Modern.az

“Bu əhval-ruhiyyə ilə bütün torpaqları işğaldan azad edəcəyik” - Üç DEPUTAT

“Bu əhval-ruhiyyə ilə bütün torpaqları işğaldan azad edəcəyik” - Üç DEPUTAT

Parlament

7 Oktyabr 2020, 10:34

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini atəşə tutması nəticəsində onlarla mülki vətəndaş həlak olub, yaşayış binaları və digər obyektlərə ciddi ziyan dəyib.

Füzuli rayonunun deputatı Vüqar Bayramov Modern.az-a bildirib ki, Füzuli şəhəri azad olunduqdan sonra Horadizdə yerləşən və atəşə tutulan deputat ofisini ora köçürmək arzusundadır:

“Füzuli rayonu, o cümlədən Horadiz şəhəri və kəndlərimiz mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Onlar xüsusilə mülki vətəndaşları və əmlakı vururlar. Horadiz şəhərində yerləşən deputat ofisimiz də onların hədəfinə tuş gəlib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bizim arzumuz Füzuli şəhəri azad olunduqdan sonra ofisimizi şəhərin mərkəzinə daşımaq və seçicilərimizlə orada görüşməkdir. Əməkdaşlarımız hər zaman vətəndaşlarımızın yanındadır. Rayonumuzun atəşə tutulması hələ də davam edir”.

Deputat deyib ki, Cəbrayıl şəhəri və bu rayonun kəndlərinin geri alınması üçün ilk addımlar məhz Füzulidən başlayıb:

“Bu istiqamətdə ordumuz böyük uğurlar əldə edib. Hazırda onlar digər istiqamətə, Füzuli şəhərinə doğru irəliləyir. Ümid edirəm ki, yaxın zamanda bu haqda xoş xəbərlər ictimaiyyətə təqdim olunar. Şiddətli döyüşlər gedir, amma döyüş şəraiti Azərbaycan ordusunun lehinədir. İnsanlar arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir, panika yoxdur. Xüsusilə gənclərimiz əllərində bayraqlarla yolların kənarında durub, ordumuza və Ali Baş Komandana öz dəstəklərini nümayiş etdirirlər”.

Bərdənin deputatı Fatma Yıldırım isə qeyd edib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz düşmən işğalından azad edilib, həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır:

“Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır” çağırışı hər bir azərbaycanlının ürəyinin səsidir. 30 ilə yaxın yurd-yuvasından didərgin düşmüş yurddaşlarımızın ümid mənbəyidir. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa ünvanlanmış qələbə, Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırışıdır. Azərbaycan xalqı prezidentimizin bu çağırışına səs verdi, hər şey vətən üçün şüarı altında birləşdi.

Əminəm ki, bu haqq işində uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu gün Silahlı Qüvvələrimiz və hərbi heyətin ruh yüksəkliyi bütün dünyaya ordumuzun gücünü göstərməkdədir. Elə bu səbəbdəndir ki, ordumuz düşməni getdikcə daha çox qorxuya salaraq, tam demoralizə edir. Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərin tamamilə azad olunacağı gün uzaqda deyil. Beynəlxalq arenada qətiyyətli mövqe nümayiş etdirərək, bütün əsassız təzyiqlərə sinə gərən Azərbaycan xalqının liderinin çıxışları hər bir azərbaycanlının ürəyində qələbəyə olan inamı günü gündən artırır”.

Deputat vurğulayıb ki, Azərbaycan Ordusu qarşısında aciz qalan işğalçı Ermənistan xaincəsinə mülki əhalimizi, mülki infrastruktur obyektlərimizi atəşə tutur:

“Düşmən cəbhə xəttindən çox-çox uzaqda yerləşən şəhərlərimizi, Gəncə, Mincəçevir, Ağcabədi, Bərdəni hədəfə alır. Mülki şəxslərimiz arasında həlak olanların sayı gündən-günə artmaqdadır. Bütün bunlar onu göstərir ki, terrorçu ermənilər çirkin əməllərindən əl çəkmirlər. Qarabağda ağır itkilər verən və məğlub olan düşmən, bununla, insanlarımız arasında qorxu və təşviş yaratmaq istəyir. İşğalçılar amansızca təmsil etdiyim Bərdə şəhərində mərkəzi küçələri, yaşayış məntəqələrini, eləcə də ətraf kəndləri ardıcıl olaraq atəşə tuturlar. Mülki əhali arasında 1 vətəndaşımız 1960-cı il təvəllüdlü Mehdiyeva Şəhriyar İsa qızı həlak olub, 2 nəfər isə ağır yaralıdır. Çox sayda yaşayış evləri və mülki obyektlər darmadağın olub. İşğalçı, terrorist erməni birləşmələrinin günahsız mülki insanlara yönəlmiş bu təcavüzünü şiddətlə qınayıram”.

Fatma Yıldırım məsələnin beynəlxalq ictimaiyyətdə işıqlandırılmasına da diqqət çəkərək, beynəlxalq ictimaiyyətə sual ünvanlayıb:

“Niyə müvafiq beynəlxalq təşkilatlar ermənilərin son günlərdə həyata keçirdiyi bu amansız cinayətlərə hər zamankı kimi göz yumur, onları terrorçu adlandırmaqdan çəkinir, onlara dur demirlər?! Savaş döyüş meydanında getməlidir, silahsız insanları öldürmək hərbi cinayətdir və beynəlxalq hüquqa ziddir.

