“Ermənilərin cəbhə bölgəsindəki əsgərləri artıq bilirlər ki, gərgin mövqe döyüşləri gedir. Ona görə də yaşlı adamlarıl atəş qarşısına çıxarmalı deyillər”.
Bu sözləri Modern.az-a açıqlamasında Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun üzvü Əvəz Həsənov ermənilərin Hadrutda iki yaşlı ermənini atəş bölgəsinə atıb getməsilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ermənilər tam əmin idilər ki, Azərbaycan ordusu Hadrut ərazisini işğaldan azad edəcək:
"Yaşlıları oradan göndərməli idilər. Amma ərazini özləri hamıdan tez tərk etmişdilər. Hərbçilərin yaşlıları döyüş bölgəsində qoyub getməsi insanlıqdan kənardır. Yaşlılar Ermənistana təhvil veriləcək. Azərbaycan hökuməti bu barədə öz mövqeyini bildirdi. Beynəlxalq Qırmızı Xaç komitəsinə Azərbaycan hökuməti öz təklifini verib".
Ə.Həsənov qeyd edib ki, hazırda müharibə gedir və Ermənistan hökumətinin başı qarışıqdır:
“Onların hansısa yaşlı bir qocanın Azərbaycandan Ermənistana verilməsi haqqında təsəvvürü belə yoxdur.
Bizim hökumətimiz humanist addım atır, o insanları burada müalicə edir. Cənab Prezidentimizin də dediyi kimi, Dağlıq Qarabağ erməniləri bizim vətəndaşlarımız sayıla bilər. Biz dünyaya öz humanistliyimizi əməllərimizlə göstəririk. Bu, bizi narahat etməməlidir, əksinə, iki nəfər yaşlı erməni qadına humanistliyimizi göstərməyimiz bizim millətimizin böyüklüyüdür. Millət olaraq baş ucalığımızdır. Azərbaycan bu humanist addımla beynəlxalq səviyyədə ölkənin imicinə xeyir vermiş olur".
Mehri QURBAN