Modern.az

“Report”un cəbhə müxbiri: “Əsas arzum Şuşa və Laçından reportaj hazırlamaqdır” - MÜSAHİBƏ

“Report”un cəbhə müxbiri: “Əsas arzum Şuşa və Laçından reportaj hazırlamaqdır” - MÜSAHİBƏ

21 Oktyabr 2020, 12:15

Cəbhə jurnalistləri də səngər adamları hesab olunur. Onlar həyatlarını təhlükəyə ataraq, cəbhədən bizə informasiyalar çatdırırlar. Hazırda cəbhə bölgəsində çalışan jurnalistlərdən biri də “Report” İnformasiya Agentliyinin əməkdaşı İsmayıl Nəsiblidir.

İsmayıl Nəsibli Modern.az-ın müxbirinə savaş təəssüratlarını danışıb.


- İsmayıl bəy, hazırda cəbhədə vəziyyət necədir?

- Cəbhədə gərginlik davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri dinc sakinləri hədəf alaraq, atəş açırlar. Bir neçə gündür humanitar atəşkəs olmasına baxmayaraq, düşmən tərəfindən kəndlərimiz atəşə tutulur. Tərtər rayonu ərazisində olan Pambıq zavodu top mərmisi ilə partladıldı və yanğın oldu. Həmin vaxt biz çalışdıq ki, ərazidə yaxından çəkiliş aparaq. Lakin düşmən tərəfindən atılan mərmi bizim yaxınlığımıza düşdü - təxminən 50 metr məsafəyə. Xoşbəxtlikdən qəlpələr bizi tutmadı. Biz həmin ərazidə çəkiliş etdik və uzaqlaşdıq, çünki dayanmadan atəş açırdılar.

- Cəbhə bölgəsinə öz istəyinizlə getmisiniz?


- Biz “Report”un əməkdaşları olaraq sentyabrın 28-dən Tərtər rayonundayıq, əvvəl Naftalan- Goranboy istiqamətinə ezam olunmuşduq. Ayın 27-də mən rəhbərliyə müraciət etdim, cəbhə bölgəsinə ezam olunmaq istədiyimi bildirdim. Rəhbərlik də mənim istəyimi reallaşdırdı. Hadisələrin baş verdiyi yerlərdə oluruq, dağılmış evlərdə çəkiliş aparırıq, vətəndaşlarla ünsiyyətdə oluruq.

Müharibənin ilk günlərində Azərbaycan ordusu düşmən səddini yardı və döyüşlər atıq dərinliklərdə davam edir.

Azərbaycan ordusu Qarabağın içərilərionə doğru ilərilədikcə, arxada atəş səsləri azalır. Amma buna baxmayaraq, düşmən uzaq məsafələrdən yenə də Tərtər və Ağdam rayonu ərazisini atəşə tutur. Düşmən dərinliyə çəkildikcə top səsləri azalır.


- Cəbhə bölgəsinin əhalisində əhval-ruhiyyə necədir?

- Əsgərlər və əhali arasında əhval-ruhiyyə çox yaxşıdır. Əhali əsgərlərə çox gözəl ruh yüksəkliyi verir. Yoldan keçən hərbi maşınlara su, yemək verirlər. Bu mənzərəyə baxanda bir daha əmin oluruq ki, vətəndaşlarımız hər zaman ordumuzun yanındadır.


- Cəbhədə xarici media nümayəndələri də var, onlarla əlaqəniz necədir?


- Burada Türkiyə, Ukrayna media nümayəndələri, “Əl-cəzirə”nin əməkdaşları var. Daha çox isə Türkiyə mediasından jurnalistlər gözə dəyir. Onların işini yüksək qiymətləndiririk, ermənilərin Azərbaycana qarşı törətdiyi terroru dünyaya çatdırırlar.
Gəncədə baş verən terror hadisəsində də Türkiyə mediası daha aktiv idi. Türkiyə jurnalistləri  Gəncə hadisələrini dünyaya çatdıra bildilər. A Haber , CNN türk, Haber Global, TRT, Anadolu, TV 100 və digər KİV-lərin əməkdaşları buradadır.
Xarici media nümayəndələri ilə əlaqəmiz çox yaxşıdır, həmçinin onların da bizimlə.
Əsas məqsədimiz odur ki, erməni vandallarının etdikləri bütün dünyaya çatdırılsın. Bütün dünya bilsin ki, onlar əlində silah olmayan mülki şəxslərə, uşaqlara qarşı terror əməlləri törədir.


- Azad edilmiş torpaqlarımızın hansında olmusunuz?


- Mənə hələ ki o torpaqlara getmək qismət olmadı. Mən Tərtər istiqamətində olduğum üçün gedə bilməmişəm. Sonra isə Gəncə terroru baş verdi... Yaxın günlərdə azad olunmuş torpaqlarımıza səfər olsa, getməyə çalışacam. Mən söz vermişəm ki, işğaldan azad olunmuş torpaqlarımızdan reportaj hazırlayacam. Əsas istəyim, arzum Şuşa, Laçın, Xankəndindən reportajlar hazırlamaqdır. Həmin günə çox az qalıb. İnanırıq ki, ordumuz bizə bu sevinci yaşadacaq. 


Mehri QURBAN

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi