülük hərəkatının genişlənməsi üçün addımlar atacağam. Bildiyiniz kimi, cənab Prezident tərəfindən 2020-ci il “Könüllülər ili” elan olunub. Bu çərçivədə gənclərin fərdi inkişafına təkan vermək, onların potensialından ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə layihələr icra olunacaq. 

 

Rövşən müəllim, seçki prosesini necə qiymətləndirirsiniz? Hər hansı maneə, prosesə kölgə sala biləcək halla qarşılaşmısınızmı? Bir də rəqiblərinizlə müqayisədə özünüzün seçilmək imkanlarınızı necə dəyərləndirərdiniz? 

 

 - Tam səmimi şəkildə vurğulamaq istərdim ki, ölkədə növbədənkənar parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün yaradılan mühit bütün namizədlərə bərabər imkanlar yaradıb. Ölkə rəhbərliyinin seçkilərin tam şəffaf baş tutması üçün siyasi iradəsi ortadadır. Mənim özümə gəldikdə isə hər hansı maneə, qanunsuzluqla üzləşməmişəm. Proses ədalətli, şəffaf formada davam edir. 

 

Rəqiblərimə isə uğurlar arzu edirəm və onların hər birinə böyük hörmətlə yanaşıram. Hesab edirəm ki, zəif rəqib olmur. Ancaq onu qeyd edə bilərəm ki, onlarla müqayisədə mənim bir sıra güclü və üstün tərəflərim var. Onlardan ən başlıcası dairənin yerləşdiyi Bərdə rayonuna bələd olmağımdır, çünki yuxarıda vurğuladığım kimi, mənim söyköküm bu rayondandır. Bununla belə, bu məndə heç bir arxayınçılıq yaratmır. Seçicilərlə daha çox işləmək, onların etimadını qazanmaq lazımdır. Qoy,  kim güclüdürsə, o da qalib gəlsin. Mən seçkiyə “Səsinizlə Qalib olaq” şüarı ilə qatılmışam və inanıram ki, doğma bərdəlilərin səsi ilə Qalib olacağam.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?