Albaniya Dövlət Kəşfiyyat Xidmətinin (SHISH) direktoru Vlora Hıseni ölkəsində aparılan araşdırma çərçivəsində ev dustaqlığına göndərilib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, qərar Hıseni Bakıda keçirilən beynəlxalq kəşfiyyat rəhbərləri konfransında iştirak etdiyi zaman verilib.
Albaniya Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa Qarşı Xüsusi Prokurorluğunun (SPAK) məlumatına görə, məhkəmə Hıseninin dövlət vəzifələrinin icrasından kənarlaşdırılması və ev dustaqlığına alınması barədə qərar qəbul edib. Qərar dövlət tenderləri ilə bağlı genişmiqyaslı araşdırma çərçivəsində verilib. Prokurorluq Hısenini cinayət törətmiş şəxsə yardım göstərməkdə və dövlət sirrinin yayılmasında şübhəli bilir.
Lakin qərarın dərhal icrası mümkün olmayıb. Belə ki, istintaq orqanlarının onun mənzilində axtarış apardığı vaxt Hıseni Azərbaycanda – kəşfiyyat və xüsusi xidmət orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransda olub.
Albaniyanın Baş naziri Edi Rama Nyu-Yorkdan verdiyi açıqlamada Hıseninin vəzifədən dərhal azad edildiyini bildirib. Rama qeyd edib ki, Hıseninin yerinə yeni rəhbərin təyin olunması ilə bağlı Prezident Bayram Beqayla məsləhətləşmələr aparacaq. Baş nazir eyni zamanda Hıseninin təqsirli və ya təqsirsiz olmasına məhkəmənin müstəqil şəkildə qərar verməli olduğunu vurğulayıb.
Albaniya Demokratik Partiyasının lideri Sali Berişa isə Hısenini kəşfiyyat məlumatlarını kriminal şəxslərə ötürməkdə ittiham edib. O, həmçinin Hıseninin 2021-ci ildə Kosovo Kəşfiyyat Agentliyindən (KIA) uzaqlaşdırıldığını iddia edib. Lakin Berişanın səsləndirdiyi bu siyasi iddialar prokurorluq tərəfindən təsdiqlənməyib. Vlora Hıseni 2023-cü ilin aprelindən Albaniya Dövlət Kəşfiyyat Xidmətinə rəhbərlik edib. Bundan əvvəl o, Kosovo Kəşfiyyat Agentliyinin direktor müavini vəzifəsində çalışıb, daha sonra Edi Ramanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri olub. 2025-ci ildə Hıseni NATO-nun Mülki Kəşfiyyat Komitəsinə də rəhbərlik edib.
Qeyd edək ki, Albaniya hakimiyyəti araşdırma çərçivəsində adı keçən şəxslərin məhkəmənin yekun qərarı qüvvəyə minənədək təqsirsiz hesab olunduğunu vurğulayıb.