Əgər terrorçu ermənilər vətəndaşlarımızı, o cümlədən, Bərdə camaatını qorxutmaq istəyirlərsə, buna heç vaxt nail olmayacaqlar. İnsanlar öz evlərindədir, dövlətimizə, Ali Baş Komandanımıza, Ordumuza güvənirlər. Biz döyüş meydanında qalib gələcəyik. Bizim Ordumuzun mülki insanlarla işi yoxdur. Erməni əsgəri ilə bizim fərqimiz elə bundadır.

Bir məqama da toxunmaq istəyirəm. Bildiyimiz kimi, Prezident cənab İlham Əliyev işğaldan azad olunan Madagizin adının dəyişdirilib Suqovuşan adlandırılmasını elan etdi. Bununla da həmin kəndin tarixi adı özünə qaytarıldı. Bu çox qürurverici və sevindirici haldır. Dağlıq Qarabağda hələ Sovet dövründən etibarən tarixi adların dəyişdirilməsinə cəhdlər göstərilirdi. Bizim öz dədə baba torpaqlarımızda qucaq açdığımız, çörəyimizi böldüyümüz bu faşist təfəkkürlü ermənilərin gələcək planlarını hələ o vaxtdan bəlli edirdi. Torpaqlarımızı işğal etdikdən sonra, ordakı qondarma xunta rejimi həyasızcasına bütün kəndlərimizin tarixi adlarını dəyişdiriblər. Toponimlərin dəyişdirilməsi ilə onlar bizim torpaqlarımızda dərin köklərimizin izlərini silmək istəyirlər. Belə bir halda hələ də ATƏT-in Minsk qrupu həmsədrləri məgər illərdir davam edən bu prosesi görmürlər?! Niyə vaxtında bizim beynəlxalq hüquqla tanınan ərazilərimizdə belə halların baş verməsinə icazə veriblər?! Açıq-aşkar yenə də tərəfli münasibət sərgiləyirlər. Hesab edirəm ki, ermənilər tərəfindən xalqımıza qarşı törədilən bu mənəvi soyqırımla bağlı da beynəlxalq ictimaiyyət məlumatlandırılmalıdır. Cənab prezident verdiyi bu qərarla sübut etdi ki, bizim torpaqlarımız öz tarixi adlarına mütləq qovuşacaqdır”.

Kəlbəcərin deputatı Aqil Məmmədov ordumuzun uğurlu əməliyyatlara davam etdiyini diqqətə çatdırıb:

“Artıq onuncu gündür ki, ordumuz uğurlu əməliyyatlar keçirir. Bu müddət ərzində demək olar ki, hər gün xoş xəbərlər almışıq. Bir çox yaşayış məntəqələri; Cəbrayıl şəhəri, Füzuli rayonun bir neçə kəndi, Tərtər rayonun bir kəndi və hərbi əhəmiyyətə malik olan yüksəkliklər işğaldan azad edilib. Azərbaycan ordusu on gündür ki, yeni bir tarix yazır və yazmaya da davam edəcək. Lakin bu uğurlarımız qarşı tərəfi narahat edir və onlar həmişəki kimi, insani keyfiyyətlərə uyğun olmayan cəhdlərə əsaslanaraq cəbhə boyu yaşayış məntəqələrini vururlar. Bununla kifayətlənməyib, dünya ictimaiyyətini çaşdırmaq məqsədi ilə dezinformasiyalar yaymağa davam edirlər. Azərbaycan ordusunun bu qələbəsi bir çox beynəlxalq qurumları və dünya dövlətlərini də narahat edir. Onlar bizi atəşkəsə, müharibəni dayandırmağa səsləyir. Mən də, bütün Azərbaycan xalqı da bunu qəbul etmir, Ali Baş Komandanın əks-hücum əmrini alqışlayırıq. Çünki biz haqq yolundayıq və başqa bir dövlətin torpaqlarına göz dikməmişik”. 

Deputat, erməni təxribatlarının xalqımızı sarsıtmadığını, əhali arasındakı əhval-ruhiyyənin çox yüksək olduğunu vurğulayıb:

“Həmrəyliyimizin yüksək səviyyədə olması bizdə, bütün torpaqlarımıın azad olunacağına bağlı böyük inam yaradır. Mən ayın 3-ü, 4-ü arası Göygöl, Goranboy istiqamətinə, eyni zamanda Tərtər şəhərinə getdim və orada yaşayan əhali ilə görüşdüm. Onlarda yüksək əhval-ruhiyyə müşahidə etdim. Düşmən tərəfin yaşayış məntəqələrini atəşə tutmasına baxmayaraq, insanlarımızda ruh düşkünlüyü yoxdur. Görüş keçirdiyimiz zaman onlar heç qorxmadıqlarını vurğuladılar və dedilər ki, biz Ali Baş Komandanımızın, ordumuzun yanındayıq. Bundan sonra, əsgərlərimizlə də görüş keçirildi və orada, ordumuza maddi-mənəvi dəstək vermək istəyən xalqımıza şahid oldum. Əgər əsgərlərimizə baş çəkən insanlarımızın sayını bilsəydi, xalqımız çox qürurlanardı. Ümid edirəm ki, elə bu əhval-ruhiyyə ilə biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.


A.Məmmədov Azərbaycana beynəlxalq dəstəyin edilməməsinə də toxunub:

“Otuz ildir davam edən erməni işğalına göz yumanlar, bizim qələbəmizi qəbul edə bilmirlər.  ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidentinin yaydığı bəyanat qəbuledilməzdir. Fransanın üzvlükdən çıxarılması, Türkiyə Respublikasının orda təmsil olunması daha məqsədə uyğundur”.

Fidan Əli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı