Modern.az

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Altıncı söz

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - Altıncı söz

24 Yanvar 2020, 09:12

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

AlTINCI SÖZ

 

Belə bir qazax atalar sözü var: “Uğurun  əzəli –birlik, firavanlığın əzəli –dirilik”. Lakin birliyin harada  olduğunu,  həmrəyliyin necə olmasını qazax bilmir.  Onun fikrincə  at ortaq, süfrə ortaq, geyim ortaq ,mal-dövlət ortaq olarsa, bu birlik deməkdir. Belə olan tərzdə o var- dövlətin nə faydası , gədalığın nə zərəri ? Öz əqrabanla bölüşmədiyin  ruzi, mal-dövlətin nə xeyri? Yox, onu bil ki, birlik-ağılda, birlik mal-dölətlə ölçülmür. Varını versən atası başqa, dini başqa, yurdu başqa kim olsa şirniklənib səninlə birlik , ittifaq yaradıb dost olacaq!  Birlik var-dövlətə satılanda mənəviyyatın -əxlaqın pozulması başlayır. İki qardaşın  əgər biri o birisindən ayrı yaşasa, hər kəs öz gücünə arxayın olsa, öz nəsiblərini ayrılıqda allahdan diləsələr, o zaman təklənəcəklər. Bil ki, hətta qardaşlığın da təməli  mehribançılıqda , dürüstlükdədir. Ayrı yaşayan qardaşlar Allahı da unudarlar, allahı unudan kimi bir-birinə xor baxacaqlar. Sonra biri digərindənn küsəcək,  daha sonra bir-birinə böhtan atacaq, yalan danışıb, hiyləgərlik edəcəklər. Bunun harası birlik, qardaşlıq  oldu?

 

“Firavanlığın  əzəli dirilik”- deyib, hansı güzərandan danışırsan?  Məgər sən təkcə ona görə yaşayırsan ki,  can bədəndən çıxmasın?  Canı bədəndə daşıyan it də var. Təkcə öz canı üçün çalışanlar, ölüm gələndə onun qarşısında aciz qalırlar, axirət dünyasına da düşmən kimi baxırlar. Tənbəl adamlar  canını işdən  qurtarmaq üçün qaçır, hoppanır-düşür, tənbəllik azarı ilə işləmək istəmir, zəhmətlə əldə edilən can rahatlığının düşməninə çevrilir. Belə yerdə dirilik olmaz. Könlü şad olan adamın, ağlı da işıqlı olar. Əgər qəlbin ölüdürsə, yaşamağından nə məna? Əgər deyilən söz sənə təsir etmirsə, halal zəhmətlə qazana bilmirsənsə, onda niyə yaşayırsan?

Həm tənbəl, həm yalançı,

Hazıra nazir olar.

Abır həya gözləməz,

Göbəyi piy bağlayar.
Ömrü belə yaşayacaqsansa, özünü ölü say. Belə ömür sürən insanlara kəfən də haramdır.

1891-ci il.

 

Tərcümə etdi: Aida Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...